Restoran və kafelərdə ofisianta kömək etmək niyə ayıb sayılır?

Hazırda oxunan: Restoran və kafelərdə ofisianta kömək etmək niyə ayıb sayılır?

632467

Kafedə və ya restoranda yemək yedikdən sonra bəzi müştərilər boşqabları, stəkanları masanın kənarına yaxınlaşdıraraq ofisiantın işini asanlaşdırmağa çalışırlar. Bəziləri bu davranışı hörmət və ya insanlıq əlaməti hesab edir, digərləri isə ayıb bilib müştərilərin işçilərin işinə müdaxilə etməməli olduğuna inanırlar.

Bəs nəzakətlə restoran etiket qaydalarının pozulması arasındakı sərhəd haradadır?

Ofisianta kömək etmək istəyi nəzakətsizlik deyil. Bununla belə, masanı təmizləməyin ofisiantın işinin bir hissəsi olduğunu və adətən qabları təmizləmək üçün xüsusi bir texnikaya sahib olduqlarını unutmamaq vacibdir.
 

Buna görə də, boşqabları bir-birinin üstünə yığmaq, aralarına bıçaq-qaşıq qoymaq və ya eyni anda bir neçə əşyanı çıxarmağa çalışmaq tövsiyə edilmir. Belə təşəbbüs xoşagəlməz nəticələrə səbəb ola bilər: qablar qırılar, yemək və ya içki qalıqları tökülə və müştəri xəsarət ala bilər. Yaxşılıq etmək yerinə ofisiantı da pis duruma sala bilərsiniz, nəticədə rəhbərlikdən danlaq eşidər.


Ofisianta qarşı diqqətli olmağın tamamilə məqbul olduğu hallar da var. Məsələn yeməyi süfrəyə gətirdikdə boşqabı bir az tərpədə, onlara yer ayıra və ya xüsusi olaraq xahiş etdikləri təqdirdə nəsə verə bilərsiniz.

Başqa bir nəzakətli seçim "Sizə kömək edə bilərəmmi?" deməklə kömək təklif etməkdir. Ofisiant "yox" deyirsə, sadəcə cavabını qəbul edin və kobud desək, yerinizdə dinc oturun.

İnsanlar niyə ofisiantlara kömək etmək istəyirlər?

Psixoloji cəhətdən bu cür davranış tez-tez empatiya ilə əlaqələndirilir. İnsanlar bu gənc oğlanların böyük ehtimalla dərsdən sonra, ailə büdcəsinə dəstək olmaq üçün çalışdığını bilir və bütün günü ayaq üstə olan cavanların işini bir az asanlaşdırmağa çalışırlar. Bu, diqqətliliyin və hörmət göstərmək istəyinin təbii ifadəsidir. Amma bu yardım onlara mane olacaqsa, optimal variant sadədir: işçilərə diqqət və hörmət göstərin, lakin onların iş sərhədlərini pozmayın. Vəziyyətdən asılı olaraq bir az kömək olduqca uyğundur, lakin masaları yığışdırmaq vəzifəsini öz üzərinizə götürmək tövsiyə edilmir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin