Dünyanın diqqəti İŞİD-in bayrağının dalğalandığı Türkiyə-Suriya sərhəddindədir. Kobani şəhərini ələ keçirəndən sonra İŞİD-in növbəti hədəfi gözlənildiyi kimi Türkiyə oldu. Kobanidə atılan mərmilərin istiqaməti Türkiyə ərazisinədir. Bu hücumlar nəticəsində artıq yaralananlar da var.
ANS TV-nin məlumatına görə, suriyalı kürdlərlə küçə döyüşlərindən sonra İŞİD döyüşçüləri Türkiyə sərhədi yaxınlığındakı Kobani şəhərinin üç rayonunu ələ keçiriblər. Döyüşlərin getdiyi bir vaxtda şəhəri tərk edənlər Türkiyə sərhədinə üz tuturlar. Üç həftə ərzində mühasirədə qalan Kobaninin ələ keçirilməsilə Turkiyə-Suriya sərhədinin uzun bir hissəsi İŞİD-in nəzarətinə keçir. Kobani şəhərini 160 mindən artıq qaçqın tərk edib.
Hələlik Türkiyə ordusu müdafiə mövqeyi tutub. Suriya ilə sərhədə ağır texnikadan divar çəkilib. Quru qoşunları və hava qüvvələri döyüşə hazır vəziyyətə gətirilib. Sərhədə raket kompleksləri yerləşdirilir. Kobanini şərq və cənub şərqini ələ keçirən İŞİD-lə kürd peşmərgələr arasında döyüşlər artıq Türkiyənin kəndələrinə sirayət etməyə başlayıb. Terrorçuların atdığı mərmilərə Türkiyənin sərhəd kəndlərinə düşür. Təhlükə bir addımlıqdadır. Türkiyə ordusu hələ gözləmə mövqeyindədir.
Kobani şəhəri İŞİD silahlılarının tamamilə nəzarətinə keçir. Əsas mövqelər tutulub. Sonadək vuruşacaqlarını əvvəlcədən bəyan edən kürdlər məhəlli döyüşlər aparırlar və get-gedə bu mövqe döyüşlərindən də məğlub ayrılırlar. Vaxtında Türkiyədən silah istəsələr onlara silah satılmadı. "Bzim üçün İŞİD-lə PKK eynidir" deyən Türkiyənin yürütdüyü siyasət bəlli olur. Koalisiya qüvvələrinin havadan dırnaqarası dəstəyi nəticəsiz oldu. Ya Birləşmiş Ştatlar başda olmaqla müttəfiqlərin endirdiyi zərbələr tutarlı deyildi, ya da İŞİD bu zərbələrdən yayınmağı bacardı.
Əslində üsyançıların Suriyada illərlə apardığı müharibə zamanı həm hava hücümundan müdafiə, zərbələrdən yayınmaq təcrübəsi var idi. Amma İŞİD-in silah-texnikası bitib tükənmir. Bu qədər silah terrorçularda hardandır? Sualın cavabını bir çox qonşu dövlətlərdə və okeanın o tayında axtarmaq olar. Bəşər Əsədi devirmək üçün aparılan 4 illik müharibə zamanı üsyançılara verilən silah indi müttəfiqlərə qarşı çevrilir. Suriya, İraq və Kobanidən sonra İŞİD-in Türkiyəyə müdaxilə ehtimalı böyükdür. Sərhəddə gərgin anlar yaşanır. Vəziyyət bir anda dəyişə bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantəpdə suriyalı qaçqınlara baş çəkib. Ərdoğan Kobanidə İŞİD-ə müqavimət köstərən kürdlərə dəstək verdiyini bildirib. Türkiyə prezidenti Qərbə səslənərək, bu iş hava ilə olmaz deyə quru qoşunların müdaxiləsinə işarə vurub:
"Kürd qardaşlarımızı yaşadığı qəsəbə və şəhərə edilən hücümları diqqətlə təqib edirik".
Prezident Ərdoğan Türkiyənin həm İŞİD, həm də PKK kimi terror qruplarına hər zaman qarşı olduqlarını bildirib.

































































































