Aqrar sahədə YENİLİK – Məhsul şəhadətnaməsi tətbiq olunacaq – DETALLAR

Hazırda oxunan: Aqrar sahədə YENİLİK – Məhsul şəhadətnaməsi tətbiq olunacaq – DETALLAR

637338

Azərbaycanda aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsi tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb.
 

Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.


 İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatları və təchizatçılara təklif edirlər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur.
 
Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.
 
Maliyyə məhsul şəhadətnaməsində bir qayda olaraq maliyyə təşkilatları (bank, BOKT) maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun satışından əldə ediləcək vəsaitin fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) ödənilməsi öhdəliyini ehtiva edir.
 

Əmtəə məhsul şəhadətnaməsində bir qayda olaraq tədarükçülər maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) verilməsi öhdəliyini ehtiva edir.


 Hər iki növ məhsul şəhadətnaməsinin tətbiqinin müsbət cəhətləri aşağıdakılardır:
 
-fermer zəruri vəsaiti istehsal prosesindən əvvəl əldə edərək istifadə edir;

-tədarükçülər əldə edəcəkləri məhsul barədə əvvəlcədən təminat aldığından bazar münasibətlərində daha çevik iştirak edə bilirlər;

-maliyyə təşkilatları aqrar sahə üzrə yeni və icrası daha çevik maliyyə aləti əldə edirlər;
 
-müqavilələrdən fərqli olaraq məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrasının pozulması halında çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə tutma proseduru müəyyən edilir. Layihəyə əsasən məhsul şəhadətnaməsi özü icra sənədi kimi çıxış edir və icra sənədi daxil olduğu gündən etibarən dərhal icraya yönəldilir;
 
-məhsul şəhadətnamələrinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə buraxılması onların tərtibi və təsdiqi (notarial) üzrə xərcləri aradan qaldırır, habelə elektron sistem vasitəsilə izlənə bilməsi onlara olan etibarı artırır;
 
-məhsul şəhadətnaməsinin sahibinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və ilkin emalında monitorinq hüququna əsasən məhsul şəhadətnaməsinin sahibi istehsal və ilkin emal prosesini nəzarətdə saxlayır və prosesin şəhadətnamədə elan olunan qaydada aparılmasına nəzarət edir. Bu isə tələb edilən keyfiyyətdə məhsulun əldə edilməsinin qarantiyaya alınmasına və onun növbəti realizəsinin rahat həyata keçirilməsinə şərait yaratmaqla “tarladan süfrəyə” prinsipinin həyata keçirilməsini asanlaşdırır.
 

Qanun layihəsinin qəbulu kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.


 Layihəyə əsasən, qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin