“O, Cavadov qardaşlarının sırlaraına ideoloji ata kimi birisini yerləşdirmişdi”
İki gündən sonra 95-ci ilin 17 mart OMON hadisələrinin ildönümüdür. O hadisələr nədən yarandı və nədən o cür acı sonluqla bitdi? Üstündən 19 il keçdikdən sonra Türkiyə hökumətinin və baş nazir Tansu Şillərin, prezident Süleyman Dəmirəlin o olaylardakı rolu barədə hələ ictimaiyyətimiz yetərincə məlumatlı deyil. Elə bu ehtiyacları ödəmək üçün Moderator.az həmin proseslərdə aparıcı fiqurlardan olan eks-spiker Rəsul Quliyevə müraciət edərək onun fikirlərini öyrənmək istəyib. Eks-spikerin cavabını olduğu kimi təqdim edirik:
“1995- ci il mart hadisələri əslində 1993-cü ilin əvvəlində Xalq Cəbhəsi hakimiyyətinə qarşı başlanmış proseslərin davamı idi. Yarım ilə Xalq Cəbhəsi respublikada “əgər bu adamlar hökümətin başçılarıdırsa, bəs daha ağıllı, daha güclü, daha pullu bizlər niyə olmamalıyıq” sindromu yaratmışdı. Onlar hakimiyyətə gəldiyi ilk günlərdən ətrafındakı 4 ölkənin (RF,Türkiyə,İran,Ermənistan) hər biri fürsətdən istifadə edib hakimiyətə onlara daha yaxın olan kimi gətirəcəkləri barədə iş aparmağa başladılar. Çünki 1992-ci il mayın 15-dən (Mütəllibovun ölkəni tərk etməsi və XC ”“nin hakimiyyəti ələ keçirdiyi gün) atılan addımlar ağlasığmaz məntiqsizliyi, naşılığı ilə onların hakimiyyətdə qısa müddətdə belə duruş gətirə bilməyəcəklərinə dəlalət edirdi.
1993-cü ilin əvvəllərində Rusiya siyasətini Ayaz Mütəllibov- Surət Hüseynov cütlüyünü hakimiyyətə gətirmək planı üzərində qurdu. Bu planın müəllifi RF-nın müdafiə nazirliyi və qismən xarici kəşfiyyat qurumları idilər.Türkiyə Xalq Cəbhəsindən Ə.Elçibəyi saxlamaqla müəyyən hərbiçilər və o cümlədən Türkiyədə millətçi kimi qəbul edilən Rövşən Cavadov və onun silahlı qüvvələrinə istinad edirdilər. İran və Ermənistan H.Əliyevin hakimiyyətə gəlməsinə “stavka” edirdilər. O Qərblə neft kontraktlarında İranın bir tərəf kimi iştirak etməsinə şərait yaradacağına söz vermişdi.Bu isə Qərbin izolyasiyasında olan İrana hava və su kimi lazım idi. Ermənistanla isə əvvəl bir neçə rayonu işğal etməyə şərait yaradıb sonra bu rayonları qaytarmaq şərtilə Dağlıq Qarabağın ermənilərə verilməsiylə bağlı sövdələşmə mövcud idi. 1993-cü ilin iyununa qədər H.Əliyev balansı bir qədər öz xeyrinə dəyişə bildi. Rusları “niyə mən yox, Mütəllibov” dilemması qarşısında qoya bildi. Yəni “mənim bacarmadığım nələri sizin üçün Mütəllibov edəcək ki” sualını verdi. Rusiya isə axıra qədər ona dəstək vermədi. Belə qərara gəldilər ki, çevriliş olanda kim hakimiyyəti ələ keçirərsə onunla da işləyərik.1993-cü ilin iyununda (Gəncə qiyamından sonra) ruslar ilk növbədə Mütəllibova Gəncəyə gedib çevrilişə başçılıq etməyi təklif etdilər, hətta bunun üçün təyyarə ayırdılar. Əliyevin agentlərinin “getsən səni öldürəcəklər” blefinə inanan Mütəllibov Gəncəyə uçmaqdan imtina etdi. “Qoy S.Hüseynov gedib Bakını tutsun, sonra gedim” məsləhətinə boyun əydi.
Türklər isə başda S.Dəmirəl olmaqla yeganə çıxış yolunu H.Əliyevin Bakıya getməsi və Elçibəylə əl- ələ verib işləməsində görürdülər. Azərbaycanın rusların tam təsiri altına düşməməsinin yeganə yolu kimi qəbul edirdilər.İran və Ermənistan isə Əliyevin qələbəsini öz qələbələri kimi qəbul etdilər. Mənim belə bir qənaətə gəlməyim Əliyevin 1996-cı ildə, əvvəldən nəzərdə tutduğu siyasətini başladıqdan sonra formalaşdı. H.Əliyev RF-nın tələblərini qismən, yəni S.Hüseynovu baş nazir təyin etmək, MDB-yə daxil olmaqla yerinə yetirdi. Ankaranın “Elçibəylə əl- ələ verib işlə” şərtini pozdu və Türkiyədə bir sıra partiyaların liderlərini öz əleyhinə qaldırdı. Ermənilərə verdiyi sözə artıqlaması ilə əməl etdi. Ancaq Ermənistanda yaranan siyasi vəziyyət Ter- Petrosyanın verdiyi vədə əməl etməsinə imkan vermədi, hakimiyyətə DQ “yastrebi” Koçaryan gəldi. Silahlılar qismən tərksilah etməyə nail olunsa da R.Cavadovun başçılığı altında OMON və hərbi qurumlarda S.Hüseynovun adamları qaldı. 1994-cü ilin sentyabrında bağlanan neft kontraktının şərtlərindən RF,Türkiyə və İran narazı qaldılar və rejimi devirib özlərinə uyğun hökümət qurmaq üçün planlarını həyata keçirməyə cəhd etdilər. RF yenidən S.Hüseynov ”“ Mütəllibov planını qabartdı və İran da rejimin bu şəkildə dəyişməsinə loyal münasibətdə idi. Türkiyə isə Xalq Cəbhəsindən qalmış tör- töküntülərlə R.Cavadovun alyansını irəli çəkmək istəyirdi. 1994-cü ilin ortalarından biz bir və ya bir neçə qiyamın baş tutması üçün hazırlığın getdiyindən xəbərdar idik. Ona görə vətəndaşlardan ibarət gecə -gündüz növbə çəkən 2000 adam səfərbər olmuşdu. Məqsəd ekstremal vəziyyətdə Prezident Aparatının qarşısında maksimum yarım saata 2000-3000 adamın yığışmasını təşkil etmək idi. Bu iş avqust ayından təşkil edilmişdi. Oktyabr qiyamı başlananda bir çağırışla Prezident Aparatının qarşısı 5 dəqiqəyə 200 adamdan başlayaraq 25 dəqiqəyə 3000 adamlıq mitinqə çevrilməsi bir çoxlarını çaşdırdı. H.Əliyevin özü gözlərinə inanmadı, ancaq təşvişini yenidən qətiyyətini bərpa etməklə əvəzlədi.Bu təşkilatlanmış iş, camaatın hakimiyyəti dəstəkləyən yüksək entuziazm aktı kimi qəbul olundu. Və sabah təşkil olunacaq milyonluq mitinqin bazasını qoydu. Çevriliş etmək istəyən daxili və xarici qüvvələr geri çəkilməyə məcbur oldular.
S.Hüseynov tərksilah edildi. R.Cavadovun gəlib mitinqdə çıxış etməsi, H.Əliyevi dəstəklədiyini elan etməsi ona qarşı münasibəti loyallaşdırdı. Mən R.Cavadovu mərd və xalqı üçün ürəyi yanan bir insan kimi tanıyırdım. Onun iki böyük səhvi var idi. Birincisi sadəlövh adam idi, hadisələri dərindən analiz etmək intellekti yox idi. İkincisi, ətrafındakıların ondan xalqın xilaskarı ,qəhrəman obrazı yaratmalarından xüsusi zövq alıb həqiqətən özünü xilaskar hesab etməsiydi. Belə bir yanlış fikirin formalaşmasında onun psixikası pozulmuş qardaşının rolu böyük idi.
Mən bir neçə dəfə onunla görüşüb əleyhinə işləyəcək belə iddialardan əl çəkməsinə cəhdlər göstərdim. Mənimlə görüşlərdə razılaşdığını bildirməsinə baxmayaraq başqalarının təsiri altında gizli şəkildə OMON-u silahlandırmağını davam etdirdi.
Mən hadisələrin faciəvi inkişafının qarşısını almaq üçün nə qədər gec deyil onları tərkisilahlandırmağın tərəfdarı idim. Ancaq daxili işlər naziri Cavadovdan qorxurdu və H.Əliyevi belə bir işi görməkdən çəkindirirdi. Hakimiyyəti ələ keçirməkdə qətiyyətli olan Əliyev hakimiyyəti itirə biləcəyi minimal riskə belə getməyə cəsarət etmirdi. O Cavadov qardaşlarının sıralarına ideoloji ata kimi birisini yerləşdirmişdi (o adam indidə yaşayır,ona görə onun adını açıqlamaq istəmirəm) və ondan aldığı yalan məlumatın əsasında siyasətini formalaşdırırdı. İdeoloji ata isə tələsməməyi, ona vaxt verməyi və bir müddətdən sonra onları öz xoşları ilə tərkisilah olmağa ,H.Əliyevə sədaqətlərinə and içməyə vadar edəcəyinə söz verirdi. Bu insanların verdikləri informasiyaların nəticəsində ölkə addımbaaddım Mart faciəsinə yaxınlaşırdı.
Mənim bu məsələdə heç vaxt heç bir kompomisə getməyəcəyimi bilən Cavadov havadarları yollar axtarırdı. Azərbaycanın görkəmli və mənim də hörmət etdiyim şəxslərindən biri mənimlə görüşmək istədiyini dedi və onu qəbul etdim. O bir qədər Cavadov qardaşlarını tərifləyəndən sonra mənim müşavirim olan Türk vətəndaşı Dəmirqol adlı birisini qəbul etməyi və onun çox şeyləri mənə açıqlayacağını vəd etdi. Belə bir müşavirimin olduğunu heç vaxt eşitməmişdim. Həmin dəqiqə bu adamın kim olduğunu və xəbərim olmadan onu kimin mənə müşavir təyin etdiyini soruşdum. Məlum oldu ki, bu adam Xalq Cəbhəsi vaxtında müşavir təyin olunub, mən gələndən sonra “xətəyəm” adı ilə yoxa çıxıb. Bir sözlə, onu tapmağı tapşırdım. Ancaq birbaşa Türkiyədən aldığım məlumatlar Tansu Çillər hökümətinin Cavadovların əli ilə dövlət çevrilişi hazırladıqlarını sübuta yetirirdi. Həmin Dəmirqol da Türkiyənin Azərbaycandakı səfiri ilə koordinasiya edənlərdən biri idi. Mən H.Əliyevdən birbaşa Dəmirələ zəng edib ona bunu çatdırmağın lazımlığını deyəndə “hələ tam faktlarımız yoxdur və yaxın aylarda bu çevriliş görsənmir, gözləyək” cavabını verdi. Martın əvvəllərində Əliyev Avropaya hansısa beynəlxalq konfransa getmişdi, oradan qayıdıb 14 martda Pakistana səfər etməli idi. Təyyarədən düşən kimi elə zaldakı otaqda hamını bayıra çıxartdı və Dəmirəlin ona bu günlərdə Azərbaycanda Cavadov qardaşlarının dövlət çevrilişi etməyə cəhd edəcəkləri xəbərini verdiyini dedi. Çox böyük təlaş içində idi.Həmin günün axşamı iclas keçirdi.Daxili işlər naziri 20 minlik daxili qoşunların 500-600 OMON-çunun qarşısını ala bilməyəcəyini yazıq formada elan etdi. MTN ”“nin şefi “mənim nəyim var ki, maksimum 100 adamım buna hazırdı”bəyan etdi. Sonradan nə baş verdiyini danışmaq niyyətim yoxdur, ancaq hələ də bu çevrilişin və qardaş qırğının qarşısını almaq mümkün idi. Qazax OMON-unun fəaliyyətinə imkan verilməsi, qarşısının alınmaması faktiki olaraq 100-dən çox azərbaycanlı oğullarının (hər iki tərəfdən) məhvi ilə nəticələndi. Qazax OMON-unun az qala Gəncəyə qədər heç bir müqavimətə rast gəlmədən gəlib çıxması, yol boyu polisin, hətta nazir müavinin onlara tabe olması Bakıda Cavadov qardaşlarının çevrilişin qələbə ilə qurtarmasına maksimum bir-iki gün qalıb eyforiyasına səbəb oldu. Onları ruhlandıran əsas səbəblərdən biri də Əliyevin “Musto” adlı bir kürdün başçılığı ilə kürdlərdən ibarət “komandos”, onun təbiri ilə desək ”˜”™canavar yeyənlər”™”™in təpədən dırnağa silahlanaraq Cavadovların üzərinə göndərilməsi və onların OMON-la dil tapmağın vacibliyi qənaətinə gəlmələri oldu. OMON-un dili isə bir idi, hökümət onlara verilməlidir”¦
Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda gedən mübarizədə həm 1994-cü il oktyabr qiyamının yatırılması və həm də Mart 1995-ci il dövlət çevrilişinin qarşısının alınmasının fövqəladə əhəmiyyəti olub. Bu çevriliş cəhdlərinin qarşısı qansız və ya az qanla alına bilərdi, təəssüf ki, yuxarıda yazdığım səbəblərdən bu iş görülmədi. Nəticədə o insanların ucbatından 100-dən çox adam həlak oldu, 100-lərlə adamların taleyi məhv oldu.
Mart çevrilişinin qarşısı alınandan bir neçə gün sonra Dəmirqol tapılıb həbs olundu. Dəmirəl onu Türkiyəyə verməyi və hökümətin bu işdə əli olduğunu açıqlamamağı xahiş etdi. Dəmirqolun arxasınca təyyarə göndərdilər. Müzakirədən sonra onun xahişini yerinə yetirmək qərarına gəldik. Ancaq bizim xahişimizlə ANS Dəmirqolun Türkiyəyə göndərilməsi prosesini çəkdi.
Bu çevrilişlər baş tutsa idi taleyi ilə barışmağa üstünlük verən Azərbaycan xalqı ya rus, ya da Türk korrupsioner rejimlərinin altında bu gün də başlarını aşağı salıb işləyirdilər. Azərbaycanda Mütəllibov- Hüseynov və ya Cavadov qardaşları hökümətinin mövcudluğunu təssəvvür etsəniz bunun nə qədər böyük faciələrə səbəb ola biləcəyini görməyə bilməzsiniz. Hər iki variantda Azərbaycan Rusiya -Türkiyə qarşıdurmasının poliqonuna çevriləcəkdi”¦”































































































