Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Hazırda oxunan: Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

640170

2 oktyabr 1939-cu ildə sonradan İkinci Dünya müharibəsinin ən məşhur hücum təyyarələrindən birinə çevriləcək İl-2-nin prototipi ilk dəfə səmaya qalxıb.

Bizim.Media xəbər verir ki, BŞ-2 kimi tanınan prototipi məşhur sınaqçı pilot Vladimir Kokkinaki idarə edib.

Təyyarə Sergey İlyuşinin rəhbərlik etdiyi konstruktor bürosunda hazırlanmışdı.

İl-2-nin yaradılması ideyası hələ 1938-ci ildə ortaya çıxmışdı. İlyuşin SSRİ rəhbərliyinə güclü zirehlə qorunan və aşağı hündürlükdən düşmənin yerüstü qüvvələrinə zərbə endirə biləcək xüsusi hücum təyyarəsinin hazırlanmasını təklif etmişdi.

Təyyarənin ən mühüm xüsusiyyətlərindən biri zirehli konstruksiyası idi. Pilot, mühərrik, yanacaq sistemi və digər həyati əhəmiyyətli hissələr qorunurdu. Zireh sadəcə təyyarəyə əlavə edilən müdafiə vasitəsi deyildi, eyni zamanda konstruksiyanın bir hissəsini təşkil edirdi. İl-2 məhz bu xüsusiyyətinə görə “uçan tank” kimi məşhurlaşmışdı.
 

1941-ci ilin martında İl-2-nin seriyalı istehsalına başlanıb. Almaniyanın SSRİ-yə hücum etdiyi 22 iyun 1941-ci ilədək təxminən 249 İl-2 istehsal edilmişdi. Lakin həmin vaxt onların yalnız 70-ə yaxını hərbi hissələrdə xidmətdə idi.

 

İl-2 ilk döyüş tapşırığını Almaniyanın SSRİ-yə hücumundan cəmi beş gün sonra – 27 iyun 1941-ci ildə yerinə yetirib. Beş İl-2-dən ibarət qrup alman tankları və motoatıcı qüvvələrindən ibarət kolona hücum edib.

Müharibənin ilk ayları təyyarənin zəif tərəfini də üzə çıxarıb. Təkyerli İl-2-lər arxadan hücum edən alman qırıcıları qarşısında müdafiəsiz qalırdı. Buna görə təyyarə yenidən işlənib və pilotun arxasında atıcı üçün yer yaradılıb. Arxa atıcı 12,7 millimetrlik UBT pulemyotu ilə düşmən qırıcılarına qarşı müdafiəni gücləndirirdi.

İl-2 yerüstü hədəflərə qarşı ciddi silah arsenalına malik idi. Müxtəlif versiyalarında 23 millimetrlik toplar və pulemyotlar quraşdırılır, təyyarə raket və bombalar daşıyırdı. Bəzi variantlar isə 37 millimetrlik toplarla silahlandırılmışdı.

 

Onun əsas hədəfləri alman qoşunlarının avtomobil və hərbi texnika kolonları, artilleriya mövqeləri, aerodromları, canlı qüvvəsi və zirehli texnikası idi. Aşağı hündürlükdən hücum etmək imkanları İl-2-ni quru qoşunlarına hava dəstəyi verən əsas vasitələrdən birinə çevirmişdi.

 

1943-cü ildən İl-2-lər tanklara qarşı PTAB kumulyativ bombalarından da istifadə etməyə başlayıb. Kiçik ölçülü bu sursatlardan çoxlu sayda daşımaq mümkün idi və onlar zirehli texnikaya qarşı nəzərdə tutulmuşdu.

İl-2 ağır zədələrə davam gətirməsi ilə də məşhur idi. Döyüşlər zamanı ciddi zədə alan təyyarələrin öz aerodromlarına qayıtmasına dair çoxsaylı faktlar qeydə alınıb. Konstruksiyanın nisbətən sadə olması zədələnmiş maşınların bir hissəsini səhra aerodromlarında təmir edib yenidən döyüşə qaytarmağa imkan verirdi.

İl-2 istehsalına SSRİ rəhbərliyi xüsusi əhəmiyyət verirdi. 23 dekabr 1941-ci ildə İosif Stalin aviasiya zavodlarının rəhbərlərinə göndərdiyi sərt teleqramda bu təyyarələrin Qırmızı Orduya “hava və çörək kimi” lazım olduğunu bildirərək istehsalın artırılmasını tələb etmişdi.

Müharibə illərində 36 mindən çox İl-2 istehsal edildi. Bununla da İl-2 aviasiya tarixində ən çox istehsal olunan hərbi təyyarə modellərindən birinə çevrildi.

İl-2-nin sükanı arxasında məşhur pilotlar da döyüşüblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Vasili Andrianov, Mixail Odintsov və Talqat Begeldinov onların sırasında olub.

Təyyarənin döyüş tarixinin ən dramatik hadisələrindən biri 18 mart 1944-cü ildə Estoniya səmasında yaşanıb. Kiçik leytenant İsmayılbek Tarançiyevin idarə etdiyi İl-2 zenit atəşi nəticəsində vurularaq alova bürünüb. Tarançiyev yanan təyyarəni düşmənin mövqelərinə yönəldib. Ekipajın atıcısı Aleksey Tkaçov da onunla birlikdə həlak olub.

2015-ci ildə Qırğızıstanda İsmayılbek Tarançiyevin xatirəsinə poçt markası buraxılıb. Onun adı Qırğızıstandakı Kant aviabazasında yerləşən Su-25 hücum təyyarələrindən birinə də verilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin