Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Hazırda oxunan: Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

641785

“Təhsilin dünyəviliyi və vahid məktəbli geyim forması son dövrlərin aktual mövzularındandır. Azərbaycan dünyəvi, sekulyar dövlətdir və dünyəvilik əsas prioritet istiqamətlərdən biridir”.

Bunu Bizim.Media-ya açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı İnkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov deyib. 

O bildirib ki, eyni zamanda, Azərbaycanda mənəvi və dini dəyərlərə dövlət qayğısı həmişə olub. Azərbaycan tolerant, eyni zamanda multikultural ölkədir.

Dosentin sözlərinə görə, son dövrlər məktəblərdə geyim formasının aktuallaşması vahid geyim sisteminə keçidlə bağlıdır. Çünki dövlətin tətbiq etdiyi vahid təhsil sistemində vahid geyim də vacibdir.
 

"Bu, şagirdlərin dünyagörüşünün formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına istiqamətlənmiş bir hədəfdir.


Bu nöqteyi-nəzərdən tədbirlərin həyata keçirilməsi başadüşüləndir və qəbulediləndir. Fakt budur ki, məktəblərdə nizam-intizam və təşkilati məsələlərin gücləndirilməsi təhsil siyasətinin mühüm istiqamətlərindən biridir. Çünki təhsil müəssisələrində şagirdlərin müxtəlif geyimlərlə məktəbə gəlməsi, hansısa aksesuarlardan istifadə etməsi, yaxud açıq-saçıq geyimlər geyinməsi məktəblilər arasında müəyyən fərqlərin yaranmasına gətirib çıxarır. Eyni zamanda, sosial adaptasiyanı çətinləşdirir". 

Şölət Zeynalov vurğulayıb ki, bu nöqteyi-nəzərdən vahid formanın tətbiqi şagirdlərdə məsuliyyət hissini artırır, məktəb kimliyinin formalaşmasına ciddi müsbət təsir göstərir.

"Bildiyimiz kimi, kapitalizm dövründə yaşayırıq. Şagirdlərin və valideynlərin bir hissəsi imkanlı, digəri isə orta səviyyədə ola bilər. Onların müxtəlif geyimlərdə məktəbə gəlməsi sosial adaptasiyanı çətinləşdirir və bu da uşaq psixologiyasına təsir edir. Dövlət siyasətinin həyata keçirilməsini bu baxımdan anlaşıqlı qəbul etməliyik. Nazirlər Kabinetinin müvafiq qərarına hörmət etməliyik. Geyim qaydalarına və yaxud məktəbə gəlmək qaydalarına ciddi şəkildə əməl olunmalıdır". 

Şölət Zeynalovun fikrincə, forma eyniliyi ayrı-seçkilik riskini azaltmağa hesablanıb. Təhsil fəlsəfəsinin gücləndirilməsi burada əsas prioritetlərdən biridir.

"Bu nöqteyi-nəzərdən şagirdlərin məktəbə müxtəlif geyim formalarında gəlməsi məqbul hesab olunmur. Biz bilirik ki, vahid məktəbli geyimi şagirdlərdə özünəinamın formalaşmasına, dərs mənimsəməsinə ciddi təsir edir. Fərqliliklər aradan qaldırılır, onların şüurunda heç kimin heç kimdən üstün olmadığı fikri yaranır. Bu, eyni zamanda, məktəb institutunun formalaşmasına ciddi təkan verir. Şüurlarda bir-birinə hörmət və həmrəylik hissini artırır". 
 

O, həmçinin dövlət və din münasibətlərinə də diqqət çəkərək bildirib ki, Azərbaycanda din və dövlət münasibətləri həmişə yüksək səviyyədə koordinasiya olunub. 


"Azərbaycan sekulyar dövlət olmasına baxmayaraq, eyni zamanda dini və mənəvi dəyərlər dövlət tərəfindən qayğı ilə əhatə olunub. İstər torpaqlarımızın işğaldan azad edilməsində, orada tikilən yeni məscidlər nümunə kimi göstərilə bilər. Həmçinin Şuşada, xatırlayırsınız ki, azan səsi eşidildi. Bu, dövlətin milli-mənəvi dəyərlərinə sədaqəti və hörmətidir.

Bu nöqteyi-nəzərdən bizə qarşı xaricdən yönəlmiş ideoloji risklərə də qarşı dayanıqlı olmalıyıq. Biz anlayışlı olmalı, qarşılıqlı hörmət və kommunikativlik şəraitində məktəblərdə maarifləndirmə işlərini gücləndirərək bu məsələləri həll etməliyik".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin