Bu gün ailədaxili münaqişlərin sayı kəskin artıb. Yaranan münaqişələrin müxtəlif səbəbləri var. Onlardan biri də ərin və yaxud arvadan qarşı tərəfə etinasız olması və ona maddi köməklik göstərməməsidir.
İndi tez-tez belə ifadələr eşidirik: “Ərim evə baxmır”, “Ərim evə pul gətirmir”, “Arvad evdə yemək bişirmir” və s.
Bütün bunlar ailədaxili gərginliyi artırır və hətta münaqişəyə səbəb olur.
Bəs, bu vəziyyət qanunvericiliklə necə tənzimlənir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fuad Rüstəmli bildirib ki, qanunvericiliyə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər:
“Belə ki, bu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənənir. Məcəllənin 84-cü maddəsində ər-arvadın bir-birini saxlamaq vəzifəsi müəyyən edilib. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidir. Bu köməyin göstərilməsindən imtina edildikdə arvad ərindən və yaxud əksinə, ər arvaddan məhkəmə qaydasında aliment tələb edə bilər.
Əgər tərəflər arasında alimentin ödənilməsi barədə saziş yoxdursa, o zaman ər və yaxud arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
Belə ki, qanuna görə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad və eləcə də 18 yaşından yuxarı I dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad məhkəmə qaydasında aliment tələb edə bilər”.
Surxay Atakişiyev, Bizim.Media



































































































