“Bu ilin son səkkiz ayı ərzində konteynerlərin tranziti 57 faiz artıb. Ümumilikdə isə son üç ildə Çindən Orta Dəhliz vasitəsilə daşımaların həcmi 38 dəfə artıb”.
Bizim.Media xəbər verir ki, bunu “Kazakhstan Temir Zholy”nin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində deyib.
O bildirib ki, yüklərin yarısı Çinin böyük şəhərlərindən mənbəyini götürür və həmin şəhərlər Orta Dəhlizdən istifadə edərək yüklərini göndərirlər.
“Çin böyük kommersiya mərkəzidir, bu dəhliz də Çinə inteqrasiya olunur”.
Yerlan Koyşibayev qeyd edib ki, qarşıda duran məqsədlərdən biri dəhlizi daha da sürətləndirməklə yanaşı, səmərəliliyi təmin etməkdir.
“Azərbaycan və Gürcüstanla birlikdə ümumi ortaq yol xəritəsi tərtib etmişik. Beləliklə, biz çatdırılma müddətini azaldacağıq. Bu gün Çindən Orta Dəhlizlə çatdırılma 13 günə başa gəlir. Biz bunu 7-12 günə qədər azaltmağı planlaşdırırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Çin və Gürcüstan dəmir yolları tərəfindən artıq “vahid pəncərə” operatoru təsis edilib. Bu operator Orta Dəhliz boyunca yüklərin gediş-gəlişini tənzimləyəcək və şəffaf qaydada fəaliyyət göstərəcək.
"Xəzər dənizində suyun səviyyəsi aşağı düşür. Aktau limanında dərinliyi 4,5 metrdən 8 metrə çatdırmağa çalışırıq. Prosesin dekabr ayında başa çatması gözlənilir", - o əlavə edib.
Fəridə, Bizim.Media



































































































