Repetitorluğun qadağan edildiyi ÖLKƏLƏR – ARAŞDIRMA

Hazırda oxunan: Repetitorluğun qadağan edildiyi ÖLKƏLƏR – ARAŞDIRMA

622903

Son illər müəllimlərin repetitorluq fəaliyyəti Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı bəzi xarici media agentliklərində fikir bildirən bir qrup mütəxəssis hesab edir ki, əlavə dərslər zəif nəticə göstərən şagirdlərə dəstək olur, imtahanlara hazırlığı gücləndirir və təhsilin keyfiyyətini artırır. Digərləri isə repetitorluğun sinif daxilində bilik bərabərsizliyi yaratdığını, maddi imkanı olan şagirdlərə üstünlük qazandırdığını və bəzi hallarda məktəbin təhsildə rolunu zəiflətdiyini vurğulayırlar.

BBC və UNESCO-nun təhsil sahəsində apardığı beynəlxalq araşdırmalarda repetitorluq fəaliyyəti tez-tez "kölgə təhsili" (shadow education) adlandırılır. Səbəb isə bu sistemin məktəb təhsilini "kölgə" kimi izləməsidir. Məktəbdə tədris olunan proqram dəyişdikcə, repetitorluğun məzmunu da buna uyğun dəyişir.

Dünyanın müxtəlif ölkələrində bu məsələyə fərqli yanaşmalar mövcuddur. Bəzi dövlətlər müəllimlərin repetitorluq fəaliyyətini tam qadağan etsə də, digərləri müəyyən məhdudiyyətlərlə kifayətlənir. Araşdırmalar göstərir ki, repetitorluqla bağlı vahid beynəlxalq model yoxdur və hər ölkə bu məsələni öz təhsil siyasətinə uyğun tənzimləyir.

Bəs müxtəlif ölkələrdə repetitorluq fəaliyyəti hansı qaydalarla tənzimlənir?

Bizim.Media mövzu ilə bağlı müxtəlif ölkələrin qanunvericiliyini, rəsmi qərarlarını və beynəlxalq araşdırmaları təqdim edir:

Hindistan

Ölkənin bir sıra ştatlarında dövlət müəllimlərinin ödənişli repetitorluğu qadağan edilib. Məsələn, Cammu və Kəşmirdə 2020-ci ildə hökumətin qəbul etdiyi qərarı Ali Məhkəmə qüvvədə saxlayaraq dövlət müəllimlərinin özəl hazırlıq mərkəzlərində və ya evdə repetitorluq etməsini qadağan edib.

Məhkəmə bildirib ki, dövlət müəllimləri hökumətdən əməkhaqqı aldıqları üçün əsas diqqəti oradakı vəzifələrinə yönəltməlidirlər. Kerala ştatında da dövlət tərəfindən maliyyələşdirilən məktəblərin müəllimlərinə ödənişli repetitorluq qadağandır və qaydanı pozanlara qarşı müəyyən tədbirlər görülür.

Çin

Çində 2021-ci ildə təsdiq edilən qərar ilə əsas məktəb fənləri üzrə repetitorluq fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Məqsəd şagirdlərin dərs yükünü və valideynlərin maliyyə xərclərini azaltmaqdır. Son illərdə hökumət sektorun fəaliyyətinə müəyyən yumşalmalar etsə də, dövlət əsas fənlər üzrə repetitorluğa nəzarəti davam etdirir və müəllimlərin bu sahədə fəaliyyətinə məhdudiyyətlər qalır.

Rumıniya

Bu Şərqi Avropa ölkəsi 2019-2020-ci tədris ili üzrə aparılan sorğuya əsasən valideynlərin 80%-i uşaqlarının özəl dərslərdən sonra əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyib. Burada müəllimlərin yalnız öz dərs keçdikləri və qiymətləndirdikləri şagirdlərə məktəbdənkənar ödənişli dərs deməsi qanunla qadağan edilib.
 

Ruminiyanın keçmiş təhsil nazirinin sözlərinə görə, valideynlərin övladlarına əlavə bilik öyrənməyi qadağan etməsi mümkün deyil amma məktəbdə qiymətləndirmənin etik çərçivədə aparılması da vacibdir. Son illərdə Təhsil Nazirliyi bu sahədə qaydaları sərtləşdirərək şəffaflığın artırılmasını və mümkün sui-istifadələrin qarşısının alınmasını hədəfləyib.


Cənubi Koreya

Repetitorluq geniş yayılsa da, dövlət məktəbi müəllimləri üçün ciddi etik məhdudiyyətlər mövcuddur. Müəllimlərin öz şagirdlərinə ödənişli repetitorluq keçməsi qadağandır və maraqlar toqquşmasına yol verən fəaliyyət intizam məsuliyyəti yarada bilər. Bu qaydalar dövlət məktəblərində qiymətləndirmənin obyektivliyini qorumaq məqsədi daşıyır.

Vyetnam

Repetitorluq uzun illər mübahisə mövzusu olub. Hazırda dövlət müəllimlərinin öz şagirdlərinə ödənişli əlavə dərs keçməsi məhdudlaşdırılır. Təhsil orqanları müəllimlərin şagirdləri repetitorluğa cəlb etməsinin və məktəb dərslərini bunun hesabına zəiflətməsinin qarşısını almağa çalışır. Son illərdə repetitorluq fəaliyyətinin qeydiyyatı və nəzarəti ilə bağlı qaydalar da yenilənib.

Birləşmiş Ərəb Əmirlikləri

Özəl repetitorluq yalnız dövlət tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində mümkündür. Son illərdə hökumət sözügedən xidmətləri lisenziyalaşdırmağa başlayıb. Qeydiyyatsız və icazəsiz repetitorluq qanun pozuntusu hesab olunur. Məqsədin isə təhsil xidmətlərinin keyfiyyətinə və şəffaflığına nəzarət etmək olduğu deyilib.

Qətər

2015-ci ildən bəri dövlət məktəblərində çalışan müəllimlərin özəl repetitorluğu ciddi şəkildə nəzarət altındadır. Onların ödənişli əlavə dərs keçməsi müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara uyğun olmalıdır. Bu yanaşma müəllimlərin əsas işlərinə mane olmamasını və Cənubi Koreya kimi maraqlar toqquşmasının qarşısını almağı hədəfləyir.

Myanma
 

Myanmada da dövlət müəllimlərinin repetitorluğuna qarşı məhdudiyyətlər mövcuddur. Bununla belə, beynəlxalq araşdırmalarda ekspertlər müəllimlərin əməkhaqqısının aşağı olması səbəbindən bu qaydaların effektivsizliyini qeyd edirlər. Onlar bildirirlər ki, məhz aşağı maaşlar repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biridir.


Misir 

Məktəbdənkənar ödənişli dərs keçmək 2016-cı il 53 nömrəli və 2018-ci il 714 nömrəli nazir qərarları ilə rəsmi şəkildə qadağan olunsa da, bu qadağa uzun illər effektiv icra olunmayıb. Təhsil Nazirliyi isə repetitorluq mərkəzlərinin bağlanması üçün kampaniyalar aparıb. Lakin sonradan bu qadağaların tətbiqində dəyişikliklər edilib və 2022-ci ildən hökumət repetitorluq mərkəzlərinin lisenziyalaşdırılması istiqamətində addımlar atmağa başlayıb. Buna görə hazırda sözügedən özəl dərslər tam qadağadan deyil amma dövlət tərəfindən nəzarət edilir.

Aparılan tədqiqatlar göstərir ki, müəllimlər, şagirdlər və valideynlər repetitorluqda geniş şəkildə iştirak edir və respondentlərin 96,7 faizi bu sistemin bir hissəsi olduğunu bildirib.

Fransa

Repetitorluq xüsusi lisenziya tələb etməyən fəaliyyət olub, ümumi əmək, vergi və sahibkarlıq qaydaları ilə tənzimlənir. Fərdi özəl dərs vermək üçün müəllim lisenziyası tələb olunmur. Repetitorlar fəaliyyətlərini mikrosahibkar və ya digər qanuni məşğulluq formalarında rəsmiləşdirərək vergi və sosial sığorta öhdəliklərini yerinə yetirirlər. Özəl təhsil müəssisələri isə Fransa Təhsil Məcəlləsinə uyğun bildiriş və dövlət nəzarəti qaydalarına tabedir.

Almaniya

Fərdi repetitorluğun sərbəst, lakin vergi və sahibkarlıq qaydalarına tabe olması, xüsusi tələblərin isə əsasən təhsil müəssisələrinə şamil edilməsi prinsipinə əsaslanır.

Rusiya
 

Dövlət məktəblərində çalışan müəllimlərin repetitorluq fəaliyyəti ümumilikdə qadağan edilmir. Lakin "Təhsil haqqında" Federal Qanuna əsasən müəllimin ödənişli repetitorluğu maraqlar toqquşmasına səbəb olmamalıdır. Məsələn, müəllimin öz şagirdlərini repetitorluğa cəlb etməsi və ya bu fəaliyyətin sinifdaxili tədrisə mənfi təsir göstərməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər.


Gürcüstan

Repetitorluq qanunidir və ayrıca xüsusi qanunla deyil, ümumi vergi və sahibkarlıq qaydaları ilə tənzimlənir. Fəaliyyət fərdi müəllim və ya müvafiq hüquqi statusla həyata keçirilir. Vergi öhdəlikləri gəlirə və seçilmiş fəaliyyət formasına görə müəyyən edilir.

Adi özəl dərs vermək üçün lisenziya tələb olunmur, yalnız rəsmi təhsil müəssisələri üçün xüsusi tələblər mövcuddur. Şagirdlə yazılı müqavilə məcburi deyil, lakin tövsiyə olunur. Onlayn repetitorluq da eyni qaydalara tabedir.

Türkiyə

Fərdi qaydada özəl dərs vermək qanunidir və ümumi vergi-sahibkarlıq qaydalarına tabedir. Lakin repetitorluq mərkəzləri və hazırlıq kursları Özəl Tədris Müəssisələri haqqında Qanun və müvafiq təhsil qaydaları ilə tənzimlənir. Son illərdə bu sahədə dəfələrlə qanunvericilik dəyişiklikləri edilib.

İran

İranda fərdi repetitorluq ümumiyyətlə mümkündür, lakin kommersiya əsaslı hazırlıq kursları və tədris mərkəzləri dövlətin, xüsusən də Təhsil Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir. Bu müəssisələrin yaradılması üçün müvafiq icazələr tələb olunur,  fərdi müəllimlər isə əsasən ümumi vergi və sahibkarlıq qaydalarına tabedirlər.

Amerika Birləşmiş Ştatları

Repetitorluq federal səviyyədə xüsusi qanunla tənzimlənmir. Özəl müəllimlik üçün adətən müəllim lisenziyası tələb edilmir; əsas tələblər biznes qeydiyyatı (ştatdan və bələdiyyədən asılı olaraq), vergi öhdəlikləri və uşaqlarla işləyən şəxslər üçün tətbiq oluna bilən təhlükəsizlik və etik qaydalardır. Dövlət məktəblərində çalışan müəllimlər üçün isə maraqlar toqquşması ilə bağlı əlavə məhdudiyyətlər var.

Qazaxıstan

Qazaxıstanın yanaşması Gürcüstan və ABŞ-dakı modelə yaxındır. Yəni fərdi repetitorluq sərbəstdir, lakin gəlir gətirdiyi üçün sahibkarlıq və vergi qanunvericiliyinə tabedir; lisenziya isə əsasən təhsil müəssisələri üçün tələb olunur.

Azərbaycan

Ölkəmizdə də repetitorluq fəaliyyəti uzun illərdir təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə ali məktəblərə qəbul imtahanlarına hazırlaşan şagirdlərin bir çoxu məktəbdənkənar dərslərdən istifadə edir. Repetitorluğun lisenziyalaşdırılması ilə bağlı müxtəlif təkliflər səslənsə də, bu istiqamətdə hər hansı qanun qəbul edilməyib.

Eyni zamanda, elm və təhsil naziri Emin Əmrullayev xüsusilə müəllimin öz şagirdinə məktəbdən sonra ödənişli dərs keçməsinin düzgün yanaşma olmadığını deyərək repetitorluğun birdən-birə deyil, mərhələli şəkildə azalacağının gözlənildiyini bildirib.

Göründüyü kimi, qeyd edilən ölkələrin əksəriyyətində məqsəd eynidir- müəllimlərin məktəbdəki əsas vəzifəsinin kölgədə qalmaması, şagirdlər üçün daha ədalətli təhsil mühiti formalaşdırılması və dövlət təhsil müəssisələrinin effektivliyini qorunması. Bununla belə, bir çox ölkələrdə müəllimlərin özəl repetitorluğu ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin