Bakı metrosunda 15 sentyabr HAZIRLIĞI - İntervallar azaldılacaq?

Hazırda oxunan: Bakı metrosunda 15 sentyabr HAZIRLIĞI - İntervallar azaldılacaq?

635724

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Artıq ictimai nəqliyyatdakı sıxlıq özünü göstərməyə başlayıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasına görə yaxın zamanda 150 yeni avtobus istismara veriləcək. Bu, yaranacaq sıxlığın tənzimlənməsi baxımından əhəmiyyətlidir. 

Bəs Bakı Metrosunda tədris ilində yaranacaq sıxlığın tənzimlənməsi üçün hansı addımlar atılacaq?

Mövzuyla əlaqədar "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ilinin başlanması ilə sərnişin axınının artması nəzərə alınmaqla, metroda hərəkət qrafikinin formalaşdırılması zamanı sərnişin tələbatı və texniki imkanlar əsas götürülərək müvafiq tədbirlər görülür:

"Məlumdur ki, Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində gur saatlarda interval 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunelin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafikinin tərtib edilməsi nəticəsində Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb. Lakin Qırmızı xətt üzrə intervalın 1 dəqiqə azaldılması təmin edilib və hazırda bu göstərici 2 dəqiqə 30 saniyə təşkil edir". 

Açıqlamada vurğulanıb ki,  sentyabrın 15-dən sonrakı dövr üçün xətlər üzrə hərəkət intervallarının azaldılması ilə bağlı təhlillər aparılıb və mümkün tədbirlərin görülməsi imkanları araşdırılıb.
 

"Sərnişin axını və tələbat nəzərə alınmaqla, intervalların texniki imkanlar çərçivəsində azaldılması zərurəti yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək. Stansiyalarda aparılan məlumatlandırma və istiqamətləndirmə tədbirləri, eləcə də əməkdaşların, ayrılmış əlavə işçi qüvvəsinin və xüsusən könüllülərin sərnişinlərə göstərdiyi dəstək bu prosesin daha səmərəli təşkilinə kömək edir”.


Qurumun verdiyi məlumatda xüsusilə qeyd edilib ki, sərnişin tələbatı olarsa intervalların azaldılması xətlərdə qatarların sayının artırılması deməkdir.

“Bakı metropolitenində yeni tədris mövsümünün başlanması ilə əlaqədar müntəzəm monitorinqlərin sıxlığı, texniki optimallaşdırma tədbirləri və s. artacaq. Yaxın dövr üçün əsas hədəf yeni tədris mövsümünə qədər sərnişinlərin daha çox məlumatlı olması, qərarların və operativliyin təmin edilməsidir. O cümlədən stansiyalardakı mühəndis texniki qurğuların, habelə eskalatorların da iş rejimi xüsusi diqqətdə saxlanılaraq sərnişin rahatlığı üçün bütün mümkün imkanlar yaradılacaq",-deyə məlumatda vurğulanıb. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin