Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Bizim.Media xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəsürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğulayıb, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd edib.
Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirib.
Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkəmizdə WUF13 kimi tədbirin təşkilinin önəminə toxunub. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğulayıb ki, mahiyyəti etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.
Qonaq ölkəmizin BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirib, Azərbaycan-UN-Habitat əməkdaşlığını, o cümlədən respublikamızda keçirilən Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini deyib. O, bundan sonra da əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırladıb, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə edib.
Dövlətimizin başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirib və ölkəmizin bu təcrübəni bölüşməyə hazır olduğunu deyib.
Söhbət zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının fəaliyyətini dəstəklədiyi məmnunluqla vurğulanıb, ölkəmizlə bu qurum arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalanıb.
Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.













Bizim.Media




































































































