Khalid Khalafalla: “Azərbaycanın Orta Dəhlizin mərkəzinə çevrilməsinə dəstək olacağıq” – EKSKLÜZİV

Hazırda oxunan: Khalid Khalafalla: “Azərbaycanın Orta Dəhlizin mərkəzinə çevrilməsinə dəstək olacağıq” – EKSKLÜZİV

638685

“İslam İnkişaf Bankı Azərbaycan şirkətlərinin regionda investisiya imkanlarının genişləndirilməsinə dəstək göstərəcək”.

Bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində Bizim.Media-ya açıqlamasında İslam İnkişaf Bankının İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru Dr. Khalid Khalafalla deyib. 

O bildirib ki, İslam İnkişaf Bankı Qrupunun Azərbaycan İnvestisiya Forumunda iştirakı illik görüşlərin davamıdır:

“Burada əsas mövzular Azərbaycanın Orta Dəhlizin iqtisadi inteqrasiya, investisiyaların cəlb edilməsi, regionla və İslam İnkişaf Bankı Qrupunun digər üzv ölkələri ilə əlaqələndirilməsi baxımından mühüm mərkəzə çevrilməsidir”.
 

Onun sözlərinə görə, İslam İnkişaf Bankı Qrupunun maliyyələşdirmə, sığorta, kredit təminatlarının gücləndirilməsi, özəl sektorun layihə və ticarət maliyyələşdirilməsi istiqamətində xidmətləri Azərbaycanda investisiya qoymaq istəyən investorlar və regionda investisiya imkanlarını genişləndirmək istəyən Azərbaycan şirkətləri üçün əlçatan olacaq.


“Bu görüşlərin ötən ildəkindən daha məhsuldar nəticələr verəcəyinə ümid edirik. Azərbaycanın Orta Dəhlizdə mühüm mərkəzə çevrilməsi və genişlənmə ilə bağlı planlarına dəstək olmaq üçün daha çox imkanların olacağını gözləyirik”, - deyə o əlavə edib.

İslam İnkişaf Bankı Qrupunun nümayəndəsi əvvəlki illik görüşlər zamanı imzalanmış sənədlərə də toxunub. O bildirib ki, özəl sektor istiqamətində İslam İnkişaf Bankının özəl maliyyələşdirmə qolu olan ICDB Azərbaycandakı yerli banklarla maliyyələşdirmə xəttinin dəstəklənməsi ilə bağlı müddət vərəqələri imzalayıb.

“Bu proses çox yaxşı irəliləyir. Daha önəmlisi isə iki çərçivə sazişi, memorandum imzalamışıq. Onlardan biri SOCAR ilə idi. SOCAR ilə, xüsusilə yaşıl və enerji keçidi istiqamətində əməliyyatların həyata keçirilməsi üçün sıx əməkdaşlıq etmək istəyirik”, - deyə o bildirib.

Nümayəndənin sözlərinə görə, digər memorandum Türk İnvestisiya Fondu ilə imzalanıb. Sənəd investisiya və özəl sektor planlarının dəstəklənməsini nəzərdə tutur.

“Bu məsələləri də yaxından izləməyə davam edəcəyik. Mənim yenidən burada olmağım həmin razılaşmalara ciddi yanaşdığımızın göstəricisidir. Bu razılaşmaların real əməliyyatlara və real imkanlara çevrilməsini təmin etməliyik. Məqsəd Azərbaycanın Orta Dəhliz üçün mərkəzə çevrilməsi ilə bağlı planlarına dəstək olmaqdır”, - deyə vurğulayıb. 

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin