Məktəblərdə vahid geyim tələbinin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərardan sonra bu məsələ ətrafında müxtəlif müzakirələr və reaksiyalar meydana çıxıb. Xüsusilə xaricdən yönələn informasiya təsirləri, ictimai rəyə təsir göstərmək cəhdləri və ayrı-ayrı dairələr tərəfindən səsləndirilən radikal çağırışlar diqqət çəkir. Bu kontekstdə İrandan Azərbaycanda həyata keçirilən daxili siyasət qərarlarına münasibətdə müdaxilə xarakterli açıqlamaların səsləndirilməsi və cəmiyyət daxilində fikir ayrılıqlarının dərinləşdirilməsinə yönələn çağırışların yayılması ilə bağlı narahatlıqlar ifadə olunur.
Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycan öz dünyəvi dövlətçilik modelini qorumaqla yanaşı İslam sivilizasiyasına bağlılığını daim qoruyub saxlayır:
“Azərbaycan 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyasını qəbul edərək dünyəvi respublika quruluşunu seçdi. Bu, ölkənin bütün sahələrinin dini qaydalarla deyil, dünyəvi prinsiplərlə idarə olunması demək idi. Azərbaycan nə İran, nə də ərəb ölkələrinin modelini seçdi.
Tarixən məscid və mədrəsələrdə dini biliklərlə yanaşı, riyaziyyat və astronomiya kimi elmlər də öyrədilirdi. Lakin zamanla bir çox ölkədə din və dövlət, eləcə də din və təhsil bir-birindən ayrıldı. Azərbaycanda da ilahiyyat təhsili mövcud olsa da, ümumi təhsil sistemi dünyəvi prinsiplər üzərində qurulub.
Məktəbli geyimi ilə bağlı qərarı hicab taxan qızlara və müəllimlərə qarşı addım kimi təqdim etmək düzgün deyil. Azərbaycan çoxmillətli və çoxdinli ölkədir, buna görə də məktəblərdə hamı üçün ümumi qaydaların tətbiqi vacibdir.
Bu yanaşmaya görə, məsələni İslamla Azərbaycan dövləti arasında qarşıdurma kimi təqdim etmək düzgün deyil. Sosial şəbəkələrdə sürətlə yayılan videolar vasitəsilə cəmiyyətdə fikir ayrılığının dərinləşdirilməsi və dövlətə qarşı narazılığın artırılması cəhdləri yaradılır”.
Zahid Oruc qeyd edib ki, təəssüf ki, İranın “Tasnim” xəbər agentliyinin Azərbaycan üzrə araşdırmalar mərkəzi, “Səhər” kanalı və digər informasiya platformaları bu məsələni davamlı işıqlandıraraq, Azərbaycanın guya hicaba qarşı mübarizə apardığını və şəriətə zidd davrandığını göstərməyə çalışırlar:
“Xüsusilə şəhid ailələri və Vətən müharibəsi iştirakçıları üzərindən aparılan bu müzakirələr cəmiyyətdəki birlik və həmrəyliyə zərər vurur, insanları inanclılar və ateistlər kimi qütblərə ayıraraq qarşıdurma təsəvvürü yaradır. İmam Hüseyn məktəbinin bu məsələlərdə ön plana çəkilməsi və mövzunun diniləşdirilməsi müəyyən məqsədlərdən xəbər verir. İddialara görə, məqsəd Azərbaycanı İslam ölkəsinə çevirmək və gələcəkdə insanları Suriyada olduğu kimi, silahlı qruplar ətrafında birləşdirmək, ölkədə “yaşıl inqilab” həyata keçirməkdir.
Bunu açıq şəkildə demək lazımdır. Ona görə də ölkə rəhbəri Yeni Azərbaycan Partiyasının qurultayında həyat tərzimizə kənar müdaxilələrdən danışdı. Lakin bir gün keçməmiş təhsil sahəsində fikir qarşıdurması yarandı. Azərbaycan dövləti üçrəngli bayrağımızın təmsil etdiyi dəyərlər üzərində qurulub.
Bizim dövlətçiliyimiz yalnız müasirliyə və ya türklüyə deyil, həm də tarixi və mədəni irsimizə əsaslanır.
Əgər ölkənin bütün sahələri dinin təsiri altına salınarsa, cəmiyyətdə ciddi qarşıdurma yaranar və Azərbaycan dünyəvi dövlət quruluşundan uzaqlaşar. Heydər Əliyev dini dəyərlərimizə və İslam irsinə həmişə hörmətlə yanaşıb. Onun ailəsi ilə Məkkəni ziyarət etməsi, Bibiheybət məscidinin və Möminə Xatun türbəsinin açılışlarında iştirakı buna nümunədir. İlham Əliyev də bu siyasəti davam etdirərək çoxsaylı məscidlərin bərpasına və tikintisinə dəstək verib, dini mərasimlərdə iştirak edib.
Şuşanın azad edilməsindən sonra orada azan səsinin ucalması da dini və milli dəyərlərimizin əhəmiyyətini göstərir. İşğal dövründə dini hüquqlar uğrunda mübarizə aparmayan bəzi qüvvələrin indi məktəblilərin və müəllimlərin hüquqlarını müdafiə etdiklərini iddia etməsi suallar doğurur.
Görünən odur ki, uşaqların və valideynlərin dini duyğularından istifadə edilir. Unutmaq olmaz ki, məktəb millətin və dövlətin gələcəyini formalaşdıran əsas məkanlardan biridir. Əgər məktəblər bütövlükdə dini təhsilin təsiri altına düşərsə, dünyəvi dəyərləri müdafiə edən insanlar buna etiraz edəcəklər.
Burada bir ziddiyyət də var: əvvəllər açıq-saçıq geyimləri müdafiə edənlərin bu gün normal məktəbli geyiminə etiraz etməsi anlaşılmaz görünür. Bütün bunlar Azərbaycan dövlətinin dünyəvi quruluşu və milli dəyərləri ətrafında gedən mübarizənin bir hissəsi kimi təqdim olunur. Bu yanaşmaya görə, Vətən müharibəsində məğlub olan qüvvələr indi informasiya məkanında hibrid müharibə aparmağa çalışırlar”.
Alçina Amilqızı, Bizim.Media



































































































