Onlayn kreditlərdə TƏHLÜKƏ - Vətəndaşın xəbəri olmadan adına borc necə yazılır?

Hazırda oxunan: Onlayn kreditlərdə TƏHLÜKƏ - Vətəndaşın xəbəri olmadan adına borc necə yazılır?

635692

Ali Məhkəmə vətəndaşın xəbəri və razılığı olmadan onun adına rəsmiləşdirilən onlayn kreditlərlə bağlı xəbərdarlıq edib. Halbuki belə kreditlərin rəsmiləşdirilməsi zamanı elektron imza, videozəng, videoçəkiliş, üz tanınması və digər identifikasiya vasitələrindən istifadə olunur.

Bəs bütün bu yoxlamalara baxmayaraq, vətəndaşın xəbəri olmadan onun adına kredit necə rəsmiləşdirilə bilər?

Belə hallarda problem bankların təhlükəsizlik sistemindəki boşluqlardan qaynaqlanır, yoxsa məsuliyyət yalnız vətəndaşın üzərinə düşür?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov bildirir ki, belə halların yaranmasının bir neçə səbəbi ola bilər. Onun sözlərinə görə, ilk növbədə bankın onlayn kreditvermə sisteminin borcalanı düzgün eyniləşdirib-eyniləşdirmədiyi araşdırılmalıdır:

“Vətəndaş kredit almaq prosesində iştirak etməyibsə, bankın müvafiq onlayn kreditvermə sisteminin ekspertizadan keçirilməsini tələb etməlidir. Yəni sistemin borcalan vətəndaşı kifayət qədər düzgün eyniləşdirə bildiyi müəyyən edilsin.

Ola bilər ki, vətəndaşı aldadıblar. Şəxs prosesə qoşulub, amma bunun nə üçün edildiyini anlamayıb. Məsələn, dələduzlar ona zəng edib başqa bir şey deyiblər, vətəndaş da onların yönləndirməsi ilə sistemə qoşulub. Nəticədə isə əslində onun adına kredit rəsmiləşdirilib”.

Bu halda vətəndaşın vəziyyəti ağırlaşır

Ə.Həsənov qeyd edir ki, belə hallarda bank kredit müqaviləsinin imzalandığını və bunu şəxsin özünün həyata keçirdiyini əsas gətirəcək.

“Mərkəzi Bank yaxın vaxtlarda bununla bağlı qaydaları qəbul edib. Vətəndaş kredit müqaviləsi bağlayarkən onlayn kredit götürmək imkanını əvvəlcədən istisna edə bilməlidir. Yəni vətəndaş istəsə, ümumiyyətlə onun adına onlayn kredit rəsmiləşdirilməsinin qarşısını ala bilməlidir ki, sonradan problem yaranmasın.

Lakin bu, hazırda ən böyük problemlərdən biridir. Aydındır ki, banklar onlayn kreditləşmədən iş yükü azalsın, vətəndaşın banka gəlməyinə və filiallara ehtiyac olmasın deyə istifadə edirlər”, - hüquqşünas vurğulayır.

Onun fikrincə, bankların informasiya texnologiyaları və təhlükəsizlik sistemləri standartlara cavab vermir və belə dələduzluq hallarının baş verməsi də bunun göstəricisidir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin