Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinin İrana qarşı müharibədə iştirak etməyəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Sikorski bu açıqlamanı Polşanın “Rzeczpospolita” gündəlik qəzetinə müsahibəsində verib.
“Biz yardım göstərmək istərdik, lakin İrana qarşı müharibəyə qoşulmaq fikrində deyilik”, – deyə o vurğulayıb.
Sikorski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq cəhdlərini də yüksək qiymətləndirdiklərini qeyd edib. Onun sözlərinə görə, bu səylər təcavüz qurbanına deyil, təcavüzkara təzyiq göstərildiyi halda nəticə verə bilər.
Polşa XİN rəhbəri əlavə edib ki, 15 il əvvəl ölkəsi də digər dövlətlər kimi Rusiya ilə münasibətləri normallaşdırmağa hazır olub. Lakin Rusiyanın qonşu ölkələrə müdaxilələri Varşavanın siyasətini dəyişməsinə səbəb olub.
Sikorski, həmçinin Polşanın son 30 ildə məcmu iqtisadi artım baxımından Çin səviyyəsinə demək olar ki, çatdığını iddia edib.
Bizim.Media


































































































