Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Hazırda oxunan: Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

624247

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Musayev Orxan Elxan oğlunun qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1.92 ha torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
 

Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.


Toplanmış sübutlar əsasında Orxan Musayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin