Suraxanı Tibb Mərkəzində endokrinoloq qəbulunda uzun növbələrin yaranması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub.
Pasiyentlərin sözlərinə görə, tibb mərkəzində yalnız bir endokrinoloqun fəaliyyət göstərməsi səbəbindən şəkərli diabet, qalxanabənzər vəz və digər hormonal pozuntuları olan şəxslər saatlarla növbə gözləməli olurlar. Xüsusilə də yaşlı və şəkərli diabetdən əziyyət çəkən insanların saatlarla ayaq üstə qaldığı, axşam saatlarına qədər həkim qəbuluna düşə bilmədiyi bildirilir.
Qeyd olunur ki, bu hal hər gün insanlar arasında “növbəyə keçmək” uğrunda mübahisələr yaradır, stress və gərginliyi daha da artırır.
İddialara görə, pasiyentlər uzun növbədən sonra həkim qəbuluna düşsələr belə, icbari tibbi sığorta çərçivəsində müəyyən edilmiş limitin dolması ilə qarşılaşır və nəticədə müayinədən yararlana bilmirlər. Həkimə müraciət etmək üçün səhər saatlarından növbə gözləyən və uzun müddət vaxt sərf edən vətəndaş, limitin dolması səbəbindən qəbuldan kənarda qalır. Nəticədə ona növbəti gün yenidən tibb müəssisəsinə gəlmək, növbə tutmaq və həkim qəbuluna yazılmağa çalışmaq məsləhət görülür.
Lakin növbəti gün pasiyentin eyni mənzərə ilə qarşılaşdığı bildirilir. Yenidən uzun növbə yaranır, müraciət edənlərin sayı çox olur və müəyyən edilmiş qəbul limiti qısa müddətdə dolur. Beləliklə, pasiyent bir neçə gün ardıcıl olaraq eyni proseduru təkrarlamaq məcburiyyətində qalır, lakin buna baxmayaraq həkim qəbuluna düşə və tibbi xidmət ala bilmir.
Maraqlıdır, Suraxanı Tibb Mərkəzində niyə yalnız bir endokrinoloq fəaliyyət göstərir?
Bizim.Media məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. TƏBİB-dən bildirildi ki, Suraxanı Tibb Mərkəzində çalışan iki həkim-endokrinoloqdan biri 26 avqust 2026-cı il tarixində öz ərizəsi əsasında işdən ayrılıb. Qeyd edilib ki, xidmətin davamlılığı ilə bağlı müvafiq tədbirlər görülür.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 25.09.2026
“Günlərdir növbədəyik, həkimə düşə bilmirik” – Suraxanı Tibb Mərkəzində niyə endokrinoloq TAPILMIR?
Hazırda oxunan: “Günlərdir növbədəyik, həkimə düşə bilmirik” – Suraxanı Tibb Mərkəzində niyə endokrinoloq TAPILMIR?
Hazırda oxunan: “Günlərdir növbədəyik, həkimə düşə bilmirik” – Suraxanı Tibb Mərkəzində niyə endokrinoloq TAPILMIR?
638699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































