Sakit okeanda başlayan təbii fenomen artıq sadəcə meteoroloqların maraq dairəsində deyil. Güclənən “El Nino2 qlobal temperaturu daha da yuxarı qaldıra, quraqlıq, sel, fırtına və kənd təsərrüfatı böhranlarını dərinləşdirə bilər.
2027-ci ilin yeni və ən təhlükəli temperatur rekordu ilə tarixə düşə bilər.
Artıq dünyanın iqlim saatı həyəcan siqnalı verir. Sakit okeanın ekvatorial hissəsində inkişaf edən “El Nino” hadisəsi güclənir və Ümumdünya Meteorologiya Təşkilatının son məlumatlarına görə, 2026-cı ilin avqust-oktyabr dövründə daha da intensivləşməsi gözlənilir. Təşkilat dünyanın böyük hissəsində normadan yüksək temperatur, bəzi regionlarda isə quraqlıq, digər ərazilərdə güclü yağıntı və daşqın riskinin artacağını bildirir. Bu, sadəcə daha isti bir yay və ya daha qəribə hava demək deyil. Çünki “El Nino” artıq istiləşən planetə əlavə istilik yükü gətirir. Hazırda “2027-ci il dünyanın indiyədək qeydə alınmış ən isti ili olacaqmı” sualı aktuallaşıb.
Elmi proqnozlar belə bir ssenarini kifayət qədər real göstərir. “El Nino” Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin qeyri-adi dərəcədə isinməsi ilə müşayiət olunan böyük miqyaslı iqlim hadisəsidir. Normal şəraitdə Sakit okeanda şərqdən qərbə əsən küləklər isti səth sularını Asiya istiqamətinə daşıyır. “El Nino” zamanı isə bu sistem zəifləyir. İsti su Sakit okeanın şərqinə doğru yayılır və okeanda toplanmış nəhəng istilik atmosferə ötürülməyə başlayır. Nəticədə dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejimləri dəyişir.
Yəni Sakit okeanda baş verən hadisə okeanın öz sərhədlərində qalmır. Onun təsiri Afrika, Asiya, Amerika, Avstraliya və Avropanın hava sistemlərində özünü göstərir.
2026-cı ilin əvvəlində “El Nino” hələ ehtimal kimi qiymətləndirilirdi.
Lakin proses sürətlə inkişaf etdi. Ümumdünya Meterologiya Təşkilatı (ÜMT)bu il iyunun 11-də tropik Sakit okeanda “El Nino” şəraitinin artıq formalaşdığını açıqladı. İyul ayında isə ÜMT daha ciddi siqnal verdi - əsas müşahidə zonalarında dəniz səthinin temperatur anomaliyasının 2°C-ni keçə biləcəyi proqnozlaşdırıldı.
Bu, adi bir iqlim dalğalanması kimi qəbul edilə bilməyəcək qədər ciddi göstəricidir. Burada əsas məqam “El Nino” ilə qlobal istiləşmənin bir-birindən fərqli proseslər olmasıdır. “El Nino” insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi deyil. Bu, təbii iqlim dövrünün bir hissəsidir.
Amma problem ondadır ki, “El Nino” artıq əvvəlki kimi “sərin” planetdə baş vermir. Atmosferdə istixana qazlarının konsentrasiyası yüksəkdir, okeanlar istiləşib, qlobal temperatur əvvəlki dövrlərlə müqayisədə xeyli yuxarıdır. Belə şəraitdə təbii istilik impulsunun üzərinə əlavə istilik gəlir. Bu səbəbdən “El Nino”nun qlobal temperatur üzərindəki təsiri xüsusilə təhlükəli ola bilər.
ÜMT-nin 2026-cı il proqnozuna əsasən, 2026–2030-cu illər arasında illik qlobal temperaturun sənayeqabağı dövrlə müqayisədə 1,3–1,9°C yüksək olması gözlənilir. Təşkilat 2024-cü ilin rekordunu 2026–2030-cu illər arasında ən azı bir ilin geridə qoyması ehtimalını 86 faiz civarında qiymətləndirir.
Deməli, məsələ artıq “qlobal istiləşmə olacaqmı” sualından çıxıb.
Hazırda “növbəti rekord nə vaxt gələcək və onun sosial-iqtisadi qiyməti nə olacaq” sualı aktualdır.
İqlim böhranını yalnız termometrlə ölçmək böyük səhv olardı. Əsl təhlükə temperaturun yaratdığı domino effektidir. Bir ölkədə quraqlıq yaranır. Başqa ölkədə daşqın baş verir. Üçüncü ölkədə məhsuldarlıq azalır. Dördüncü ölkədə su qıtlığı başlayır. Sonra ərzaq qiymətləri artır. Daha sonra enerji və logistika xərcləri yüksəlir. Nəticədə iqlim hadisəsi iqtisadi böhrana, iqtisadi böhran isə sosial və siyasi gərginliyə çevrilir.
“El Nino” məhz belə qlobal zəncirvari təsirlər yarada bilər. ÜMT güclü “El Nino” fonunda dünyanın müxtəlif bölgələrində normadan yüksək temperaturla yanaşı, bəzi ərazilərdə quraqlıq, digərlərində isə güclü yağıntı və daşqın riskinin artacağını bildirir. İqlim böhranının ən həssas sektorlarından biri kənd təsərrüfatıdır. Çünki əkinçinin nəzarət edə bilmədiyi üç əsas amil var - temperatur, su və hava şəraiti.
“El Nino” bunların üçünü də dəyişdirə bilər.
ÜMT artıq 2026-cı ilin iyununda xəbərdarlıq edib ki, güclənən “El Nino” quraqlıq və daşqın risklərini artıraraq kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə zərbə vura bilər. Təşkilatın proqnozlarına görə, xüsusilə Afrikanın cənubunda geniş ərazilərdə kənd təsərrüfatı quraqlığı riski yüksəkdir. Daha da narahatedici məqam budur ki, Dünya Ərzaq Proqramının məlumatlarında iqlim risklərinin 2027-ci ilə qədər milyonlarla ərzaq təhlükəsizliyi problemi yaşayan insanı təhdid edə biləcəyi vurğulanır.
Deməli, söhbət sadəcə "isti hava"dan getmir. Söhbət çörəyin qiymətindən, taxıl istehsalından, heyvandarlıqdan, su ehtiyatlarından və milyonlarla insanın dolanışığından gedir. Bu, iqlim sisteminin nə qədər mürəkkəb olduğunu göstərir. Bir regionda fermer su gözləyir, amma yağış gəlmir. Başqa regionda isə fermer yağışın dayanmasını gözləyir, amma sel əkin sahəsini aparır. Bu baxımdan “El Nino”nu “isti hava hadisəsi” adlandırmaq əslində onun təhlükəsini kiçiltməkdir. Bu, qlobal hava sistemində nəhəng yenidənqurma mexanizmidir.
Sakit okeanın minlərlə kilometr uzaqlığında baş verən hadisənin Azərbaycana nə aidiyyəti var?
Azərbaycan “El Nino”nun birbaşa episentrində deyil. Buna görə də “El Nino” Azərbaycanda mütləq belə hava yaradacaq” demək elmi baxımdan düzgün olmaz.
Amma qlobal atmosfer dövranında dəyişikliklər Azərbaycan da daxil olmaqla Cənubi Qafqazın hava rejiminə dolayı təsir göstərə bilər. Üstəlik, Azərbaycanın özünün də iqlim riskləri var. Su ehtiyatlarının məhdudluğu, kənd təsərrüfatının yağıntıdan asılılığı, temperaturun yüksəlməsi, quraqlıq və ekstremal hava hadisələri.
Ona görə də dünyada baş verən hər böyük iqlim hadisəsi Azərbaycan üçün də iqtisadi risk xəritəsinə çevrilməlidir. Əgər dünyanın əsas taxıl və ərzaq istehsalçılarının bir hissəsində məhsuldarlıq aşağı düşərsə, Azərbaycanda ərzaq qiymətlərinin qlobal bazardan asılılığı daha ciddi hiss oluna bilər. Yəni “El Nino” Bakıda temperaturu birbaşa bir neçə dərəcə dəyişdirməsə belə, market rəfində özünü göstərə bilər. ÜMT artıq hökumətləri hazırlığa çağırır. Elm artıq qarşıdakı təhlükəni görür. İndi məsələ siyasətçilərin, iqtisadçıların və dövlətlərin nə və necə edəcəyindədir.
Bizim.Media


































































































