“Kutadqu Bilig”dən “Muhakimet-ül Lüğateyn”ə...

Hazırda oxunan: “Kutadqu Bilig”dən “Muhakimet-ül Lüğateyn”ə...

250086

Dilimizi bilmək, incəliklərini öyrənmək və ondan layiqincə istifadə etmək hər birimiz üçün önəmlidir. Son zamanlar Azərbaycan mediyasında baş verənlərə çox üzüldüyümü bildirərək, daha öncəki bir yazımda da qeyd etdiyim kimi Dövlətin ilgili qurumlarının bu durumlara ciddi nəzarət etməsi gərəkdiyini bir daha vurğulamaq istəyirəm. Biri söyüş söyür, digəri arqo kəlimələr işlədir, başqa birisi hələ də ruscadan istifadə edir, nəhayətində Azərbaycan ədəbi dilinin gözəlliyinə və zənginliyinə xələl gətirməklə yanaşi milli-mənəvi-əxlaqi dəyərlərimiz təhqir olunur. Bu bir əxlaq və mənəviyyat məsələsi olmaqla yanaşı həm də ciddi təhsil məsələsidir. Hər şey məktəbdən başlayir və təbii ki, bilik insanın şəxsiyyəti ilə birləşərək vəhdət təşkil edir.

1069-cu ildə Balasaqunlu Yusif Has Hacib tərəfindən Karahanlı türkcəsiylə yazılmış, 6645 beytdən ibarət məsnəvi şəklində olan “Kutadqu Bilig”dən, 1072-1074 illər arasında Kaşqarlı Mahmud tərəfindən yazılmış “Divan-ü Luğatit-Türk”, daha sonra Əlişir Nəvai tərəfindən 1499-cu ildə Çağatay türkcəsiylə yazılmış “Muhakimet-ül Lüğateyn” əsərinə qədər türk dilinin ərəb və fars dillərindən üstünlüyünü göstərən, 24 türk boyunun müxtəlif ləhcələrindən bəhs edən belə qiymətli xəzinələrimiz varkən, nədən orta məktəblərimizdə bunlar tədris olunmur? Əgər gənclərimiz bu kitabları oxusalar ( ən azından bir qismini) həm dil bilgiləri zənginləşər, həm də bu kitablar sadəcə dil deyil, din, fəlsəfə, siyasət, dövlət, ədəbiyyat, mədəniyyət, əxlaq və digər mövzuları da əhatə edir. Məsələn, “Kutadqu Bilig”də deyilir ki, “ Ağlın bəzəyi dil, dilin bəzəyi sözdür. İnsanın bəzəyi üz, üzün bəzəyi gözdür. İnsan sözünü dili ilə söylər, sözü gözəl olursa üzü parlar” və yaxud “Ədalətli iş gör, buna çalış, əsla zülm etmə, Allaha xidmət et və onun qapısına üz tut” – nə qədər əxlaqi və maarifləndirici deyimdir. Kitabın adının tərcüməsi də “səadət və xoşbəxtlik verən bilgi” deməkdir. 88 başlıq altında toplanan yarı hekayə, yarı təmsil şəklində yazılmış bu didaktik əsər insanlara hər iki dünyada səadətə və xoşbəxtliyə çatmaq üçün izlənməsi gərəkən yolları göstərir.

Yusif Has Haciblə eyni dövrdə yaşayan Kaşqarlı Mahmud “Divan-ü Luğatit-Türk” adlı əsərində türk boylarının işlətdiyi ləhcələri araşdırıb təsbit etməklə yanaşı türk dilini ərəb və fars dillərindən üstün tutaraq, bu əsərini məhz türkcəni ərəblərə öyrətmək məqsədilə ərəb dilində yazmışdır. Ön söz və 7500 türkcə kəlimədən ibarət olan bu qiymətli əsər “Türk dilinin toplu sözlüyü” də adlanır. Əsər 1915-1917-ci illər arasında Kilisli Rıfat Əfəndi tərəfindən 3 cilddə, Besim Atalay tərəfindən isə 5 cilddə nəşr olunmuşdur. “Divan-ü Luğatit-Türk” 1017-ci ildə Diyarbəkirli Əli Əmiri Əfəndi tərəfindən satın alınaraq özünün qurduğu Fatih Millət Kitabxanasına gətirilmişdir amma bu əlyazma Kaşqarlı Mahmudun əlyazması deyil, ondan 192 il sonra Şamlı Məhəmməd adlı usta bir xəttat tərəfindən yazılmış yer üzündəki tək nüsxədir.

Və nəhayət Əlişir Nəvainin yazdığı “Muhakimet-ül Lüğateyn” əsəri təxminən 50 səhifəlik kiçik bir kitab şəklində olsa da türk dilinin digər dillərdən, xüsusilə də fars dilindən daha zəngin bir dil olduğunu çeşidli dəlillərə dayanaraq isbat etmişdir.

Dəyərli oxucular, mənim bunları yazmaqda məqsədim sadəcə bu qiymətli əsərlər haqqında gənclərimizə kiçik bir xatırlatmadır. Və eyni zamaanda hörmətli təhsil nazirimizdən də ricam gənclərimizin gələcəyinə işıq tutan, onları doğru yola yönəldən və ən əsası türkcə kəlimələrin öyrənilməsi istiqamətində yol göstərən, qiymətli xəzinəmiz olan bu əsərlərin dərsliklərə salınması və tədris edilməsidir. Bu didaktik əsərlər vasitəsilə gənclərimiz həm dilini, həm də mənəviyyatını zənginləşdirəcək.

Yaqut Misirxanlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin