Son vaxtlar Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən dialoqların intensivləşməsi, diplomatik müstəvidəki fəallığın əhəmiyyətli dərəcədə aktivləşməsai müşahidə edilməkdədir. Tərəflər arasında əldə edilən atəşkəs uzun sürməsə də, hər iki tərəfin diplomatik danışıqları davam etdirməkdə israrlı olması problemin siyasi yolla həlli üçün müəyyən ümidlər yaradır. Fəqət bəzi politoloqlar hesab edir ki, Ukraynadan fərqli olaraq Rusiya bu danışıqlarda heç də səmimi deyil.
Ekspertlərin böyük bir
qismi hesab edir ki, Kreml Kiyevlə danışıqlar masasına oturmaqla beynəlxalq aləmi
problemin diplomatik yolla həllində maraqlı olduğuna inandırmağa çalışır. Başqa
sözlə desək, Moskva bununla hərbi əməliyyatların davam etdirilməsində maraqlı
olmadığını, problemin siyasi müstəvidə həlli üçün əlindən gələni əsirgəmədiyini
sərgiləməyə çalışır. Habelə, siyasilərin qənaətincə, Rusiyanın diplomatik
danışıqlarda iştirakının digər bir səbəbi onun Ukraynanın hərbi sayıqlığını zəiflətmək,
Kiyev hökumətinin bütün güc və diqqətinin hərbi əməliyyatlara yönəlməsinin
qarşısını almaqdan ibarətdir. Fəqət bununla yanaşı bu danışıqların problemin həlli
üçün siyasi zəmin formalaşdırdığını iddia edənlər də yox deyil.
Moderator.az-a açıqlama
verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay hesab edir
ki, tərəflər arasında reallaşan diqloqlara ciddi yanaşmaq lazımdır:
“Rusiya və Ukrayna prezidentləri arasındakı bu dialoq və Minskdəki tərəflərarası danışıqlar ciddi məsələdir. Və münaqişənin həllində konkret nəticələr verə bilər. Minskdə əldə olunan razılaşma ilk baxışda Ukraynanın geri çəkilib güzəştə getməsi kimi görünə bilər və Rusiya KİV-ləri bunu bu cür qabardır. Əslində isə razılaşma sənədini diqqətlə analiz etdikdə görünür ki, bu belə deyil. Əksinə, burada Ukraynanın ərazi bütövlüyü qorunur və Donetsk, Liqansk vilayətlərinə xüsusi status verilir. Həmin vilayətlər isə Ukraynanın rəsmi inzibari sahibliyində qalır, seperatist qüvvələr tərksilah olunur, Rusiyanın diversiya və hərbi qüvvələri öz ölkəsinə qayıdır. Qeyd edim ki, belə bir xüsusi statusu Azərbaycan Dağlıq Qarabağ üçün verməyə çoxdan hazırdır. Lakin qarşı tərəf buna razı olmayıb tam müstəqillik istəyir”.
İ.Altayın sözlərinə görə, Kreml Ukrayna məsələsində uduzduğunun və bu mübarizədən qalib ayrıla bilməyəcəyinin fərqindədir:
“Görünür ki,
Putin dünya birliyinin hisləri ilə oynamağın son həddə çatdığını başa düşüb.
Artıq ABŞ-ın Ukrayna ilə hərbi saziş bağlamasını, Avropa Birliyinin Rusiyaya
qarşı növbəti dəfə daha sarsıdıcı sanksiya paketi hazırlamasını, öz ölkəsində
isə günü-gündən iqtisadi vəziyyətin çöküşünü görür. Bu qarışıq və mürəkkəb məzmunlu
razılaşma ilə Moskva əslində son aylardakı bu qədər insan, maddi və nüfuz itkiləri
qarşısında guya nəsə əldə etdiyini qabartmaq istəyir.
Əslində
isə Rusiya uduzdu və Şərqi Ukraynanı əldə edə bilmədi. Ancaq bu atəşkəs və sülh
razılaşması ilə Rusiya öz tənəzzülünü dayandıra bilməyəcək. Bu dəfə artıq Qərb
istənilən halda Rusiyanı, Putin hakimiyyətini sıxışdırıb çökdürmək planını
sonacaq davam etdirəcək. Çünki artıq bütün dünya başa düşüb ki, Rusiyanın
güclü, imkanlı dövət kimi dirçəlib ayaqda qalması bütün dünya üçün bir nömrəli
təhlükədir.
Seymur Əliyev



































































































