Süni intellekt çatbotlarından o qədər istifadə edirik ki, az qala su almaq seçimini də onlardan soruşuruq.
Bizim.Media xəbər verir ki, süni intellekt həyatımızı asanlaşdırsa da, bu cür seçimləri də onun öhdəsinə buraxmaq birbaşa düşüncə qabiliyyətimizin zəifləməsinə səbəb ola bilər.
Bəs insanlar süni intellekt assistentlərinə daha çox hansı sorğuları ünvanlayırlar?
AzTV-də hazırlanan süjetdə deyilir ki, bu sual ilk olaraq süni intellekt - "ChatGPT"nin özünə verilib.
- İnsanlar sənə daha çox nə ilə bağlı suallar verirlər?
Onun cavabına görə, ən çox verilən suallar bir neçə böyük kateqoriyaya bölünür: təhsil və izahlar, texnologiya və praktiki kömək, məsləhət və qərarvermə, yaradıcılıq və yazı, ümumi maraq və gündəlik suallar, həmçinin əyləncə xarakterli müraciətlər.
Qısası, insanların verdiyi suallar əsasən ya nəyisə başa düşmək, ya da nəyisə həll etmək üzərində qurulub.
Bəs insanlar necə düşünür?
Bəzi vətəndaşlar bildirirlər ki, hər hansı problem yaşadıqları zaman süni intellektdən istifadə edirlər və bu, onlar üçün daha qısa yoldur. Digərləri isə qeyd edirlər ki, gündəlik işlərdə, sənəd hazırlayanda, mövzu axtarışında, hətta yemək bişirəndə belə süni intellektdən yararlanırlar.
Digər fikrə görə isə bunun mənfi tərəfləri də var. İnsanlar özləri daha dərin araşdırmalar apara, kitabxanalardan və digər ənənəvi mənbələrdən istifadə edə bilərlər.
Mütəxəssislər hesab edirlər ki, rəqəmsal alqoritmlər gündəlik həyatımızın görünməyən bələdçisinə çevrilib. Sosial şəbəkələr bizə nə izləyəcəyimizi, nə düşünəcəyimizi, hətta bəzən nəyə reaksiya verəcəyimizi belə təklif edir. Bu platformalar rahatlıq yaratsa da, seçim yükünü azaltsa da, insanın qərarvermə refleksini zəiflədə bilər.
Psixoloqların sözlərinə görə, bəzi uşaqlar süni intellektin hər şeyi doğru bildiyini düşünürlər. Halbuki bu belə deyil. Bəzən onu insan kimi qəbul edir, onunla emosional bağ qururlar. Bu isə özünəinam, özünüdərk və özünüqiymətləndirmə hisslərinin zəifləməsinə səbəb ola bilər.
Sosial şəbəkələrdə isə vəziyyət daha mürəkkəbdir. Burada istifadəçi təkcə məlumat almır, eyni zamanda aqressiya, qorxu və diqqət çəkmək istəyi kimi emosional təsirlərə də məruz qalır.
Son günlər Türkiyədə orta məktəb şagirdinin həmyaşıdlarına və müəlliminə silahlı hücum etməsi, daha sonra isə özünü öldürməsi bu müzakirələri yenidən aktuallaşdırıb.
Mütəxəssislər hesab edirlər ki, aqressiya yayan bəzi cizgi filmləri, seriallar, internet oyunları və zərərli onlayn məzmunların uşaq və yeniyetmələrə təsiri ciddi şəkildə araşdırılmalıdır. Bu sahədə filtr mexanizmlərinin tətbiqi, aqressiya və zorakılığı təşviq edən paylaşımların əlçatanlığının azaldılması vacib sayılır.
Bizim.Media


































































































