Yay mövsümü gəldikdə müalicəyə ehtiyacı olan insanlar arasında belə bir narahatlıq yaranır ki, isti havalarda ziyanlıdır: sağalmaq əvəzinə problem daha da dərinləşə bilər. Yayda kompleks müalicənin orqanizmə zərər verməsi kimi fikirlərə tez-tez rast gəlsək də əslində bunun tibbi, elmi əsası yoxdur. Sadəcə yay aylarında bəzi müalicələr əlavə diqqət və nəzarət tələb edir. Ustəlik dərmanların saxlanmasına görə gigiyenik qaydalara əməl etmək lazım gəlir.
Mövzu ilə əlaqədar həkim-terapevt Nazim Həsənov Bizim.Media-ya bildirdi ki, adətən müalicənin vaxtı əsasən xəstəliyin növü və kəskinləşməsinə görə müəyyən edilir.
Bununla belə, bəzi prosedurlar isti hava səbəbindən yay aylarında xüsusi ehtiyatlılıq tələb edə bilər:
“Xüsusən kosmetoloji müalicələr güclü günəş şüalarına və hava temperaturuna görə dəri zədələnməsi riski yarada bilər. Əgər təcili deyilsə, cərrahi əməliyyatlar da daha sərin havalara təxirə salınsa yaxşı olar. İsti hava tərləməni artırdığı üçün yataq vəziyyətində olan xəstənin baxımı həm çətinlik yaradır, həm də daimi uzanıqlı olduğundan, dəri problemlərinə yol açır.
Adətən, xəstələrə mümkün olduğu halda payızı gözləməyi məsləhət görürük. Lakin təcili və təxirəsalınmaz xəstəliklər, eləcə də əməliyyatlarda fəsli gözləmək düzgün deyil, müalicə qaçılmazdır. Bundan başqa bəzi xroniki xəstəliklər də var ki, onların da konkret müalicə zamanı olur, müdaxilə olunmasa kəskinləşə bilər”.
Həkim əlavə etdi ki, bəzi dərmanlar, məsələn antibiotiklər və ya dəri xəstəlikləri üçün istifadə olunan preparatlar günəşə həssaslığı artıra bilər. Buna görə də təcili müalicələr zamanı həkimin tövsiyələrinə əməl etmək, kifayət qədər maye qəbul etmək lazımdır.
Şəfiqə Şəfa, Bizim.Media

































































































