Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) təşkil etdiyi ardıcıl dron hücumları Rusiya daxili bazarında ciddi makroiqtisadi fəsadlar törətməyə başlayıb. Rusiyanın iri neft emalı müəssisələrinin vurulmasından sonra ölkədə benzinin orta qiyməti cəmi bir həftə ərzində dərhal 3% artıb. Bu, ən azı son iyirmi il ərzində qeydə alınan ən kəskin həftəlik qiymət artımıdır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.
Agentliyin analitikləri dəqiqləşdirir ki, 2026-cı ilin əvvəlindən bəri Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiya NEZ-lərinə ən azı 47 dəfə uğurlu hücum təşkil edib. İqtisadçılar qeyd edirlər ki, bu zərbələr Rusiya üçün artıq sadəcə lokal infrastruktur problemi deyil, getdikcə dərinləşən ciddi makroiqtisadi böhrana çevrilir. Xüsusilə Moskva neft emalı zavodu və Tatarıstandakı "TANECO" müəssisəsinin fəaliyyətini dayandırması daxili bazarda yanacaq qıtlığını pik həddə çatdırıb.
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina da yanacaq istehsalındakı bu kəskin azalmanı ölkə iqtisadiyyatı üçün yeni və çox ciddi inflyasiya riski kimi xarakterizə edib. Artıq Rusiyanın 50-dən çox regionunda yanacaq çatışmazlığı və rəsmi limitlərin tətbiqi barədə məlumatlar yayılır.
Sosial şəbəkələrdə paylaşılan video görüntülərdə isə Rusiyanın Saratov şəhərində yanacaqdoldurma məntəqələrinin (YDM) qarşısında sürücülərin uzun, kilometrlərlə uzanan növbələr yaratdığı aydın görünür. Əhali arasında yaranan panika fonunda sürücülər çənlərdən başqa əlavə qablara da yanacaq doldurmağa başlayıblar.
Bizim.Media





































































































