“Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq”. Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib.
Onun sözlərinə görə, bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür: “Keçən ilin əvvəlində ”ASAN xidmət"in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır".
Dövlət başçısı bəyan edib ki, korrupsiyaya qarşı mübarizə “ASAN xidmət”in fəaliyyəti ilə bitmir: “Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaq”.
***
Prezidentin bu mesajına hakimiyyətin yaxın dövr üçün atacağı addımların anonsu kimi yanaşmaq lazımdır. Ölkədə sosial narazılıqların kulminasiya nöqtəsinə çatması, korrupsiya və rüşvətin səviyyəsinin artması, məmur özbaşınalığı siyasi hakimiyyət üçün böyük risklər yaradır. Quba və İsmayıllı hadisələri, əsgər ölümləri, Binə olayları və nəhayət, Qarabağ qazisinin özünü yandırması bir daha təsdiqlədi ki, cəmiyyəti ənənəvi qaydalarla idarə etmək limiti tükənib. Belə idarəetmə davam edəcəksə, sosial narazılıqlar avtomatik olaraq siyasiləşəcək və siyasi hakimiyyətə ciddi təhlükələr yaradacaq. Ona görə də yeni qaydaların tətbiqi zərurəti meydana çıxır. “ASAN xidmət” də zəruri yeni qaydaların yalnız biridir. Başqa sahələrdə də yeni qaydaların tətbiqinə ehtiyac var.
Götürək elə gömrük xidmətini. Gömrük sərhədlərindəki qanunsuzluqlardan təkcə iş adamları deyil, sıravi vətəndaşlar da əziyyət çəkir. Bu barədə mediada çox yazıldığından üzərində çox dayanmırıq. Eyni sözləri vergi, səhiyyə, nəqliyyat xidmətləri, eləcə də başqa sahələr haqda da demək olar. Prezidentin “biz bilirik yaralı yerlərimiz haradadır” ifadəsi də göstərir ki, siyasi hakimiyyət bu qanunsuzluqların miqyası barədə tam məlumatlıdır və yeni qaydalara keçid üzərində işləyir.
Prezident seçkisindən sonra yeni formalaşan kabinetdə vətəndaşlarla birbaşa təmasda olan 2 nazirin (müdafiə naziri Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov) komandadan kənarlaşdırılması da hakimiyyətin sosial narazılıqların siyasiləşməsindən ehtiyatlandığını göstərir.
Hakimiyyətdəki qaynaqlardan “Yeni Müsavat”a verilən məlumata görə, bu yaxınlarda antikorrupsiya əməliyyatlarının növbəti dalğası başlayacaq. Bu dalğa əvvəlkilərlə müqayisədə daha güclü olacaq. Əgər əvvəlki əməliyyatlarda aşağı ranqlı məmurlar, məsələn, məktəb direktorları, baş həkimlər cəzalandırılırdısa, bu dəfə daha yüksək məmurların cəzalandırılması gözlənilir. Mənbə iddia edir ki, bu dalğada qurbanlar arasında icra başçılarının və nazirlikdə yüksək vəzifə tutan şəxslərin də olacağı gözlənilir, prezidentin sözügedən çıxışı da gözlənilən hay-küylü həbslərin anonsu idi.
Mənbə onu da iddia edir ki, yaxın vaxtlarda rayonların icra başçılarının dəyişdirilməsinə start verəcək. Əsasən də oliqarxların qohumları olan icra başçıları postunu itirəcək. Onların yerini YAP fəalları və icra strukturlarında yüksək vəzifə tutmayan gənclər tutacaq. Hələlik bu başçıların müavinləri gənclərlə əvəzlənir. Çox yaxın gələcəkdə isə başçıların özləri dəyişdiriləcək.
Mənbənin sözlərinə görə, nazirlərin rayonda keçirdiyi qəbulların və daxili istifadə üçün keçirilən sorğuların nəticələri analiz edilib və arzuolunmaz nəticələr ortaya çıxıb. Məlum olub ki, narazılıqların kökündə icra başçılarının yarıtmaz fəaliyyəti durur. Siyasi hakimiyyətə etimadsızlıq mühitinin yaranması da buradan qaynaqlanır. İcra başçılarının rayonda “öz qaydalarını” yaratması sosial narazılıqların siyasi hakimiyyətə qarşı yönəlməsinə səbəb olur ki, bu da Quba və İsmayıllı olaylarında çılpaq şəkildə ortaya çıxdı. Ona görə də hakimiyyət icra başçılarına etimad göstərməyərək seçki ərəfəsində nazirləri bölgələrə yollamağa məcbur oldu. Ancaq daxil sorğunun nəticələri hakimiyyət üçün o qədər arzuolunmaz olub ki, seçki bitəndən sonra da onları rayonlara səfəri davam etdirilir və kütləvi qəbullar keçirilir.
Ötən saylarımızda qeyd etmişdik ki, Prezident Administrasiyasının sosioloji sorğu xidmətinin daxili istifadə üçün keçirdiyi sorğunun nəticələri analiz edilib. Bəlli olub ki, əhalinin hakimiyyətdən narazılığının kökündə korrupsiyadan sonra ikinci yerdə məmur özbaşınalığı durur. Respondentlərin 61 faizi məmur özbaşınalığından əziyyət çəkir.
Prezident İlham Əliyevin avqustun 14-də İsmayıllını içməli su ilə təchiz edəcək kəmərin açılışında məmurların ünvanına sərt tənqidlər səsləndirmişdi: “Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcək”.
Ötən il fevralın 12-də keçirilən müşavirədə də prezident məmurları hədəf seçmişdi: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə”.
Ötən saylarımızda dəyişikliklərə prezident seçkisindən sonra start veriləcəyini qeyd etmişdik. Artıq seçki bitib və yeniləşmə ssenarisi işə düşüb.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Mətbuat Şurasının qurultayında bildirmişdi ki, “nazirləri, icra başçılarını tənqid edin”. Bu o deməkdir, siyasi hakimiyyət korrupsiyalaşmış məmur korpusunu media tənqidlərindən qorumaq fikrində deyil və prosesdə KİV önəmli rol oynayacaq. Konkret desək, mediada məmurlar haqda gedən tənqidi materiallara biganə yanaşılmayacaq.





























































































