Muzey Mərkəzində “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisinin açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı, bp şirkəti və tərəfdaşlarının dəstəyi, “Greentech Solutions” MMC-nin layihəsi əsasında təşkil olunan sərgi ölkənin zəngin təsviri sənət irsini yenilənmiş sərgi məkanında ictimaiyyətə təqdim edir.
Tədbirdə bp şirkətinin kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı layihə haqqında məlumat verərək bildirib ki, yenilənmə işlərinin əsas məqsədi Azərbaycan təsviri sənətinin zəngin irsini müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya təqdim etmək və ziyarətçilər üçün interaktiv muzey təcrübəsi yaratmaqdır.
Açılış mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, Muzey Mərkəzinin direktor vəzifəsini icra edən Reala İsa-zadə, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və “Greentech Solutions” şirkətinin direktoru, layihənin rəhbəri Mikayıl Zeynalov çıxış ediblər.
Çıxışlarda “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisinin milli incəsənət irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Qeyd olunub ki, yenilənmiş sərgi məkanı Azərbaycanın təsviri sənət tarixinin müxtəlif dövrlərini əhatə edən qiymətli rəngkarlıq və heykəltəraşlıq nümunələrinin müasir ekspozisiya prinsiplərinə uyğun təqdim edilməsinə imkan yaradır.
Rəsmi hissədən sonra qonaqlar Muzey Mərkəzində yerləşən yenilənmiş sərgi məkanına baxış keçiriblər. Onlar burada müasir ekspozisiya prinsipləri əsasında təqdim olunan rəngkarlıq və heykəltəraşlıq nümunələri, eləcə də sərgi zallarında yaradılmış yeni texniki və vizual imkanlarla tanış olublar.
Layihə çərçivəsində Muzey Mərkəzindəki beş zalı əhatə edən 385 kvadratmetrlik sərgi zalı modernləşdirilib, beynəlxalq standartlara cavab verən işıqlandırma, iqlimə nəzarət və təhlükəsizlik sistemləri quraşdırılıb. Ekspozisiya üçün 150-dən çox peşəkar çərçivə, 10 pyedestal və digər xüsusi sərgi avadanlıqları təmin olunub, həmçinin proyeksiya və səs sistemləri, media-server və multimedia imkanları yaradılıb.
Yenilənmiş sərgi məkanı əvvəllər daimi ekspozisiyada nümayiş etdirilməyən ən azı 150 sənət əsərinin təqdimatına imkan verir. Burada Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 mindən artıq əsərdən ibarət kolleksiyasından seçilmiş nümunələr, o cümlədən Xalq rəssamları Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov və Ömər Eldarov kimi görkəmli sənətkarların əsərləri nümayiş olunur.
Qeyd edək ki, “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi sentyabrın 15-dək davam edəcək.






















Bizim.Media

































































































