Ukrayna hökumətində ciddi kadr dəyişikliyi baş verib. Müdafiə naziri Mixail Fedorov vəzifəsindən istefa verdiyini rəsmən elan edib.
Bizim.Media xəbər verir ki, nazirin gedişinin əsas səbəbi Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə sistemli fikir ayrılıqları və koordinasiya problemləridir.
Prezident Volodimir Zelenski "müharibə şəraitində olan ölkədə Müdafiə Nazirliyi ilə Baş Qərargahın bir-biri ilə savaşmasını" qəbuledilməz olduğunu bildirib.
Mətbuat konfransında çıxış edən Fedorov düşmənə qarşı "asimmetrik və minimal itkilərlə" mübarizə aparmaq üçün həm Sırskinin, həm də Baş Qərargah rəisi Andrey Qnatovun dəyişdirilməsini təklif etdiyini etiraf edib. O, fəaliyyətinin bloklandığını və Sırskinin şəxsi intriqalara üstünlük verdiyini iddia edib.
O, Prezident Volodimir Zelenski ilə bağlı münasibətlərinə və hazırkı siyasi gərginliyə aydınlıq gətirib.
Yeddi ildir ki, Zelenski ilə birlikdə çalışdığını qeyd edən Fedorov prezidentin onu heç vaxt yarı yolda qoymadığını, özünün də komanda üzvü kimi ona sadiq qaldığını vurğulayıb: "Mən həmişə vicdanımla hərəkət etmişəm".
Fedorov hesab edir ki, prezident hələ də həlledici seçimini etməyib. Onun fikrincə, dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə bağlı hələlik son qərarını verməyib.
Siyasi proseslərin gedişatına toxunan nazir "Biz həmişə bütün səhv qərarları verdikdən sonra doğru olanı tapırıq" deyərək, prezidentin Ukrayna xalqının səsini eşitdiyinə əmin olduğunu bildirib.
Fedorov vurğulayıb ki, prezidentin ölkə üçün nə etməli olduğunu yaxşı bildiyinə şübhə etmir və gələcəkdə də dövlət üçün düzgün addımların atılacağına tam əmindir.
Mixail Fedorovun gedişi ölkədə geniş narazılıqla qarşılanıb. Kiyev və digər şəhərlərdə ona dəstək məqsədilə etiraz aksiyaları keçirilir. Hətta bəzi hərbçilər (məsələn, Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov) onun istefasının ölkənin müdafiə qabiliyyəti üçün "böyük zərər" olduğunu vurğulayaraq öz vəzifələrindən imtina ediblər.
Fedorovun növbəti addımları hələlik bəlli deyil. Zelenskinin ona müşavir vəzifəsini təklif etdiyi, lakin nazirin bu təklifdən imtina etdiyi bildirilir.
Mediada yayılan məlumatlara görə, Müdafiə Nazirliyinə rəhbərlik hazırkı daxili işlər naziri İqor Klimenkiyə tapşırıla bilər.
Mixail Fedorov altı ay davam edən fəaliyyəti dövründə "Starlink" sisteminin rusiyalılar üçün məhdudlaşdırılması, pilotsuz uçuş aparatlarının (PUA) istehsalının artırılması və Krımda "logistik blokada" proqramının tətbiqini öz uğuru kimi qeyd edib.
Bizim.Media
































































































