Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi son dövrlər yeni mərhələyə qədəm qoyub. İllərdir diplomatik bəyanatlar və ehtiyatlı təmaslarla müşayiət olunan bu proses artıq iqtisadi, nəqliyyat və enerji sahələrində konkret addımlarla müşayiət edilir. Sərhəd infrastrukturunun bərpası, dəmir yolu əlaqələrinin qurulması, elektrik sistemlərinin birləşdirilməsi və yüksək səviyyəli siyasi görüşlər Ankaranın İrəvanla münasibətləri inkişaf etdirmək niyyətini ortaya qoyur.
Diqqətçəkən məqamlardan biri isə bu yaxınlaşma fonunda Türkiyə mediasının və sosial şəbəkələrinin müəyyən seqmentlərində Azərbaycana qarşı tənqidi, hətta təhqiramiz materialların yayılmasıdır. Əvvəllər ölkəmizin İsraillə münasibətləri hədəfə alınırdısa, indi süni şəkildə “hicab problemi” ortaya atılır, Azərbaycana qarşı dini və ideoloji ittihamlar irəli sürülür.
Ortaya mühüm sual çıxır:
Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxınlaşdığı bir vaxtda Azərbaycana qarşı belə kampaniyaların genişlənməsi nə ilə bağlıdır?
Son dövrlər Türkiyə mediasında və sosial şəbəkələrində “Azerbaycan’da başörtüsü zulmü”, “Kahrolsun İsrail dostu Azerbaycan”, “siyonist Azerbaycan rejimi” kimi başlıqlara, eləcə də ölkəmizi “din düşməni” adlandıran təhqiramiz paylaşımlara mütəmadi olaraq rast gəlinir.
Əvvəllər Azərbaycanın İsraillə əməkdaşlığı üzərindən aparılan tənqid kampaniyasının indi dini mövzulara yönəlməsi diqqət çəkir. Məktəblərdə vahid geyim qaydaları kimi məsələlərdən istifadə edilməklə Azərbaycan guya dini azadlıqlara qarşı çıxan dövlət obrazında təqdim olunur.
Halbuki təhsil müəssisələrində geyim qaydaları birbaşa olaraq təhsildə dünyəviliyin təmin olunmasına hesablanıb.
Eyni zamanda bu Azərbaycanın daxili işidir və heç bir ölkə buna müdaxilə edə bilməz. Lakin Türkiyə sosial media seqmentində sözügedən məsələ emosional şüarlara və siyasi ittihamlara çevrilir. Bu qərara əsaslanaraq bütöv bir dövləti “din düşməni” adlandırmaq isə obyektiv tənqiddən daha çox, ictimai rəyə təsir göstərmək cəhdidir.
Burada əsas məqsədin Azərbaycanın konkret qərarlarını müzakirə etməkdən daha çox, ölkəmizə qarşı mənfi münasibət formalaşdırmaq olduğu aydın görünür.
Ankara susur, İrəvanla münasibətlər isə dərinləşir
Azərbaycan əleyhinə təhqiramiz materiallar fonunda Ankara rəsmilərinin bu kampaniyaya qarşı ciddi və açıq mövqe ortaya qoymaması da diqqət çəkir. Necə deyərlər, susmaq razılıq əlamətidir.
Doğrudur, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər adi ikitərəfli əlaqələrdən daha geniş məna daşıyır. İki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq ortaq təhlükəsizlik maraqlarına, tarixi yaddaşa və xalqlar arasındakı etimada söykənir.
Belə bir şəraitdə Türkiyə ictimaiyyətində Azərbaycanı “düşmən”, “sionist rejimin dostu” və ya “dinə qarşı olan dövlət” kimi təqdim edən kampaniyaların yayılması iki ölkə arasındakı münasibətlərə zərər vurur. Eyni zamanda, Ankara ilə İrəvan arasında normallaşma prosesi irəlilədikcə Azərbaycana qarşı informasiya hücumlarının artması da təəssüf doğurur.
Sərhəddən dəmir yoluna: Türkiyə-Ermənistan yaxınlaşması sürətlənir
Xatırladaq ki, 2021–2022-ci illərdən davam edən Türkiyə-Ermənistan normallaşma prosesi ilkin mərhələdə Azərbaycan-Ermənistan münasibətləri ilə sıx əlaqələndirilirdi. Lakin son dövrlərdə tərəflərin iqtisadi və texniki əməkdaşlığa daha çox diqqət ayırdığı görünür.
2025-ci il sentyabrın 12-də Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İrəvanda görüş keçiriblər. Danışıqlarda sərhəd keçidlərinin sadələşdirilməsi, Qars-Gümrü dəmir yolunun və elektrik əlaqələrinin bərpası, eləcə də tarixi Ani körpüsünün birgə bərpası məsələləri müzakirə olunub.
2026-cı ilin aprelində Qars-Gümrü dəmir yolunun bərpası üzrə işçi qrupunun görüşünün keçirilməsi də bu istiqamətdə texniki hazırlıqların davam etdiyini göstərir.
Siyasi təmaslar da intensivləşir...
2026-cı il sentyabrın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın Nyu-Yorkda görüşündə normallaşma, iqtisadi əlaqələr və regional nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunub.
Oktyabrın 5-də Türkiyə Elektrik Ötürücü Korporasiyasının nümayəndə heyətinin İrəvanda Ermənistan rəsmiləri ilə Gümrü-Qars elektrik xəttinin bərpasını müzakirə etməsi, oktyabrın 9-da isə xarici işlər nazirləri Hakan Fidanla Ararat Mirzoyan arasında telefon danışığının aparılması tərəflərin təmasları davam etdirdiyini göstərir.
Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 6-da keçirilən biznes forumunda yaxın gələcəkdə Türkiyə ilə sərhədin açılmasının, həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolu əlaqələrinin bərpasının gözlənildiyini bildirib.
Ankara-İrəvan xəttində siyasi görüşlərin intensivliyi, infrastruktur layihələri və iqtisadi əməkdaşlıq üzrə hazırlıqlar normallaşmanın artıq praktiki mərhələyə keçdiyini göstərir.
Azərbaycanı prosesdən uzaqlaşdırmaq cəhdi
Məlumdur ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasını, regional kommunikasiyaların açılmasını dəstəkləyir. Bu baxımdan, Türkiyə-Ermənistan münasibətlərinin inkişafının Azərbaycanın maraqlarına zidd olmadığını düşünənlər ola bilər. Ancaq əsas məsələ normallaşmanın hansı siyasi şərtlər və proseslər fonunda həyata keçirilməsidir.
Uzun illər Türkiyənin Ermənistanla sərhədinin bağlı qalması Qarabağ münaqişəsi və Azərbaycanın maraqları ilə bağlı idi. İndi isə Ankara ilə İrəvan arasında sərhədin açılması, dəmir yolu və enerji əlaqələrinin bərpası istiqamətində praktiki addımlar atılır.
Bu fonda Türkiyə ictimaiyyətində Azərbaycana qarşı mənfi imic formalaşdırılır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Türkiyə cəmiyyətinin gözündə dost və qardaş ölkə olaraq qaldıqca, Ermənistanla yaxınlaşma əks reaksiya doğura bilər. Əksinə, Azərbaycan “düşmən”, “dinə qarşı dövlət” kimi təqdim edilərsə, Türkiyə-Ermənistan münasibətlərinin inkişafına qarşı ictimai etirazın mənəvi əsasları zəifləyər.
Başqa sözlə, Azərbaycanı gözdən salmaq Türkiyə cəmiyyətinin Ermənistanla yaxınlaşma siyasətinə münasibətinə təsir göstərmək üçün əlverişli vasitə kimi seçilib.
Burada əsas təhlükə Türkiyə ilə Ermənistanın münasibətlər qurması deyil, İrəvanla yaxınlaşmanın Azərbaycanla münasibətlərin zəiflədilməsi və iki xalq arasındakı etimadın sarsıdılması hesabına həyata keçirilməsidir.
Türkiyə-Ermənistan qardaşlaşır: Bəs Azərbaycanın yeri haradadır?
Son dövrdə Türkiyə ilə Ermənistan arasında baş verənlər göstərir ki, münasibətlərin normallaşdırılması artıq diplomatik bəyanatlarla məhdudlaşmır. Sərhəd keçidləri, dəmir yolu, elektrik xətti və iqtisadi əlaqələr üzrə hazırlıqlar gələcək əməkdaşlıq üçün zəmin yaradır. Tərəflər hələ tam diplomatik münasibətlərin qurulması və sərhədin bütün vətəndaşlar üçün açılması mərhələsinə çatmasalar da, praktiki yaxınlaşma istiqamətində irəliləyirlər.
Bu mənada baş verənləri sadəcə Türkiyə-Ermənistan dostlaşması kimi deyil, daha sıx siyasi və iqtisadi münasibətlərə hazırlıq kimi qiymətləndirməliyik. Bəli, Türkiyə İrəvanla əlaqələrini genişləndirə bilər, lakin bu proses Azərbaycanın təhlükəsizlik maraqlarını və iki xalq arasındakı tarixi etimadı nəzərə almalıdır. Üstəlik, prosesi Azərbaycanı Türkiyə cəmiyyətinin gözündən salmaq qardaşlığa sığan addım deyil. Bu yalnız Türkiyə-Ermənistan qardaşlaşmasının göstəricisidir.
Bizim.Media-nın analitik qrupu

































































































