Rəqəmsal texnologiyaların sürətlə inkişafı həyatımızı asanlaşdırdığı qədər, yeni təhlükələri də özü ilə gətirir. Son dövrlərdə kiberdələduzluq sayı nəinki artıb, həm də mərhələ adlayıb. Artıq dələduzlar süni intellektin imkanlarından istifadə edərək insanların səsini təqlid edir, yazışma üslubunu kopyalayır, hətta yaxın qohum və ya dost kimi davranaraq qurbanlardan pul və şəxsi məlumat əldə etməyə çalışırlar.
Belə bir vəziyyətdə kiberdələduzlardan cibimizi və şəxsi məlumatlarımızı necə qoruyaq? Hansı məqamlara diqqət etməliyik?
MÖVZU İLƏ BAĞLI:
5 ölkənin kəşfiyyatı xəbərdarlıq etdi: Süni intellektdən güclü kiberhücum gəlir
Məsələ ilə bağlı mütəxəssis fikirlərini öyrəndik. İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya bildirib ki, süni intellekt dəstəkli "deepfake" və səs təqlidi texnologiyalarından istifadə edən kiberdələduzlardan qorunmağın ilk şərti stress və təlaş anında rasional davranmaq, qarşı tərəfin yaratdığı "təcili pul köçürmə" təzyiqinə tabe olmamaqdır:
“Yaxınlarınızın adından qeyri-adi maliyyə xahişləri və ya böhran ssenariləri ilə zəng yaxud mesaj gəldikdə, səsə və ya yazı üslubuna kor-koranə inanmamalı, dərhal alternativ kanallarla, məsələn, adi mobil zənglə şəxsin özü ilə əlaqə saxlayaraq vəziyyəti dəqiqləşdirməlisiniz.
Eyni zamanda, bu növ qabaqcıl manipulyasiyaların qarşısını tamamilə kəsmək üçün ailə üzvləri və tərəfdaşlar arasında yalnız sizin biləcəyiniz gizli bir "təhlükəsizlik parolu" (ailə şifrəsi) təyin etmək ən effektiv praktik üsuldur”.
Texniki təhlükəsizlik müstəvisində isə E.Abbasov diqqətə çatdırıb ki, sosial media platformalarında və messencerlərdə iki-faktorlu kimlik doğrulamasını (2FA) mütləq aktivləşdirmək lazımdır ki, dələduzlar yaxınlarınızın profilini ələ keçirib onların yazı üslubunu təqlid edə bilməsinlər.
“Kibergigiyena qaydalarına riayət edərək şəxsi profilləri kənar şəxslərə qapatmaq, sosial şəbəkələrdə geniş səs yazıları və rəqəmsal izlər buraxmaqdan çəkinmək süni intellekt alqoritmlərinin verilənlər bazasını məhdudlaşdırır. Maliyyə itkilərini minimuma endirmək üçün isə əsas bank hesablarını qorumaq, onlayn köçürmələrə gündəlik limitlər qoymaq və bu növ şübhəli əməliyyatlarda yalnız daxilində az vəsait olan virtual kartlardan istifadə etmək cibinizi tam təhlükəsiz saxlamağa imkan verəcək”.
Şəfiqə Şəfa, Bizim.Media

































































































