Bakıda 67,5 kilometrlik mikromobillik zolağı salınıb. Hazırda mən də həmin zolaqlardan birinin üzərindəyəm. Əslində, olmamalıyam. Çünki bu zolaqlar velosiped və skuterlərin hərəkəti üçün nəzərdə tutulub. Amma gün ərzində burada kifayət qədər piyadaya rast gəlmək mümkündür.
Xüsusilə insanların sıx olduğu ərazilərdə piyadalar bəzən fərqinə varmadan, bəzən isə yolu qısaltmaq üçün bu zolaqlara daxil olurlar.
Nəticədə isə velosiped və skuter istifadəçiləri hərəkət zamanı maneə ilə qarşılaşır, qəfil dayanmalı və ya istiqamətini dəyişməli olurlar.
Çəkiliş zamanı da vəziyyət bir neçə dəfə təkrarlanır. Mikromobillik zolağı ilə hərəkət edən velosipedçinin qarşısına qəfil piyada çıxır. Belə olduqda velosipedçi saniyələr içində qərar verməli olur. Bu isə həm piyada, həm də sürücülər üçün təhlükəli vəziyyət yarada bilər.
Velosiped istifadəçiləri deyirlər ki, xüsusilə insanların sıx olduğu ərazilərdə bu halla daha çox qarşılaşırlar. Onların sözlərinə görə, piyadaların zolağa daxil olması hərəkəti çətinləşdirir.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Günay Şahmar, Tural Xəlil, Bizim.Media





























































































