VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında şairə Lamiyə Şirvanzadənin kitabı təqdim olunub.
Bizim.Media xəbər verir ki, hazırda Fransada yaşayan şairənin kitabını bacısı, jurnalist Nərmin Nöqtə təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
“Çağdaş Poeziyamızın Nəğməkarı” oxucularla BİR ARADA - FOTO
O bildirib ki, şairənin “Gitgeller”in Türkiyədən Bakıya gəlməsi, oxucuların ixtiyarına verilməsi heç də asan olmayıb:
“Ona görə də bu gün bacımla qürur duymaqla yanaşı, Lamiyənin yaradıcılığı ilə sizi də tanış etmək istəyirəm.
Lamiyənin Türkiyənin ədəbi nəşrləri ilə sıx əməkdaşlığı 2016-cı ildən başlayıb. 8 ilə yaxındır ki, fransız ədəbiyyatından tərcümələri, həmçinin müəllifi olduğu şeirləri ilə “Kurgan” Kültür və Ədəbiyyat jurnalında çıxış edir.
2021-ci ilində iki qısa şeiri Parisin “Pave d'Orsay” Qalereyasında rəsm əsərləri ilə yanaşı sərgilənib.
Müəllif hazırda həmçinin Nevşehirdə yer alan “Güfte” Ədəbiyyat jurnalı, eləcə də Kosovada “Türkçem” jurnalında şeirləri ilə çıxış edir.
Onun ilk şeirlər kitabı “Gitgeller” 2023-cü ildə Ankarada, “Berikan” nəşriyyat evinin, eləcə də “Kurgan” Kültür və Ədəbiyyat Mərkəzinin dəstəyi ilə işıq üzü görüb. Kitabın nəşrinə Gazi Universitetinin professoru, müəllifin müəllimi Hüseyn Özbay və İzmir Dokuz Eylül Universitetində türk dili və ədəbiyyatı üzrə professor Cafer Şen dəstək verib.
Kitabda 46 şeir yer alıb və illüstrasiyaların müəllifi fransız rəssam Frederic Chaumedir.
Kitabın 64-cü səhifəsində yer alan “Hekeri” (“Həkəri”) şeiri məhz müharibədə uşaqlığını itirmiş birinin hisslərini ifadə edir. Şeir üçün özəl olaraq çəkilmiş illüstrasiyada (65-ci səhifə) müəllifin Zəngilan rayonunda 1993-cü ilə qədər (9 yaşına kimi) böyüdüyü evin işğaldan azad olunandan sonrakı fotosu əks olunub.
Xatırladaq ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Naibə Məmmədova, İntiqam Məmmədov, Bizim.Media

































































































