Övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənilir? – Rəsmi CAVAB

Hazırda oxunan: Övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənilir? – Rəsmi CAVAB

634033

Ötən il Azərbaycanda valideyn himayəsindən məhrum 149 uşaq övladlığa götürülüb.

Bizim.Media Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” məcmuəsinə əsasən xəbər verir ki, onların 71-i qız olub.

Yaş qruplarına görə, övladlığa götürülən uşaqların 15-i 1 yaşadək, 80-i 1-5 yaşda, 36-sı 6-10 yaşda, 18-i isə 11-17 yaşda olub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 84-ü qız olmaqla 165 uşaq övladlığa götürülüb. Həmin il övladlığa götürülən uşaqların 26-sı 1 yaşadək, 86-sı 1-5 yaşda, 31-i 6-10 yaşda, 22-si isə 11-17 yaşda olub.

Beləliklə, bir il ərzində övladlığa götürülən uşaqların sayı 16 nəfər azalıb. Hər iki ildə ən çox övladlığa götürülən uşaqlar 1-5 yaş qrupunda olanlardır.

Bəs uşaq ailəyə verildikdən sonra onun sonrakı taleyi necə izlənilir? Uşağın övladlığa verildiyi ailədə hər hansı problem yaranarsa, bununla bağlı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya deprtamentinin müdir müavini Sərvər Abdullayev Bizim.Media-ya bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
 

Məlumata görə, övladlığa verilən uşağın ailədəki vəziyyəti 18 yaşınadək mütəmadi olaraq monitorinq olunur. Belə ki, övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə uşağın ailə mühitinə uyğunlaşması, əqli, fiziki və psixoloji inkişaf səviyyəsi qiymətləndirilir.


Bildirilib ki, övladlığa götürülmüş uşaqlarla bağlı aparılan monitorinqlər zamanı uşaqla ailə arasındakı münasibətlər, mümkün risk amilləri qiymətləndirilir. Risk halı aşkar edildikdə ailəyə müvafiq dəstək tədbirləri təklif olunur. Bu tədbirlər nəticə vermədikdə və ya uşağın təhlükəsizliyi üçün real risk müəyyən edildikdə övladlığagötürmənin ləğvi məsələsinə baxılır.

Övladlığagötürmənin ləğvi yalnız məhkəmə qərarı əsasında həyata keçirilir.

Qeyd edək ki, övladlığa götürülməsi barədə qərarı ləğv edilmiş, yəni ailəyə verildikdən sonra geri qaytarılan uşaqların sayı ötən ildə 5-i qız olmaqla 6 nəfər təşkil edib. Onlardan 1-i 2019-cu ildən sonra, 5-i isə 2019-cu ildən əvvəl övladlığa verilmiş uşaqlardır. 2024-cü ildə isə övladlığa götürülməsi barədə qərarı ləğv edilmiş 1 qız uşağı qeydə alınıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin