Şairlərin yüz oyunu

Hazırda oxunan: Şairlərin yüz oyunu

56179

Qədim dövrlərdən indiyə qədər söz adamlarının müraciət etdiyi mövzulardan biri də elə sözün özüylə bağlı olub. Məhz  bu cür müzakirələr nəticəsində söz sənəti inkişaf edə-edə bu günlərə gəlib çıxıb, cəmiyyətin öz fikrini ifadə tərzi formalaşıb. Bugünkü şairlər də bəzən bu mövzuya müraciət edirlər. Moderator.az oxucularının yaxşı tanıdığı şair-publisist Heydər Oğuzun da söz sənəti haqqında qələmə aldığı bir sıra şeirləri var. Həmin şeirlərdən bəzilərini təqdim edirik:

 

Söz oyunu


Nə qələm bir oyuncaqdır,
Nə oyundur söz oyunu.
Söz itirər qüvvəsini,
Oynamasan düz oyunu.

Düşünmə, bu oynu asan;
Söz at deyil, oynadasan,
Min fırıldaq qaynadasan,
Vardır sözün öz oyunu.

Qədrini bil hər kəlmənin-
Qızıl sözün, zər kəlmənin.
Üstündədir bir kəlmənin 
Şairlərin yüz oyunu.

Hikmətini al yanına,
Layiq söz de ad-sanına.
Girmədən söz meydanına
Öncə çalış, çöz oyunu!

Məzmunsuz söz söz deyildir,
Səsli-küylü quru yeldir.
Heydər, fikri elə bildir,
Gərəkməsin üz oyunu.

 

Söz qəzəli

 

Hansı bir kəlmədə ki, zərrə qədər kin görünər,
Cümlənin zərrəsi yox, cümləsi çirkin görünər.

Ciddi söz qüdrətini niyyətisaflıqdan alar,
Kəsəyənlikdə qılıncdan belə kəskin görünər.

Oğruluq xislətidir fikri bağırmaqla demək,
Tonu artdıqca səsin sahibi miskin görünər.

Adamın kimliyi sözdür, özü kimlik qabıdır
Sözü zəngin olanın könlü də zəngin görünər.

Hər ağız tüstünü dümdüz çıxaran bir bacadır
Sözdə insan içinin hər yönü düzgün görünər.

Kimdə söz haqqı bulunmaz, lələsiz yurd kimidir
Bədən elsiz obatək, ruhsa didərgin görünər.

Çox mələk üzlülərin çadrasıdır bağlı dodaq,
Açsa ağzın, Oğuz, İblis görünər, cin görünər.

 

Gərəkir (qəzəl)

 

Şe`ri dərk eyləməməkçün olasan mal gərəkir.
Atadan gic gələsən, həm anadan kal gərəkir.

Aləmin ən bahalı neməti sözdür kiminə,
Kiminə söz deməsiyçün atasan yal gərəkir.

Var kəlam, bal kimidir, dadsa meyitlər dirilər,
Söz də var udmaq üçün bir neçə put bal gərəkir.

Necə bilməm ki deyəm mən, “niyə susdun?”- sorana:-
“Harda nadan danışır, arif ola lal gərəkir.”

Demə neyçün ayaq açmış yeriyir eldə yalan
Doğru söz söyləməyə doğru da amal gərəkir.

Diqqət et hikmətə, çox bər-bəzəyə qaçma, könül!
Gözələ çünki nə atlas, nə ipək şal gərəkir.

Hər kəlam anlamaza, Heydər Oğuz, söyləmə söz,
Nə qanar sözdən ulaq, onlara qanqal gərəkir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin