Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Hazırda oxunan: Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

640545

Azərbaycan Dövlət Kukla Teatrında menecer və layihə rəhbəri vəzifəsində çalışan Aynurə Əkbərova iş yerində üzləşdiyi problemlərlə bağlı Bizim.Media-ya müraciət edib.

Şikayətçi çalışdığı teatrda psixoloji təzyiqlərə, şər-böhtan, qarayaxma kampaniyasına məruz qaldığını və hüquqlarının pozulduğunu iddia edir. O bildirir ki, məqsəd onun işdən ayrılmasına nail olmaq və teatrda olduğunu iddia etdiyi korrupsiya halları ilə bağlı aidiyyəti qurumlara müraciətlərini davam etdirməsinin qarşısını almaqdır.

“Bu sənə ağır başa gələcək...”

A.Əkbərovanın iddiasına görə aprelin 23-dən etibarən işləməsi üçün ona otaq ayrılmır, əvvəl istifadə etdiyi otaqda isə bu ilin iyulunda xidməti müqavilə ilə yenidən işə götürülən Səidə Haqverdiyeva yerləşdirilib. Bu səbəbdən teatrın foyesində, dəhlizdə işləmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, dəfələrlə rəhbərliyə müraciət etsə də, məsələ həllini tapmayıb.

Aynurə Əkbərova bildirib ki, 11 ildir Azərbaycan Dövlət Kukla Teatrında çalışır. Əvvəl baş inzibatçı vəzifəsində işləyib, hazırda isə layihə rəhbəridir. İddiasına görə ötən ilin oktyabrında teatrın direktoru Rəşad Əhmədzadə ondan işdən çıxması üçün ərizə yazmasını istəyib. Həmin vaxt şəxsi problemlərinin olduğunu deyən A.Əkbərova işdən ayrılmaqdan imtina edib.
 

Daha sonra əməliyyat keçirdiyini və müəyyən müddətdən sonra işə qayıtdığını bildirən A.Əkbərova qeyd edib ki, həmin vaxt direktorun həyat yoldaşı Səidə Haqverdiyevanın rejissorluq diplomunun olmadığı ilə bağlı məsələyə görə işdən azad edildiyini öyrənib.


Onun sözlərinə görə, işə qayıtdıqdan sonra Səidə Haqverdiyeva ona “mən işdən çıxdım, sən isə işə qayıtdın, bu sənə ağır başa gələcək” deyib. A.Əkbərova isə onun işdən çıxarılmasının öz fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

“Biz əvvəllər Səidə xanım və direktorla ailəvi münasibətdə olmuşuq, bir-birimizin evinə gedib-gəlmişik. Bir ev kimi olmuşuq. Lakin sonradan şəxsi məsələlər böyüdülərək başqa istiqamətə yönəldildi. Məqsəd məni işdən getməyə məcbur etmək, teatrdakı korrupsiya faktlarını açmamağımdır. Halbuki bunlara dair sübutlarım var”, – deyə A.Əkbərova bildirib.

“Şikayətim şikayət etdiyim şəxsə yönləndirilir...”
 

Şikayətçi xanım teatrda çalışan Gülay Abdullayevanın da son aylar onun barəsində müxtəlif ittihamlar səsləndirdiyindən gileylənib:


“Gülay Abdullayeva sosial şəbəkələrdə videogörüntü paylaşaraq mənə qarşı qarayaxma kampaniyası aparır. Guya mən ona qarşı dələduzluq etmişəm.  Ümumiyyətlə Rəşad Əhmədzadə və onun ətrafındakı şəxslər də mənə qarşı əvvəlcədən hazırlanmış ssenari əsasında qarayaxma kampaniyasına başlayıblar. Bu məsələrlə bağlı da artıq məhkəməyə müraciət etmişəm”.

Teatrda baş verənlərlə bağlı Mədəniyyət Nazirliyinə və aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini deyən Aynurə Əkbərova 5 aydır ki, problemin həll olunmadığını deyir.

“Mədəniyyət Nazirliyindən müraciətimə yalnız bir dəfə yazılı cavab verilib və bildirilib ki, məsələ ilə bağlı teatr rəhbərliyinə məlumat verilib. Mənim şikayətim rəhbərliklə bağlıdırsa, həmin şikayətin yenidən şikayət etdiyim şəxsə yönləndirilməsi nə qədər doğrudur? Mənim işə ehtiyacım olmasaydı, bu şəraitdə işləməyə davam etməzdim. Ona görə də haqqımı sonadək tələb edəcəyəm və əlimdəki dəlilləri təqdim etməyə hazıram. Bütün məsələlər obyektiv araşdırılsın, əgər mən haqsızamsa, bu da ortaya qoyulsun, qarşı tərəf haqsızdırsa, qanun çərçivəsində məsuliyyətə cəlb olunsun”, – deyə A.Əkbərova bildirib.

“Cavabdehlik daşıyacaq...”

Məsələ ilə bağlı Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə əlaqə yaratmağa çalışsaq da, direktor suallarımızı cavablandırmayıb.

Teatrın mətbuat katibi Həmidə Rüstəmova Bizim.Media-ya açıqlamasında Aynurə Əkbərovanın iddialarına belə cavab verib:

“Aynurə Əkbərova fevral ayına qədər Kukla Teatrında baş inzibatçı vəzifəsində işləyib. Qanunsuzluqlar aşkarlayırdısa, bu da birbaşa özü ilə bağlıdır. Qaldı ki, iddia etdiyi məsələyə, Azərbaycan Respublikası ərazisindəki konsert, teatr  və bəzi muzey təşkilatlarına bilet satışı “azticket.az” vasitəsilə həyata keçirilir. Aynurə Əkbərovanın iddia etdiyi məsələ təkcə Kukla Teatrına yox,  böyük bir satış sisteminə olan iftiradır. Ümid edirəm ki, Aynurə Əkbərova iddia etdiyi məsələlərdə qanunauyğun şəkildə cavabdehlik daşıyacaq. Digər bir məqam da var.
 

Aynurə Əkbərovanın şəxsi məsələləri, bank olmayan kredit təşkilatlarına, mağazalar şəbəkəsinə, eləcə də müxtəlif şəxslərə borc  iddiaları ilə bağlı Azərbaycan Dövlət Kukla Teatrına və Mədəniyyət Nazirliyinə çoxsaylı şikayət məktubları, müraciətlər daxil olub. Aynurə Əkbərova ilə dəfələrlə söhbətlər aparılıb.


“Mənim şəxsi işimdir” deyib. Təbii ki, onun şəxsi məsələləri iş fəaliyyətinə də mane olub. 2026-cı il aprelin 21-nə qədər direktor müavini üçün ayrılmış otaqda oturub və o tarixdə də direktor müavini təyin olunub.

Direktor müavini kimi Aynurə Əkbərovaya Strategiya və Komunikasiya Şöbəsinin əməkdaşı kimi şöbə üçün ayrılmış otaqda əyləşməsi təklif olunsa da, xanım xüsusi otaq iddiasında olub.

Teatrda otaq sayının məhdud olunduğu ona dəfələlərlə izah olunub və çox təssüf ki, Aynurə xanım bundan da nəticə çıxarmayıb. Fevral ayından xanım bizdə layihələr üzrə menecer olduğundan bu günə qədər yalnız bir ödənişsiz layihəni icra edib. Bu da artıq onunla bağlı iş fəliyyətinin mənzərəsini yaratmış olur”.
 

Həmidə Rüstəmova onu da qeyd edib ki, 2022-ci ildə noyabrından 2024-cü ilə qədər Kukla Teatrında müxtəlif qurumlar tərəfindən yoxlamalar aparılıb və hər hansı qanun pozuntusu aşkar edilməyib:


“Təssüflər olsun ki, Kukla Teatrının əməkdaşı şəxsi problemlərini həll etmək əvəzinə belə açıq iddialarla çıxış edir. İnanıram ki, onunla bağlı digər məhkəmə və araşdırma proseslərində olduğu kimi bu prosesdə də dözüm göstərəcək və sona qədər iddialarını sübut edəcək”, - deyə teatr rəsmisi əlavə edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu göndərilib. Nazirlikdən saytımıza bildirilib ki, sözügedən məsələ araşdırılması üçün müvafiq şöbəyə yönləndirilib.

Mövzunu diqqətdə saxlayacağıq...


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin