"Bizim Yol" qəzeti 13 sentyabr sayında "Sürücünün başında çatlayan "bildiriş" fırıldağı", - adlı yazı dərc etmişdi. Moderator az həmin məqaləni təqdim edir:
Yazıda 2 vətəndaş müxtəlif vaxtlarda Bakı şəhərində radara düşdüklərini, həmin inzibati xəta ilə bağlı Dövlət Yol Polisindən heç bir bildiriş almadıqlarını, ancaq sonradan avtomobillərinin üzərinə həbs qoyulduğunu deyirdilər. Cəmil Əliyev adlı Bakı sakini avtomobili üzərinə həbs qoyulduğunu 2 gün öncə postdan keçərkən bilib:
"2012-ci ilin aprelində radara düşməyimdən 2 gün öncə xəbərim olub. Özü də vaxtında ödənmədiyinə görə cərimə çıxıb kəllə-çarxa. Postdan keçəndə saxladılar ki, maşının üzərində həbs var. Dövlət Yol Polisi İdarəsindən deyirlər ki, məktubu poçtla yollayıblar. Poçt deyir ilişib qalıb. Yol polisi isə deyir ki, bizlik deyil, vaxtında göndərmişik. İndi mən niyə kimlərinsə səhvlərinə görə əlavə pul ödəməliyəm? ". Digər vətəndaş Tural Mirzəyev isə avtomobilinin əvvəlki sahibinin cəriməsini ödədiyini demişdi.
Yazıda Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmamışdı. Ancaq bu gün idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Bizim Yol"- un redaksiyasına telefon açaraq məsələyə münasibətini bildirib. O, radara düşən vaxtı heç kimə cərimə yazılmadığını söyləyib:
"Protokol tərtib edilmədiyinə, qərar qəbul olunmadığına görə nə cərimə məbləği ola, nə də hansısa faizdən söhbət gedə bilər. Yəni, vətəndaşlar sürət həddini aşıb radara düşərsə, bu zaman onlara inzibati xəta üzrə prosesdə iştirak etmək üçün bildiriş göndərilir. Şəxs polis bölməsinə çağırılır. Bildiriş gəlməsə həmin şəxsin iştirakı olmadan protokol tərtib edilə bilməz. Mümkün deyil. Ola bilsin şikayətçi vətəndaşlar barəsində elektron protokol tərtib edilib. Elektron protokol tərtib olunursa, radar vasitəsi ilə bu sürət həddi qeydə alınır, burada nə sürücü, nə də polis iştirak etmir. Ancaq həmin protokol vətəndaşın ünvanına göndərilir. Ünvana isə məktub ancaq sifarişli poçt vasitəsi ilə gedir. Vətəndaş bildirişi aldığına dair imza edir. 10 gün ərzində vətəndaş vəsatət qaldırmasa, cərimə yazılır. Həmin cərimə qoyulan vaxt ərzində ödənməsə 30 gün ərzində dəbbə pulu hesablana bilər".
































































































