Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Hazırda oxunan: Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

632099

Son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamaların sayı artıb.

Belə ki, 7 avqust tarixində "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycanla bağlı cəfəngiyyat, 9 avqust tarixində "YouTube" platformasında, 16 avqust tarixində isə "Spas" telekanalında Azərbaycana qarşı yenidən təhqir məzmunlu material nümayiş olunub.

Bununla yanaşı, 13 avqust 2026-cı il tarixində "Çistota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikası qarşı səsləndirilən ifadələr diqqət çəkib.

Tənqid adı altında təzyiq aləti

Təbii ki, Rusiya mediasında və bəzi jurnalist dairələrində son dövrdə Azərbaycan əleyhinə sərtləşən ritorikanı yalnız ayrı-ayrı jurnalistlərin şəxsi mövqeyi kimi qiymətləndirmək düzgün olmaz.

Çünki hələ ötən ay Rusiyanın bəzi media resurslarında Azərbaycanın Avropaya yaxınlaşması “təhlükəli kurs” kimi təqdim olunub, hətta Bakının Ermənistanın yolunu təkrarladığı iddia edilib.

Çox təəssüf ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi bəzi rusiyalı media dairələrində hələ də “Rusiyanın təsir dairəsindən çıxmaq” kimi qəbul edilir.

Halbuki Azərbaycan Rusiyanın, Qərbin, ya da başqa bir güc mərkəzinin təsir dairəsində deyil, olmayacaq da.
 

Azərbaycanın Qərblə əlaqələri genişləndirməsi də anti-Rusiya addımı deyil. Azərbaycan həm Rusiya ilə iqtisadi və humanitar əlaqələri qoruyur, həm Türkiyə ilə strateji müttəfiqliyi inkişaf etdirir, həm Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını genişləndirir, həm də Mərkəzi Asiya ilə münasibətlərini dərinləşdirir.


Məhz bu çoxvektorlu siyasət Azərbaycanın son illərdə qazandığı geosiyasi üstünlüklərdən biridir.

Fakt budur ki, Azərbaycan orta güc kimi regionda və beynəlxalq aləmdə baş verən proseslərdə aktiv iştirak edir. Bu da bəzi qonşularımızın, o cümlədən də Rusiyanın bəzi dairələrinin xoşuna gəlmir.

Fürsət düşdükcə həm Rusiyanın rəsmi dairələri, həm də “müstəqil mediası” anti-Azərbaycan ruhlu fikirlər səsləndirirlər.

Hətta Rusiyanın bəzi dairələri və media nümayəndələri Qarabağ məsələsinə münasibətdə köhnə stereotipləri yenidən gündəmə gətirirlər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağ və KTMT ilə bağlı son açıqlamaları buna sübut ola bilər.

Halbuki hazırda Qarabağ adlı bir münaqişə yoxdur.

Belə olduğu təqdirdə rəsmi Moskvanın və ekspert dairələrində köhnə konflikt terminologiyasının dövriyyəyə qaytarılması haqlı olaraq narahatlıq yaradır.

Bununla paralel Azərbaycana hələ də Rusiyanın “arxa bağçası” kimi baxılması da haqlı suallar doğurur.

Şimal qonşularımız nədənsə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməni unudur. Axı bu sənəd sübut edir ki, Azərbaycan Rusiya üçün strateji və vacib tərəfdaşdır. Ən əsası Azərbaycan Rusiyanın bərabərsəviyyəli partnyorudur.

Elə isə informasiya təzyiqlərinin məqsədi nədir?

Təbii bu cür təxribatçı çıxışların arxasında bir neçə məqsəd dayanır. İlk növbədə Azərbaycanın müstəqil xarici siyasətini gözdən salmaq istəyi var. Bununla yanaşı məqsədlərdən biri Azərbaycanla ABŞ və Avropa arasında yaxınlaşmanı “anti-Rusiya siyasəti” kimi təqdim edərək Azərbaycanı Rusiyanın siyasi orbitində saxlamaqdır.

Hətta Qarabağ məsələsində köhnə narrativləri yenidən gündəmə gətirməklə Rusiyanın bəzi dairələri Azərbaycanda dəhşətli müharibə xofu yaratmaq istəyirlər.

Ən nəhayət həmin bədnam qüvvələr Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı münasibəti və daxili siyasi müzakirələri manipulyasiya edərək Bakı ilə Moskva arasında normallaşma prosesinə psixoloji təzyiq göstərmək istəyirlər.

Bu yanaşma Rusiya üçün də ciddi risklər yaradır.
 

Həddindən artıq aqressiv media ritorikası ilk növbədə Azərbaycan cəmiyyətində Rusiyaya münasibətin daha da soyumasına səbəb ola bilər. Halbuki Rusiya ilə Azərbaycan arasında real iqtisadi, humanitar, nəqliyyat və regional maraqlar mövcuddur. Rusiya rəsmilərinin özləri də bu əlaqələrin uzunmüddətli xarakterini vurğulayırlar.


Bu cür təxribatçı çıxışlar iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrə ciddi zərər verə bilər. Bundan ən çox ziyan görən tərəf isə Rusiya olar. Axı, iqtisadi sanksiyalar məngənəsində sıxılan Rusiya üçün Azərbaycan, xüsusilə də Şimal-Cənub dəhlizi bir nəfəslik, nicat yoludur...

Nəzərə alaq ki, Azərbaycan Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdır. Amma bu normallaşma asılılıq modeli üzərində deyil, qarşılıqlı hörmət və suveren bərabərlik prinsipi üzərində qurulmalıdır. Rusiyanın bəzi jurnalistlərinin anti-Azərbaycan çıxışları isə məhz bu yeni reallığı qəbul etməkdə çətinlik çəkən yanaşmanın informasiya təzahürü kimi görünür.

Başqa sözlə, Azərbaycan Rusiya ilə düşmənçilik axtarmır. Amma Rusiyanın informasiya məkanında Azərbaycanın müstəqil qərarlarına görə hədəf alınmasını da qəbul etmir. Bu, yəni bərabərsəviyyəli əlaqələrin qurulması Azərbaycan-Rusiya münasibətlərinin əsas xüsusiyyətlərindən biridir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin