“Elə bilirdim ki, kino çoxdan onların yadından çıxıb, bu, gedənin arxasınca danışmaq deyil...”

Hazırda oxunan: “Elə bilirdim ki, kino çoxdan onların yadından çıxıb, bu, gedənin arxasınca danışmaq deyil...”

627809
“Düşünürəm ki, kino forumu ölkəmizə, ən əsası da kino sahəsinə böyük töhfələr verəcək. Uzun illərdir bizi yığıb, soruşmurdular ki, sizin dərdiniz nədir? Bu gedənin arxasınca danışmaq deyil. İllərdir kino sahəmiz çətinlik çəkir. Böyük problemlərimiz var, amma yığışıb müzakirə etmirdik. Sağ olsun cənab nazirimiz Anar Kərimli. Düzdür, bu görüşün, toplaşmağın əsası cənab prezidentimiz tərəfindən qoyulub. O bir dəfə sənətkarları yığıb, onların problemlərini eşitdi, müəyyən tədbirlər gördü. Mənə elə gəlirdi ki, Mədəniyyət Naziri Azərbaycan kinosunu unudub. Bu gün içimdə bir inam yarandı ki, deyəsən gələcəyimiz var. Böyük nikbinlik hissi ilə deyə bilərəm ki, bu məsələlərimiz həll olunacaq. Azərbaycan tamaşaçılarını sevindirə biləcək yaxşı filmlər çəkəcəyik”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.
“Cənab nazirə bir neçə təklif etdim. İlk problemin mütəxəssis çatışmazlığı olmasını onun nəzərinə çatdırdım. Sovetlər birliyinin bir sistemi var idi, bu dağıldı, yeni bir sistem düşünülmədi. 6 il heç bir film çəkilmədi. Zəncirin ucunu itirdik. Nəsillərin əlaqəsi kəsildi. Əvvəllər debüt var idi. 5-6 istedadlı insana film çəkməyi tapşırardılar, hansı yaxşı çəkərdisə, ona daha sonra böyük film verərdilər. Bunu bərpa etməyin əsaslığını bildirdim. Bir də cənab nazirdən 2-3 istedadlı gənci xaricə təhsil arxasınca göndərməsini xahiş etdim. Çünki rejissorlarımız aktyor, aktrisanı düzəldə bilərlər, əsas rejissor, ssenarist, kino prodüsseri yetişməlidir. Hamımız bilirik ki, artıq bir neçə aydır Kino agentliyinin yaradılacağı ilə bağlı söz-söhbətlər dolaşır. Nazirdən onu da xahiş etdim ki, ora Azərbaycanı sevən, kinonun halına yanan insanı rəhbər qoysun” deyə sənətkar bildirib.
 
Xalq artisti arzularından da danışdı.
 
“Vaxtilə cavan rollar oynamışam. Bu gün 18-20 yaşında oğlan obrazları oynaya bilmərəm. Arzulayıram ki, yaşıma uyğun ssenarilər yazılsın, yaxşı rollar olsun ki, oynayım. Nə qədər ki, sağam, həyatdayam oynamaq istəyirəm. Tamaşaçılarımı sevindirmək istəyirəm, istəmirəm ki, onlar intizarda qalsınlar. Dərin psixoloji əsərdə bir maraqlı obraz yaratmaq istərdim” deyə xalq artisti bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin