42 yaşlı şikayətçi, 4 uşaq atası Xəyal Əsədov Musavat.com-un redaksiyasına müraciət edərək deputat Fəzail İbrahimli ilə bağlı yaşadığı iddia olunan hadisədən danışıb.
X.Əsədovun sözlərinə görə, avqustun 3-də Yeni Yasamalda işlətdiyi meyvə-tərəvəz dükanına gələn deputata qarpız satarkən aralarında narazılıq yaranıb. Deputatın "məni tanıyırsan?" sualına xəbərsiz olduğunu deyən satıcı heç bir kobudluq etmədiyini bildirsə də, qarşı tərəf polisə müraciət edib. Şikayətçi hadisədən sonra işini itirdiyini, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, “Yeni Sabah” məsələ ilə bağlı deputat Fəzail İbrahimli ilə bağlı əlaqə saxlayıb və hadisənin əsas mahiyyətini öyrənib.
Deputat bildirib ki, Bir qarpıza görə insanı polisə şikayət etmək ağlasığmazdır:
"Bu xəbəri bəzi tərəflər həqiqəti bilmədən məsələni qərəzli şəkildə tirajladılar. Guya mən bir qarpıza görə polisə şikayət etmişəm. Deputat kimi hər zaman seçicilərin qayğısına qalmışam, polisdən də kiməsə güzəşt olunmasını xahiş edə bilərəm. Bir qarpıza görə insanı polisə şikayət etmək ağlasığmazdır.
Mən alış-verişimi özüm edirəm. Qarpız alanda ikisi ağ çıxdı, üçüncünü kəsməyə qoymadım. İmtina etmək istəyəndə, satıcıya ziyan dəyməsin deyə ağ qarpızların da pulunu vermək niyyətində idim. Lakin o, birdən-birə tərbiyəsizcəsinə üstümə gəldi, əlində bıçaq çənəmin altında yelləyərək məni təhdid etməyə başladı. Başa düşdüm ki, bu adam normal halda deyil, nəyinsə təsiri altındadır və cəmiyyət üçün təhlükəlidir.
Özümə görə yox, ətrafdakı insanların təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Polis operativ reaksiya verdi. Məqsədim onu işsiz qoymaq yox, zərərsizləşdirmək və tərbiyələndirmək idi. Özünün dediyinə görə, 50 manat cərimə olunub. Deməli, təqsiri var idi ki, cərimələndi”.
F. İbrahimli əlavə edib ki, ittihamı səsləndirən şəxs köşkün sahibi yox, sadəcə satıcısı olub:
"Deputat adamı işsiz qoydu" iddiaları da yalandır. O köşkün sahibi yox, sadəcə satıcısı idi. Köşk sahibi onun bu hərəkətini və yaratdığı problemi biləndən sonra özü onu işdən çıxardı və yerinə başqa satıcı götürdü. Həmin obyekt bu gün də fəaliyyət göstərir”.
Bizim.Media
































































































