Moderator.az millət vəkili Qənirə Paşayevanın bir neçə il öncə uşaq evlərinin birində balaca bir qız ilə dialoqunu oxuculara təqdim edir:
"Onlardan gələn qoxunu ciyərlərinizə möhkəm çəkin.Yaradanı daha yaxından hiss edəcəksiniz.
Uşaq evində balaca bir qız ilə yaşadığımız dialoqu bir neçə il keçsə də heç zaman unutmadım. Gözlərinin dərinliyində gizlətdiyi kədəri, o baxışları da...Bu gün uşaq evini ziyarət etdiyimizdə müəllimlərlə, uşaqlarla söhbətimiz zamanı o dialoqu bir daha xatırladım. Buranın sakinlərinin hər birinin fərqli hekayəsi var amma hamısının gözlərinin dərinliyindəki kədər eynidir...
- Qənirə xala bilirsən mənim heç kəsim yoxdur.
- Amma sənin Allahın var və o ən güclüdür
- Bəs o hardadır mən heç onu görmürəm
- Doğrudur sən onu görmürsən amma o hər dəqiqə sənin yanındadır,səni görür, sənə yardım edir, dəstək olur
- Mən gecələr ağlayanda da o mənim yanımda olur
- Hər zaman
- Bəs, mən onunla danışa bilərəm
- Hər zaman çünki o sənin ən yaxın dostundur.
- O mənə yardım edər?
- O sənə hər zaman yardım edir. Bax sən çox gözəl qızsan, ağıllısan, sağlamsan.
- Mən ondan xahiş edə bilərəm?
- Əlbətdə
- O zaman qoy o övladlarını atan ata-anaları cəzalandırsın. Bir də balaca uşaqların ata-anası ölməsin... Bir də qoy çox adamlar gəlsin bura, uşaqları sevindirsin
- O səni eşidir... Məni də bura O göndərib
- Hə?
- Əlbətdə
- Qoy onda səni bura tez-tez göndərsin...
- O hamısını eşidir...
- O hamıdan güclüdür?
- Hamıdan...
- O heç kəsdən qorxmur?
- Qorxmur
- Heç nədən?
- Heç nədən...
- Mənim dostum olar?
- O sənin ən yaxın dostundur
- Qənirə xala tez-tez gəl.
- Gələcəm amma sən hər gün Allaha dua et və sən xoşbəxt olacaqsan buna inan...
- Bir az qucağında uzanım
- Gəl
-Sən layla bilirsən?
-Bilirəm
- Mənə oxuyarsan?
- Oxuyaram
- Saçımı da sığalla
-Yaxşı
- Qənirə xala sən ana qoxuyursan...
Onun üçün layla oxuya bilmədim gözyaşlarımı görüb hiss etməsin deyə amma çoxlu dualar oxudum. Allaha bu yaralı qəlblərə özün yardım et və qucağımda ana qoxusu axtaran bu balacanın dualarını qəbul et dedim. Hər birinin bir ayrı acı hekayəsi var uşaq evindəki körpələrin amma həsrət olduqları şeylərdir onları birləşdirən. Ata-ana qoxusu, qucağı, sevgisi, həsrəti,özləmi, qayğısı. Bu əziz ayda uşaq evlərində uşaqları olan anaları, ataları və ya ata-anasız olanların əqrabalarını, imkanı çatan hər kəs onları ziyarət etsin. Maddi deyil onların əksəriyyətinin sadəcə sevgiyə, qayğıya, gözəl sözlərə, sığala və bəzən bir laylaya ehtiyacları var. Qucağınızı onlara açın həsrət qaldıqları qoxunu ala bilsinlər.Onlardan gələn qoxunu da ciyərlərinizə möhkəm çəkin.Yaradanı daha yaxından hiss edəcəksiniz."





































































































