Son zamanlar inkişaf etmiş ölkələrdə “ikinci əl” mallara maraq artıb. Hazırda həm Avropada, həm Amerikada əhalinin böyük hissəsi zəruri ehtiyaclarını “ikinci əl” mallarla ödəyirlər.
Məsələn amerikalıların düşüncəsinə görə yeni avtomobil almaq iqtisadi itkidir. Çünki salondan çıxan kimi avtomobil ən azı 15-20 faiz dəyər itirir. Pulunun qədrini bilən adamın da bir gündə 5-10 min manat itirməsi məntiqli görünmür.
Geyimdə də bu cür yanaşma var.
Gündəlik həyatda, gəzintidə yeni paltar alıb geyinmək məntiqsizdir. Ancaq əlamətdar günlərdə, daha yaraşıqlı görünmək üçün bir qədər xərcə düşmək olar.
Bu və digər səbəblərdən inkişaf etmiş ölkələrdə geyim üçün insanlar əsasən “ikinci əl” mağazalara üz tuturlar. Azərbaycanda isə vəziyyət fərqlidir. Əksəriyyət ikinci əl geyim almağı statusuna yaraşdırmır. Ucuz, keyfiyyətsiz olsa belə, birinci əl geyim almağı üstün tutur.
Səbəb nədir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən marketoloq Elxan Mərdanlı qeyd edib ki, Avropada “ikinci əl” geyim bazarının inkişafı təkcə iqtisadi amillərlə deyil, həm də istehlak mədəniyyətinin dəyişməsi ilə bağlıdır:
“İnsanlar artıq geyimin yeni olmasından daha çox onun keyfiyyətinə və əldə etdikləri dəyərə önəm verirlər. Burada bir məqamı da nəzərə almaq lazımdır. “İkinci əl” bazarında xüsusilə bahalı və tanınmış brendlərin geyimlərinə maraq böyükdür. Bu isə orta gəlirli insanların əvvəllər əlçatan olmayan markaları daha münasib qiymətə əldə etməsinə imkan yaradır.
Azərbaycanda isə bu bazarın geniş inkişaf etməməsini daha çox sosial və psixoloji amillərlə əlaqələndirirəm. Bizdə geyim müəyyən mənada sosial status göstəricisi kimi qəbul olunur. İnsan bahalı brendin “ikinci əl” məhsulunu almaq imkanına sahib olsa belə, başqasının istifadə etdiyi geyimi geyinməyi öz sosial statusuna uyğun görməyə, hətta bunu maddi imkanlarının zəifliyinin göstəricisi kimi qəbul etməyə bilər.
Digər tərəfdən, bazarımızda kifayət qədər ucuz yeni geyimlər mövcuddur.
Keyfiyyəti aşağı olsa belə, bəzi istehlakçılar “ikinci əl” keyfiyyətli brend geyimdənsə, yeni və ucuz məhsula üstünlük verirlər. Buna gigiyena və mümkün dəri xəstəlikləri ilə bağlı narahatlıqlar da əlavə olunur.
Düşünürəm ki, Azərbaycanda “ikinci əl” geyim bazarının inkişafına əsas maneə qiymətdən daha çox istehlakçıların düşüncə tərzi və sosial stereotiplərdir. Avropada “ikinci əl” brend geyim almaq rasional seçim kimi qəbul olunduğu halda, bizdə bəzi insanlar bunu sosial statusun aşağı düşməsi kimi qiymətləndirə bilirlər”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:00 / 13.10.2026
Qərbdə maraq göstərirlər, Azərbaycanda yuxarıdan aşağı baxırlar
Hazırda oxunan: Qərbdə maraq göstərirlər, Azərbaycanda yuxarıdan aşağı baxırlar
Hazırda oxunan: Qərbdə maraq göstərirlər, Azərbaycanda yuxarıdan aşağı baxırlar
641904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































