Özü Talış dağlarının zirvəsində ətəyi isə Xəzərin qucağında olan Azərbaycanın ən gözəl rayonlarından biri – Lerik təkcə gözəl təbiəti ilə deyil, tarixi əhəmiyyətli məkanları, qədim qalaları ilə də diqqət çəkir.
Bir vaxtlar Zuvand kimi tanınan bu diyar 1938-ci ildən Lerik adlandırılıb.
“Zuvand” toponimi haqqında fərqli fikirlər mövcuddur. Bəzi müəlliflər bu adı talış, bəziləri fars, bəzilləri də türk mənşəli hesab edirlər. Farsca “zuxvand” sözü fonetik dəyişikliyə məruz qalaraq zuvand şəklinə düşüb. “Zu”-güc, qüvvət, “xvand”- sahib, yer deməkdir. Talış dilində isə zuva-oğul, an, and- məkan mənasını verən şəkilçilərdir.
Bəzi mənbələrdə qeyd olunur ki, Zuvand toponimi etnonimdən yaranıb: yəni tayfa adıdır. Zuvandlar eramızın ilk əsrlərində Mərkəzi və Şərqi Asiyadan gələn türk tayfalarından biridir. Zu qədim türk dilində “müdrik” mənasındadır, an (-and) isə cəm bildirən komponentdir.
"Lerik" toponiminə gəlincə isə, bu barədə də müxtəlif rəylər və mülahizələr mövcud olsa da, əsasən bir versiyada dayanılır: "Lerik" indi də yerli əhalinin dilində işlənən "Lik" toponiminin təhrif edilmiş formasıdır. "Lik" (lığ, lıqqa, lıxka) palçıq deməkdir. Yəni, Lerikdə yağıntının miqdarı çox olduğundan, ərazi, onun yolları ilin əksər aylarında palçıqlı olur.
Yer kürəsindəki 11 iqlim tipindən 8-nin məhz Lerikdə olduğu müəyyən edilib.
Buranın yayı quru, nisbətən sərin olur, iyulda temperatur 20 dərəcədən yuxarı qalxmır, qışı mülayim-isti, payızı və yazı yağmurludur.
Lerikdəki Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparıb. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.
Etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midyalılardır”. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir.
Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olub, öz əsərlərində bu kəndin gözəlliklərini vəsf edərək əhalisinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş bəhs edib.
Şəfiqə Şəfa, Bizim.Media





































































































