44 günlük Vətən müharibəsinin başa çatmasından etibarən ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi təmizlənib və 260 min ədəddən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov lV Beynəlxalq Mina Fəaliyyəti Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qeyd olunan rəqəmlər yenidən istifadəyə verilmiş yolları, yenidən qurulmuş kəndləri, bərpa edilmiş elektrik xətlərini, istifadəyə qaytarılmış kənd təsərrüfatı sahələrini və insanların doğma torpaqlarına qayıtmasına yaradılmış imkanları ifadə edir:
"2020-ci ilin noyabr ayından etibarən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib. Bu müddət ərzində yaşayış infrastrukturu üçün xüsusi olaraq 103,000 hektardan çox ərazi təmizlənərək geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib.
Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib. Yaşayış məntəqəsi üçün təmizlənən hər hektar gələcəkdə bir evdir. Yol üçün təmizlənən hər hektar gələcək bir bağlantıdır. Humanitar minatəmizləmənin şəhərlərin bərpası kontekstində əsl mahiyyəti məhz budur".
ANAMA sədri vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərdə təmizlənmiş torpaqların müasir şəhərlərə, kəndlərə, yollara, məktəblərə, xəstəxanalara, hava limanlarına, enerji obyektlərinə və ictimai məkanlara çevrildiyini görürük:
"Ağdam, Füzuli, Laçın, Şuşa, Zəngilan, Kəlbəcər, Xocalı və digər ərazilərdə yeni yaşayış məntəqələrinin inkişafı sadəcə tikinti prosesi deyil. Bu, onilliklər boyu davam edən işğal və dağıntılardan sonra həyatın yenidən bərpa edilməsidir. Zəngilanda Ağalı “Ağıllı kənd”i, Ağdamda yeni yaşayış kompleksləri, Laçının yenidən qurulması, Füzulinin inkişafı, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu, daha geniş Zəngəzur dəhlizinin mühüm hissəsini təşkil edən Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd dəmir yolu xətti, enerji yarımstansiyaları, su infrastrukturu, məktəblər və tibb müəssisələri – bütün bunlar bir fundamental həqiqəti nümayiş etdirir: təhlükəsiz torpaq dayanıqlı qayıdışın və davamlı şəhər bərpasının təməlidir. ANAMA üçün bu, böyük məsuliyyət yaradır. Bizim vəzifəmiz yalnız əraziləri təmizləmək deyil, həm də minatəmizləmə fəaliyyətinin milli yenidənqurma prioritetləri, Böyük Qayıdış prosesi və doğma yurdlarına qayıdan insanların gündəlik ehtiyacları ilə uzlaşdırılmasını təmin etməkdir".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:46 / 02.09.2026
298 min hektardan çox ərazi minalardan təmizlənib
Hazırda oxunan: 298 min hektardan çox ərazi minalardan təmizlənib
Hazırda oxunan: 298 min hektardan çox ərazi minalardan təmizlənib
634348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































