Xilas edəcəkmi tövbələr bizi...?

Hazırda oxunan: Xilas edəcəkmi tövbələr bizi...?

56937

Bilirəm, mən sənin

sevginə layiq deyiləm,

Istəsən lap qarşında min dəfə

səcdə qılam, əyiləm.

Axı, nə dəyişər,

içi yanan,

sinəsi körüklənən torpağına

quru baş qoymağımdan,

Xilas edəcəkmi tövbələr bizi,

ruhumuzun cəhənnəm əzabında

yanmağından?!

Nə gözəlini öyməkdən,

nə çiçəyinə tərif deməkdən,

nə tərif deyəni,

təltifə layiq görməkdən,

nə kiçilib, nə də böyüməkdən

dəyişməz halın,

Canıma can qatan sən ey vəfalım.

Sən insansan, nəbzinlə bir vurur

döyünən ürəyim,

Bakı sənin göy səman,

Təbriz ona dayaq olan dirəyin.

Çaylar qolların,

dağlar dərd çəkən başın,

Çağlayan bulaqlardır

sənin göz yaşın.

Təbəssümünü görürəm

açılan hər çiçəkdə,

Səsini dinlər hər kəs,

səni sevsə ürəkdən.

Bədənindir, içindən göylərinə

xəyalımın qanad çaldığı

torpağın, daşın,

Səndən güc alır mənim

ruh yaddaşım.

Lilli suların durular,

açılar könüllər,

Gör nə qədər ulduz var,

yanıb həm də sönərlər.

Oduna pərvanəsidir yanan

şamların,

Gəlini olardımı səhərlər,

örpəyi düşməsəydi üzünə

axşamların?

Olan var, olacaq var,

Çatılmamış

gör nə qədər ocaq var.

Gediləsi yollar hələ qabaqda,

Qos-qoca dünyadır,

sıxılıb durur özü boyda tabaqda.

Yetməyib günü hələ

haqqı deyənin,

Sorulacaq hesabı bir gün

haqqı yeyənin.

Quru candın,

içinə can suyundan canlar qatıldı,

Biri sənin candan aşiqin,

biri quru cana satıldı.

Olmayandan olanların

oldusa,

Məhəbbətin çıraq saldı

sinəmizə doldusa,

Sevgi özü əqidədir,

keçiləsi yoldusa,

Varıb gedək Vətən adlı

yolumuza!..

 

Nurəddin İsmayıl

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin