Son dövrlər Türkiyədə müəyyən siyasi dairələrin Azərbaycanı İsraillə iqtisadi əlaqələrinə görə tənqid etməsi diqqət çəkir. Fələstin məsələsini əldə bayraq edən həmin çevrələr Azərbaycanın xarici siyasətinə irad tuturlar. Lakin Türkiyənin özünün İsraillə uzun illər ərzində formalaşmış ticarət, investisiya və logistika əlaqələri nədənsə “yada düşmür”.
Halbuki rəqəmlər, şirkətlərin fəaliyyəti və dəniz daşımaları ilə bağlı məlumatlar iki ölkə arasında iqtisadi münasibətlərin diplomatik bəyanatlardan daha mürəkkəb mənzərəyə malik olduğunu göstərir.
Qeyd edək ki, rəsmi Ankara 2 may 2024-cü ildə İsraillə idxal və ixrac əməliyyatlarının tamamilə dayandırıldığını elan edib. Lakin sonrakı dövrə aid beynəlxalq ticarət statistikalarında Türkiyə mənşəli məhsulların İsrail bazarına daxil olması ilə bağlı rəqəmlər, türk şirkətlərinin investisiyaları və müxtəlif gəmiçilik marşrutları barədə kifayət qədər faktlar üzə çıxıb.
Milyardlarla dollarlıq ticarət: Embarqodan əvvəlki mənzərə
Türkiyə ilə İsrail arasında iqtisadi münasibətlər Qəzzada müharibə başlamazdan xeyli əvvəl geniş miqyas almışdı. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə təxminən 9,5 milyard dollara çatıb. 2023-cü ildə isə ümumi ticarət dövriyyəsi təxminən 7 milyard dollar səviyyəsində olub.
Türkiyə Statistika Qurumunun məlumatlarına əsasən, 2023-cü ilin ilk 10 ayında Ankara İsrailə 4 milyard 151 milyon dollardan çox məhsul ixrac edib, əvəzində isə bu ölkədən 1 milyard 319 milyon dollarlıq mal alıb.
İsrailin Mərkəzi Bankının 2025-ci ilin martında dərc etdiyi hesabata əsasən, Türkiyənin 2023-cü ildə İsrailə ixracı 5,3 milyard dollar təşkil edib. Bu, İsrailin ümumi idxalının 6,3 faizinə bərabər olub.
Ticarətin strukturunda sənaye məhsulları xüsusi yer tutub. 2023-cü ilin ilk 10 ayında Türkiyənin İsrailə dəmir və polad ixracı 589,8 milyon dollar təşkil edib. İsraildən Türkiyəyə gətirilən məhsullar arasında isə 552,9 milyon dollarla mineral yağlar və yanacaqlar üstünlük təşkil edib.
Beləliklə, müharibənin ilk aylarında belə iki ölkə arasında münasibətlər yalnız diplomatik təmaslardan ibarət olmayıb. Sənaye xammalı, tikinti materialları, maşınqayırma məhsulları və ərzaq malları qarşılıqlı iqtisadi əlaqələrin əsas istiqamətləri olaraq qalıb.
Türkiyənin çətin günlərdə İsrailə dəstəyi
2023-cü il oktyabrın 7-dən – yəni Qəzzada savaş başlayandan sonra Türkiyənin İsrailə məhsul tədarükü məsələsi daha həssas siyasi mövzuya çevrildi.
Müharibənin başlamasından 10 gün sonra “YemenPress” Agentliyinin 17 oktyabr 2023-cü il tarixində təqdim etdiyi materialda Müharibənin İsrailin kənd təsərrüfatına zərər vurduğu, yaranmış qıtlığın aradan qaldırılması üçün Türkiyədən gələn gəminin İsrailin Hayfa limanına 4500 ton meyvə-tərəvəz çatdırdığı qeyd olunub.
Türkiyənin İsrailə məhsul göndərməsi ilə bağlı faktlar təkcə ərzaqla məhdudlaşmırdı. 2023-cü ilin sonunda sosial şəbəkələrdə Türkiyə istehsalı olan trikotaj alt paltarlarının İsrailə çatdırılmasını əks etdirən görüntülər yayıldı. Həmin məhsulların İsrailin gəmiçilik şirkəti olan ZIM ilə əlaqəli daşımalar vasitəsilə gətirildiyi üzə çıxmışdı.
2 may 2024-cü il qərarı və ziddiyyətli statistika
Türkiyə hökuməti 2024-cü il mayın 2-də İsraillə bütün məhsul qrupları üzrə ixrac, idxal və tranzit ticarətinin dayandırıldığını elan etdi. Rəsmi Ankara qərarın Fələstindəki humanitar vəziyyətlə əlaqədar qəbul edildiyini bildirdi.
Lakin sonrakı dövrə aid beynəlxalq statistik məlumatlar və Türkiyə rəsmilərinin açıqlamaları arasında ziddiyətləri ortaya çıxardı.
BMT-nin Comtrade bazasının məlumatlarında Türkiyənin 2024-cü ildə İsrailə təxminən 2,86–2,9 milyard dollar dəyərində məhsul satdığı öz əksini tapıb. Türkiyə bu göstərici ilə İsrailin ən çox məhsul aldığı ölkələr siyahısında beşinci pillədə qərarlaşıb.
Beynəlxalq ticarət platforması olan “Trading economics”-in bazasında isə Türkiyənin 2024-cü ildə İsrailə ixracının toplam dəyərinin 1,52 milyard ABŞ dolları olduğu qeyd edilib.
Yunanıstan və Kipr marşrutları: Əməkdaşlıq davam edir...
Türkiyə ilə İsrail arasında ticarətin embarqodan sonra da davam etməsində üçüncü ölkələr vasitəsilə daşımalar xüsusi yer tutur.
İsrailin “Maariv” qəzetinin 2025-ci il sentyabrın 17-də dərc etdiyi materialda türk məhsullarının Yunanıstan üzərindən İsrailə çatdırıldığı qeyd olunub. Həmin dövrdə İsrail Podratçıları Assosiasiyasının rəhbəri Eran Siv həmin ilin yanvar-iyul aylarında Türkiyədən idxalın 1,9 milyard şekel təşkil etdiyini bildirmişdi. Onun sözlərinə görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal təxminən 67 faiz azalsa da, ayda təqribən 1500 konteyner İsrailə daxil olmağa davam edirdi.
Bəzi yüklər əvvəlcə Yunanıstana göndərilir, daha sonra sənədləri dəyişdirilərək yunan təchizatçısından alınmış məhsullar kimi rəsmiləşdirilirdi. İsrailin “Geshem Holdings” şirkətinin prezidenti Şmager Vaknin də türk məhsullarının Kipr və Rodos vasitəsilə İsrailə yönləndirildiyini açıqlamışdı.
Türkiyənin “Denizhaber” dənizçilik portalının 2025-ci il oktyabrın 4-də dərc etdiyi araşdırmada türk şirkətləri tərəfindən idarə olunan bir sıra gəmilərin İsrailin Aşdod limanına yüklər daşıdığı qeyd olunub. Araşdırmada həm Türkiyə limanlarından birbaşa yola çıxan, həm də Yunanıstan, Kipr və Misir kimi ölkələr üzərindən hərəkət edən gəmilərin adları çəkilir.
Siyahıda diqqət çəkən ilk nümunə “Şahin 2” yük gəmisidir. Məlumata görə, Vanuatu bayrağı altında üzən gəmi 2025-ci il sentyabrın 2-də İzmirin Əliağa bölgəsindəki Nemrut limanından yola çıxıb və oktyabrın 2-də Aşdod limanına çatıb. Gəminin sahibinin Türkiyənin RS Shipping şirkəti, operatorunun isə Baba Gemi İşletmeciliği şirkətidir.
Digər nümunə “Bozkurt” yük gəmisidir. Liberiya bayrağı altında üzən gəmi sentyabrın 9-da Fəthiyədən yola çıxaraq sentyabrın 27-də Aşdoda çatıb. Gəminin sahibi kimi Bozkurt Marine SA göstərilsə də, onun idarəçiliyini İstanbulda yerləşən Kamer Marine Denizcilik IC şirkəti həyata keçirir.
Kamer Marine Denizcilik IC-nin adı “Vera Rose” gəmisinin idarəçiliyində də keçir. Kadir Çolak Shipping & Trading şirkətinə məxsus olduğu bildirilən gəmi 2025-ci il sentyabrın 26-da Misirin Port-Səid limanından yola çıxıb və ertəsi gün Aşdoda çatıb.
Digər gəmi “Navin Harrier”dir. Məlumata görə, İstanbulda yerləşən Nordic Cyclone şirkəti bu gəmini Bright Denizcilik ve Gemi şirkətinə icarəyə verib. Marshall adaları bayrağı altında üzən gəmi sentyabrın 10-da Yunanıstanın Sousaki limanından yola çıxaraq dörd gün sonra Aşdoda çatıb.
Siyahıda “Benigane” və “Jasim” gəmiləri də yer alır. Palau bayrağı altında üzən “Benigane” 2025-ci il oktyabrın 3-də Kiprin Vassiliko limanından çıxaraq oktyabrın 4-də Aşdoda çatıb. Gəminin icarə əməliyyatlarının Aras Shipping şirkəti ilə əlaqəlidir. Sent-Kits və Nevis bayrağı altında üzən “Jasim” isə oktyabrın 1-də Misirin Əl-Əriş şəhərindən yola çıxaraq növbəti gün Aşdod limanına çatıb. Gəmi Archbulk Shipping şirkəti ilə əlaqələndirilir.
Bu nümunələrdə ortaq cəhət odur ki, gəmilərin bir qismi Türkiyə şirkətlərinə aid olsa da, müxtəlif xarici dövlətlərin bayraqları altında üzür və fərqli marşrutlardan istifadə edir.
Gəmi trafikinin miqyası barədə daha rəqəmlər də açıqlanıb. “BirGün” nəşrinin 2025-ci il oktyabrın 7-də dərc etdiyi məqalədə qeyd olunub ki, həmin ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından İsrail istiqamətində ümumilikdə 456 birbaşa gəmi səfəri qeydə alınıb. Mənbənin təqdim etdiyi statistikaya əsasən, bu səfərlərin 302-si Hayfa, 154-ü isə Aşdod limanına daxil olub.
Gəmilərin yola düşdüyü limanlar arasında İskəndərun 130 səfərlə ilk sırada göstərilib. Mersin limanından 103, İzmirin Əliağa bölgəsindəki Nemrut limanından 80, Kocaeli körfəzi limanlarından isə 45 səfər qeydə alınıb.
Daşımaların növü də diqqət çəkir. 456 səfərin 176-sı konteyner, 118-i ümumi yük, 79-u Ro-Ro, 35-i quru yük və 30-u tanker gəmilərinin səfərləri kimi təsnif edilib. Bayraqlar üzrə bölgüdə Panama bayrağı altında 110, Liberiya bayrağı altında isə 98 səfər göstərilib. Həmin dövrdə Türkiyə bayrağı altında üzən ən azı səkkiz gəminin də İsrail limanlarına daxil olduğu bildirilib.
2025–2026-cı illərin statistikası
Türkiyə ilə İsrail arasındakı iqtisadi əlaqələr 2025-ci ildə də davam edib.
İsrailin Mərkəzi Statistika Bürosunun məlumatlarına əsasən, Türkiyədən 2025-ci ilin yanvar-may aylarında 393,7 milyon dollarlıq məhsul idxal edilib. 2026-cı ilin yanvar-fevral ayları üzrə isə statistikada isə Türkiyədən idxalın 176 milyon dolları keçdiyi, yalnız fevral ayında 94 milyon dollar təşkil etdiyi öz əksini tapıb.
2025-ci ildə Türkiyə İsrailə 183,2 milyon dollar dəyərində əsas metallar, 172,8 milyon dəyərində maşın və avadanlıqlar göndərib. Həmçinin, 45,7 milyon dollar həcmində qida məhsulları, 15,3 milyon dollarlıq mineral məhsullar ixrac edib. İsrailin Türkiyədən 2025-ci ildə 924 milyon dollarlıq məhsul idxal etməsini digər mənbələr də təsdiqləyir.
BMT-nin Comtrade bazası və “Trading Economics” məlumatlarına əsasən, İsrail 2025-ci ildə Türkiyədən təxminən 2,12 milyard dollarlıq məhsul alıb. Həmin məhsullar sıradna 283,17 milyon dollarlıq elektrik və elektron avadanlıqları, 235,43 milyon dollarlıq dəmir-polad, 177,52 milyon dollarlıq qiymətli daşlar və metallar, 137,4 milyon dollarlıq plastik materiallar qeyd olunur.
İsraildəki türk biznesinin əsas simaları
Türkiyə-İsrail iqtisadi əlaqələrinin digər mühüm istiqaməti türk şirkətlərinin İsraildəki investisiyaları və uzunmüddətli fəaliyyəti ilə bağlıdır.
Bu sahədə ən diqqətçəkən nümunələrdən biri Zorlu Holding və onun törəmə enerji şirkətidir. “Zorlu Energy”nin İsraildəki fəaliyyəti bir neçə elektrik enerjisi layihəsini əhatə edir. Şirkətin törəmə strukturları vasitəsilə Aşkelon, Aşdod və Ramat Negev bölgələrində enerji istehsalı ilə bağlı investisiyaları mövcuddur.
Zorlu qrupu Aşkelonda 840 meqavat gücündə təbii qazla işləyən elektrik stansiyasına investisiya qoyub. Şirkət 2003-cü ildə “Dorad Energy Ltd”də 25 faiz pay əldə edib. “Zorlu Energy”nin 42,15 faiz paya sahib olduğu “Ezotech Electric Ltd” isə “Ashdod Energy Ltd” və “Ramat Negev Energy Ltd” şirkətlərinin tam mülkiyyətçisidir.
Digər investisiya nümunəsi “Solad Energy Ltd”dir. 2006-cı ildə yaradılan bu şirkət Aşdod və Aşkelondakı sənaye müəssisələrinin enerji təminatında istifadə edilən koqenerasiya stansiyası layihəsinə investisiya qoyub. Layihənin istehsal gücü 77 meqavat elektrik enerjisidir.
Tikinti sektorunda isə Yılmazlar Construction Group xüsusi yer tutur. Adıçəkilən Türkiyə şirkəti İsraildə təxminən 40 ildir fəaliyyət göstərir. Şirkətin İsraildə həyata keçirdiyi layihələr arasında Hayfa limanı, Bloomfield stadionu, “Azrieli Town”, “Electra Landmark”, İsrail Milli Kitabxanası və çoxsaylı yaşayış, biznes kompleksləri var.
Üstəlik, şirkətin öz açıqlamasında bildirilir ki, 2026-cı ildə də Türkiyədən İsraildəki layihələrinə işçi qrupları göndərib. Yəni şirkət İsraildə fəaliyyətinə əvvəlki qaydada davam edir.
“Karar” nəşrinin məlumatına görə, sənaye və metal sektorunda İÇDAŞ, Tosyalı, Eren Holding, Evyap Holding, Akçansa və Nuh Çimento kimi şirkətlər də İsraillə əməkdaşlığa davam edir.
Türkiyənin “Evrensel” nəşrinin məlumatına görə, 2024-cü ildə isə Türkiyədən İsrailə 30,3 min ton armatur göndərilib. 2025-ci ildə isə Türkiyə İsrailə 183 milyon dollardan çox metal ixrac edib.
İsraildə türk şirkətlərinin fəaliyyəti bununla da məhdudlaşmır. “Adopen”, “Anadolu Isuzu”, “Beyaz Kağıt”, “Mesan Furniture Equipment”, “Panelsan”, “Vemis Steel”, “Yeğenler Kimya” və “Paşabahçe” kimi şirkət və brendlər də İsrail bazarında məhsul satışını davam edir.
Ərzaq, tikinti materialları və müdafiə sənayesində əməkdaşlıq
Türkiyə ilə İsrail arasındakı iqtisadi əlaqələr yalnız böyük enerji və tikinti layihələrindən ibarət deyil. Qida məhsulları, tekstil, plastik, elektronika, metal və sənaye avadanlıqları da ticarətin mühüm hissəsini təşkil edir.
Mersində qeydiyyatdan keçmiş “Tunc Agro Gida Sanati ve Ticaret Limited” şirkəti İsrailə qida tədarükü ilə məşğul olan müəssisələrdən biridir. Şirkət 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabrına qədər ümumilikdə 162 ixrac göndərişi həyata keçirib. Şirkətin əsas bazarları arasında İsrail də yer alır.
Ən diqqətçəkən məqamlardan biri də Türkiyə və İsrail arasında müdafiə sahəsində də əməkdaşlığın olmasıdır. Belə ki, cari ilin martında ABŞ Dövlət Departamenti İsrailə 12 min ədəd BLU-110A/B “hava-yer” bombasının satışını təsdiqləyib.
Departamentin satışla bağlı açıqlamasında əsas baş podratçı kimi “Repkon USA” şirkətinin adı qeyd olunub. Məlumat üçün qeyd edək ki, “Repkon” adlı türk müdafiə sənayesi şirkəti ilə əlaqəli olan və ABŞ-də fəaliyyət göstərən “Repkon USA” sursat gövdəsi istehsalı sahəsində ABŞ müdafiə ekosisteminə inteqrasiya olunmuş quruluşa malikdir. Buna görə də yerli və xarici bir çox xəbər platforması hadisəni “Türk şirkəti ABŞ vasitəsilə İsrailə sursat göndərir” kimi təqdim etmişdi.
Rəsmi bəyanatlar və iqtisadi reallıq arasındakı zidiyyət
Türkiyənin İsraillə ticarəti dayandırmaq barədə qərarı ilə beynəlxalq statistik bazalarda əks olunan rəqəmlər, üçüncü ölkələr üzərindən daşımalar barədə faktlar və türk şirkətlərinin İsraildəki uzunmüddətli investisiyaları arasında mürəkkəb mənzərə yaranıb.
Bir tərəfdən Ankara 2 may 2024-cü ildən İsraillə birbaşa ticarətin dayandırıldığını bildirir və Fələstinlə ticarətin ayrıca mexanizmlə aparıldığını vurğulayır. Digər tərəfdən, İsrailin idxal statistikası, beynəlxalq ticarət bazaları, gəmiçilik sektoruna dair məlumatlar, Türkiyə məhsullarının İsrail bazarlarında satılmasına dair fotofaktlar Ankaranın bəyanatlarını ifşa edir.
Göründüyü kimi, Ankara nə qədər təkzib etsə də, faktlar göz önündədir: Türkiyə İsraillə iqtisadi əməkdaşlığı davam etdirir. Belə olan halda, Türkiyədə bəzi dairələrin Azərbaycanı İsraillə iqtisadi münasibətlərinə görə tənqid etməsi tamamilə absurd və riyakarlıqdır.
Bizim.Media-nın analitik qrupu

- A-
- A
- A+
Siyasət
19:29 / 12.10.2026
Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ
Hazırda oxunan: Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ
Hazırda oxunan: Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ
641838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































