Bayıldan Quba-Qusara - Torpaq niyə ayağımızın altından “qaçır”?

Hazırda oxunan: Bayıldan Quba-Qusara - Torpaq niyə ayağımızın altından “qaçır”?

638926

Son günlər Azərbaycanın müxtəlif rayonlarında torpaq sürüşmələri ilə bağlı xəbərlər yayılır.

Yağıntıların artması fonunda sürüşmə təhlükəsinin yüksəlib-yüksəlmədiyi, yaxın günlərdə hansı ərazilərin daha çox risk altında olduğu və bu proseslərdə insan amilinin nə qədər rol oynadığı sual doğurur. 

Bəs hazırda Azərbaycanda sürüşmə təhlükəsinin artmasından danışmaq olarmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Azərbaycan ərazisində torpaq sürüşmələri təbii proseslər nəticəsində əmələ gəlir. 

Onun sözlərinə görə, burada müəyyən qədər antropogen təsirlər də var, amma əsas səbəb təbii proseslərdir:

"Təbii proseslərin də əsas səbəblərindən biri son illərdə yağıntıların, xüsusilə 2025-ci ilin axırlarından və 2026-cı ildə yağıntıların miqdarının artmasıdır. Bu da torpaqda hopur və sürüşmələrə səbəb olur. Torpağın tərkibində müxtəlif tip torpaq nümunələri, sürüşməyə meyilli olan müxtəlif maddələr olduğundan bu proses həmişə baş verir".

Yollar çəkilir, ağaclar kəsilir - yamaclar təhlükəyə düşür

Professor qeyd edib ki, sürüşmələrin yaranmasında əsas antropogen təsir həmin ərazilərdən düzgün istifadə edilməməsidir:

"Orada yolların çəkilməsi, ağacların kəsilməsi bu ərazilərdə həmin prosesləri sürətləndirir. Bu, həm bizim Bakı ərazisində, Bayıl sahəsində, xüsusilə dənizətərafı ərazilərdə landşaftdan asılı olan yerlərdə, həm də Böyük Qafqazın şərq sahillərində, xüsusilə Quba-Qusar ərazilərindəki yamaclarda, Kiçik Qafqazda da baş verir". 

Hansı ərazilər risk altındadır?

Coğrafiya İnstitutunun şöbə müdiri hazırda sürüşmə ilə bağlı risk altında olan əraziləri də açıqlayıb:

"Antropogen amillər, xüsusilə dağ yamaclarında yolların çəkilməsi, dik sahələrin yaranması, xüsusilə Şamaxı zonasında bu prosesləri sürətləndirir. O ərazilər elə bil yarılır və yığılan yağıntılar mütləq müəyyən yerə çıxmalıdır.

Bunların olmaması üçün həmin ərazilərdə ağac əkilməlidir. Bu ağaclar dirəklər kimi yerə vurulur və torpağı sürüşmədən qoruyur. Mən Yaponiyada olanda orada belə yamaclarda həddən ziyadə ağac əkdiklərini görmüşəm. Betondan kvadratşəkilli tikintilər qurulur. Bu da sürüşmənin qarşısını alır". 

Yamaclara diqqət artırılmasa, sürüşmə davam edəcək...

Əmir Əliyev vurğulayıb ki, bizdə isə yamaclara o qədər də fikir verilmir, nəticədə belə təbii proseslər baş verir: 

"Həmin ərazilərdə ağaclar əkilməli, meşə salınmalıdır. Yağan yağıntıların da qarşısını almaq üçün arxlar tikilməlidir ki, su bir yerə yığılmasın. Ondan sonra bəlkə qarşısını almaq olar". 

İqlim dəyişir: gələcəkdə yağıntılar daha da arta bilər

O, gələcəkdə də bu kimi halların çoxalacağını deyib:

"Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri, El-Nino hadisəsi, Sakit okeanda baş verən proseslər nəticəsində atmosferə çox miqdarda yağıntılar daxil olur. Nəticədə dünyada da yağıntılar artır. Son illərdə temperatur dəyişiklikləri göstərir ki, gələcəkdə də yağıntılar çox olacaq və belə risklərə hazır olmalıyıq".

Fəridə, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin