İnsana ən ciddi təsir edən amillərdən biri və bəlkə də birincisi – onun əhatəsində olduğu mühitdir. Hədislərdə buyurulur: “İnsan həmsöhbətinin dinindədədir”.
Yəni, kiminlə ünsiyyət qurmağımız bizə sadə bir mövzu kimi görünməsin. Hər bir kəs ünsiyyətindən zövq aldığı dostu ilə mütləq şəkildə bir çox ümumi cəhətlərə malikdir. Bu səbəbdən aradabir çəkdiyimiz selfilərdə (özçəkim) kimliyimizin də şəklini çəkib baxaq ki, uzaqdan necə görünürük, kiminlə ünsiyyətdən zövq alırıq.
xa0
Qulaqlarımızın alışdığı mövzulardan biri də məhz “onun bir dənə namazı çatmır” ifadəsidir. Bu bəlkə də haqqında bəhs edilən insan üçün yaxşı göstəricidir. Amma bunun qeyd edildiyi ortamlarda namaz qılan insanlar da varsa, onlar bu ifadədən narahat olmalıdırlar. Özlərinə görə, öz durumlarına görə narahat olmalıdırlar. Bir insan sadəcə namazı ilə digərlərindən fərqlənirsə, deməli özündə dəyişdirəcək kifayət qədər xüsusiyyətlər var...
xa0
Sadəcə günahi-kəbirələrdən – içki içmək, əxlaqsız işlər etmək və s. kimi günahlardan çəkinmək insanda arxayınlıq yaratmamalıdır. Əgər bir şəxs fasiq birisindən sadəcə zahiri namazı ilə fərqlənirsə və ətrafda bu təsəvvürü yaradıbsa – bunun haqqında ciddi şəkildə düşünməlidir. Danışdığı mövzularda, olduğu ortamlarda, etdiyi zarafatlarda və s. müsbət əxlaqı ilə seçilməyən bir dindar, artıq həyatını İlahi rəngə boyamaq yönündə praktik addımlar atmalıdır.
xa0
Namaza gələn insan anlamalıdır ki, o, artıq yeni və daha parlaq, nurlu bir səhifə açır, namaz onun əvvəldən alışdığı və şəninə yaraşmayan əməllərdən ayırmalıdır. Bilmərrə ayırmalıdır.
Bu səbəbdən hər bir namaz qılan şəxsin üzərində çox böyük məsuliyyət var və nümunə ola biləcək əməllər etməsinə görə məsuldur.
xa0
Allah bizə İlahi rəngə boyanmağı nəsib etsin.
xa0
Mətləb Həmzəli, «Dəyərlər»


































































































