Qızına ayda 350 minlik məktəb, özünə 900 minlik otel – Slutski barədə yeni ARAŞDIRMA

Hazırda oxunan: Qızına ayda 350 minlik məktəb, özünə 900 minlik otel – Slutski barədə yeni ARAŞDIRMA

637311

Rusiyada ultra-millətçi Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Leonid Slutskinin və ailəsinin bahalı həyat tərzi ilə bağlı yeni məlumatlar yayılıb. Araşdırma müəlliflərinin iddiasına görə, siyasətçinin bəzi səfər və otel xərcləri partiyanın vəsaitləri hesabına ödənilib.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, Slutski RLDP-in rəhbəri olduqdan sonra qızının Moskva vilayətinin Jukovka kəndində yerləşən elit “Prezident” məktəbində fərdi proqramla təhsilini təşkil edib.

Belə təhsilin aylıq qiymətinin 350 min rubl olduğu bildirilir.

Araşdırma müəllifləri iddia edirlər ki, fərdi proqramın seçilməsinin səbəblərindən biri Slutskinin qızının tez-tez xaricə səfər etməsi olub. Mənbə onun Egey dənizi sahillərinə və İtaliyadakı Komo gölünə səfərlərini xüsusi qeyd edir.

Lakin araşdırmaya görə, qızının təhsilinə çəkilən xərc Slutskinin özünün premium otellərdə qalmasına sərf edilən məbləğlərin yanında xeyli aşağıdır.

Məsələn, siyasətçinin Sankt-Peterburqa səfərləri zamanı məşhur “Grand Hotel Europe”un prezident apartamentində qaldığı iddia olunur. Belə nömrənin qiymətinin sutkada 900 min rubl olduğu bildirilir.

Mənbələr Slutskinin xarici səfərlərinin də böyük xərclərlə müşayiət olunduğunu yazırlar.

Araşdırmada nümunə kimi onun 2022-ci ilin iyununda İstanbula səfəri göstərilir.

İddiaya görə, həmin səfər zamanı Slutskinin oteldə bir sutkalıq qalması 8 min avroya başa gəlib. Bu məbləğə onun böyük qızı İrina üçün ayrılmış ayrıca nömrənin qiymətinin daxil olmadığı bildirilir.

Araşdırma müəllifləri Slutskinin bu səfərlərinin yüksək xərclərinə baxmayaraq, onların konkret nəticələrinin aydın olmadığını iddia edirlər.

Araşdırmaçılar Slutskinin özünü vergi ödəyicilərinin hüquqlarının müdafiəçisi kimi təqdim etməsi ilə müqayisə edərək siyasətçinin ictimai ritorikası ilə ailəsinin həyat tərzi arasında ziddiyyət olduğunu irəli sürürlər.

Slutski və rəhbərlik etdiyi RLDP son illərdə sərt millətçi və anti-miqrant ritorikası ilə seçilir, partiya hətta özünü Dövlət Dumasındakı “əsas anti-miqrant səs” kimi təqdim edir. Lakin bu ritorikanın fonunda Slutskinin özünün və ailəsinin dəbdəbəli həyatı barədə ard-arda araşdırmalar yayımlanır: xaricdə bahalı əmlak, sutkası yüz minlərlə rubla başa gələn otellər, övladlarının elit təhsili və Avropa səfərləri. Belə mənzərə RLDP-nin “sadə rusiyalıların müdafiəsi” üzərində qurduğu millətçi ritorikanın arxasında partiya rəhbərliyinin tamam başqa həyat yaşadığı barədə suallar doğurur. (Musavat.com)

Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin