“Azərbaycanda hicabın qadağan olunmasından deyil, məktəblərdə vahid geyim qaydalarının tətbiqindən söhbət gedir. Bu qayda sosial və dini mənsubiyyətindən asılı olmayaraq, bütün şagird və müəllimlərə eyni şəkildə şamil olunur. Azərbaycan İslam dəyərlərinə hörmət edən, dini inancların sərbəst yaşanmasına şərait yaradan dünyəvi dövlətdir. Lakin dini inanclara hörmət məktəblərdə müəyyən edilmiş qaydalara əməl etməmək hüququ vermir”.
Bizim.Media xəbər verir ki, bunu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı deyib.
O bildirib ki, məktəblərə hücum etmək, direktorun avtomobilini yandırmaq, əmlaka zərər vurmaq və insanlara qarşı fiziki zorakılıq göstərmək qəbuledilməzdir. Heç bir dini şüar qanun pozuntusuna və zorakılığa haqq qazandıra bilməz. Belə hallara yol verən şəxslər əməllərinə görə qanun qarşısında cavab verməlidirlər.
Fərid Şahbazlı qeyd edib ki, dini məsələlərdən siyasi məqsədlərlə istifadə edilməsi də ciddi narahatlıq doğurur:
“Xüsusilə İranpərəst qüvvələrin dini həssaslıqları qabardaraq cəmiyyətdə qarşıdurma yaratmaq və dünyəvi təhsil prinsiplərinə qarşı çıxmaq cəhdləri diqqətlə araşdırılmalıdır. Məktəb ilk növbədə təhsil və tərbiyə müəssisəsidir. Burada həm şagirdlərin hüquqları, həm də ümumi qaydalar qorunmalıdır. Vahid məktəb geyimi ilə bağlı müzakirələr aparıla bilər. Amma qəbul edilmiş qaydalara fiziki zorakılıqla qarşılıq vermək yolverilməzdir və hüquqi məsuliyyət yaratmalıdır”.
Bizim.Media
































































































