Son günlər Şabran rayonunun Gəndab kənd inzibati ərazi dairəsinin Leyti kəndində qədim qəbiristanlıqlarda aparılan qazıntı işləri barədə müzakirələr səngimir. Kənd sakinləri həmin qəbiristanlıqların həm də qədim ziyarətgahlar olduğunu bildirirlər.
Sakinlərin sözlərinə görə, sentyabrın 3-də kənddə yerləşən Pir Şəmsəddin baba ziyarətgahında, sentyabrın 13-də isə Xəlfə baba ziyarətgahında naməlum şəxslər tərəfindən qazıntı aparılıb.
Bu məsələlərlə bağlı fəallığı ilə seçilən Leyti kəndinin sakini, Nüsrəddin Abdullayev Bizim.Media-ya bildirib ki, qazılan qəbirlərdən birinin VII əsrdə yaşamış görkəmli din xadimi Şeyx Şəmsəddinə aid olduğu deyilir.
Onun sözlərinə görə, sakinlərin köməkliyi ilə qazıntı aparılan qəbirlər bərpa edilib. Lakin hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi kənd sakinlərini ciddi narahat edir.
Nüsrəddin Abdullayev hadisəni vandalizm kimi qiymətləndirib. O qeyd edib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin regional idarəsi Şabran rayonunda yerləşir və həmin qurumun əməkdaşlarının əraziyə baxış keçirməsi, ziyarətgahların vəziyyətini araşdırması və onların qeydiyyata alınması vacibdir.
Məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə baxış keçirib və hadisə ilə bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin mətbuat katibi Fariz Hüseynli sorğumuza cavab olaraq bildirib ki, sözügedən ərazi Şabran rayonu üzrə dövlət qeydiyyatında olan tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil.
Onun sözlərinə görə, Xidmətin əməkdaşları əraziyə baxış keçirib və burada müasir dövrə aid qəbir daşlarının mövcud olduğu müəyyən edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu































































































