Nepalda "Dhurbe" ləqəbli vəhşi fil bir ailəni tam 14 il boyunca təqib edib. Qatil fil müxtəlif illərdə həmin ailənin 4 üzvünü qətlə yetirib.
Bizim.Media xəbər verir ki, qorxu filmlərini xatırladan bu qeyri-adi və dəhşətli hadisə barədə Nepalın nüfuzlu "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, yerli sakin Şaniçara Bote hələ 2012-ci ildə vəhşi filin hücumu nəticəsində həm atasını, həm də anasını itirib. Bu faciədən sonra o, qorxudan ev-eşiyini sataraq başqa bir kəndə köçüb. Lakin 14 il sonra həmin qatil fil onun yeni evini də taparaq hücum edib və kişinin 25 yaşlı gəlinini, həmçinin 4 yaşlı nəvəsini tapdalayaraq öldürüb.
Məyus olan ailə başçısı qəzetə müsahibəsində yaşadığı dəhşəti belə nəql edib:
"Biz əvvəllər Madi bölgəsində yaşayırdıq. Vəhşi fillərin qorxusundan hər şeyimizi satıb Caqatpura köçdük. Elə bilirdik ki, böyük çayları keçib gəlsək, təhlükəsizlikdə olarıq. Lakin illər sonra həmin fil bizi yenə tapdı, evimizə soxularaq gəlinimi və balaca nəvəmi öldürdü. Artıq qaçmağa yerimiz yoxdur".
Çitvan Milli Parkının rəsmi sənədlərinə əsasən, "Dhurbe" adlı fil ilk dəfə 2010-cu ildə yaşayış məntəqələrinə hücum etməyə və insanları öldürməyə başlayıb. O vaxtdan bəri heyvanın rəsmi qurbanlarının sayı azı 25 nəfərdir. Onların arasında brakonyerliyə qarşı mübarizə və parkın təhlükəsizliyini təmin etmək üçün əraziyə göndərilən 2 hərbçi də var.
İlk hücumlardan sonra heyvanın hərəkət trayektoriyasını izləmək üçün boynuna GPS ötürücüsü olan xüsusi xalta taxılsa da, bir neçə həftədən sonra cihaz xarab olub. 2012-ci ildə baş verən yeni ölümlərdən sonra hakimiyyət filin vurulması qərarını çıxarıb. Park əməkdaşları və hərbçilər fili iki dəfə atəşə tutaraq ağır yaralasalar da, o, cəngəlliyin dərinliklərinə qaçmağı bacarıb. Hər kəs onun aldığı güllə yaralarından öldüyünü düşünsə də, bir neçə il sonra "Dhurbe" sirli şəkildə Çitvanın qərb hissəsində yenidən peydə olub.
Kosmik izləmə və "Dhurbe"nin qisas taktikası
Heyvanı nəzarətdə saxlamaq üçün ona 2020 və 2023-cü illərdə daha iki dəfə peyk naviqasiyalı xaltalar taxılıb. Hazırda milli parkın reyncerləri və Nepal ordusunun əsgərlərindən ibarət birgə qrup koordinatlara əsasən fil kəndlərə yaxınlaşanda onu meşənin mərkəzinə doğru geri sıxışdırmaqla məşğuldur.
Yerli sakinlərin sözlərinə görə, filin hücumları əsasən payız və qış aylarında, məhsul yığımı zamanı pik həddə çatır. O, kəndlərə girərək yığılmış düyü torbalarını qarət edib yenidən meşəyə çəkilir. Park rəhbərliyi faciənin baş verdiyi gecə filin koordinatlarının məhz ana və uşağın öldürüldüyü nöqtədə dəqiqliklə qeydə alındığını təsdiqləyib.
Bizim.Media



























































































