Azərbaycan Avrovision mahnı müsabiqəsində qazandığı uğurlu təcrübəsinin ardından daha bir mötəbər beynəlxalq yarışa ev sahibliyi edir.Yaxın günlərdə ilk Avropa Olimpiya Oyunları vətənimizdə start götürəcək. Avropanın 50 ölkəsindən olan 6000-dən artıq atlet 20 idman növündə öz gücünü sınayacaq.
Avropa Olimpiya Komitəsi (AOK) Oyunların əhəmiyyətini yüksək qiymətləndirir. AOK bildirir ki, Azərbaycandakı Avropa Oyunları bütün avropalıların yaddaşında silinməz izlər buraxacaq. Yeni stadionlar və infrastrukturlar oyunların yüksək səviyyədə təşkili üçün mühüm rol oynayır. Bu həm də azərbaycanlı gənclərin digər avropalı yaşıdları ilə həmrəyliyi üçün gözəl imkan yaradır.
Bugünlərdə bütün Avropa səbirsizliklə Avropa Oyunlarının açılışını gözləyir. Bu münasibətlə Azərbaycan Tələbə Şəbəkəsi (ASN) oyunlara olan yüksək marağı nəzərə alaraq Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Oyunlarının açılış mərasimini birlikdə izləmək üçün tədbir planlaşdırıb. Açıq havada yerləşdirilmiş böyük ekranda qonaqlara Açılış Mərasimindən zövq almaq imkanı yaradılacaq. Tədbir 12 İyun, saat 15.00-da başlayacaq. ASN Almaniyada yaşayan azərbaycanlıları Avropa Oyunlarının açılış mərasimini birlikdə izləməyə dəvət edir.



































































































